Siyasət

  • 3 379

"Paşinyanın son fikirləri populizmdir" AÇIQLAMA-ÖZƏL

image

“Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ probleminin həlli Azərbaycan xalqını da qane etməlidir” fikirlərinin heç bir mənası yoxdur. Əgər belə bəyanatdan sonra cəbhə xəttində, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan atəş açılmaqla atəşkəs rejimi pozulursa, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulursa, əsgərimiz yaralanırsa, erməni təxribatı davam edirsə, o zaman Paşinyanın bəyanatının heç bir qiyməti yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.O bildirib ki, indiyə qədər Paşinyan tərəfindən kifayət qədər populist bəyanatlar, erməni əhalisinin maraqlarına xidmət edən ritorik fikirlər səsləndirilib: “Paşinyan bu bəyanatlar, populist fikirlər, yağlı vədlər əsasında hakimiyyətə gəlib. Lakin hazırda verdiyi vədlərin heç birini yerinə yetirə bilmir. Bundan başqa, görünür ki, Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də digər şəxslərlə görüşlər zamanı dünyanın aparıcı ölkələrinin münaqişənin həllinə dair prinsipial mövqeyini eşidib. Bundan sonra anlayıb ki, azərbaycana qarşı hansısa formada jest edilməlidir. Lakin bu, heç də o demək deyil ki, səsləndirilən fikirlərin praktiki nəticələri olacaq”.F. Sadıqov söyləyib ki, Ermənstanın baş naziri səsləndirdiyi bəyanatlarla özünü zərbə altına saldığının da fərqindədir: “Yəni, onun mövqeyi ikili yanaşmadır. O, bir tərəfdən erməni cəmiyyətinə dəstək verir, Azərbaycanla heç zaman barışmayacağını, Dağlıq Qarabağ separatçılarının münaqişənin həllinə dair danışıqlarda iştirakının vacibliyini dilə gətirir. Bununla erməniləri sakitləşdirir. İndi isə guya Azərbaycana jest edirmiş kimi bəyanatlar səsləndirir. Bu baxımdan onun səsləndirdiyi fikirlər populizmdən, ritorikadan başqa bir şey deyil”.Məlumat üçün nəzərinizə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə “Azadlıq” radiosunun erməni xidmətinə geniş müsahibə verərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların konkret nəticələrə gətirməsi üzərində işlənildiyini açıqlayıb. O bildirib ki, kimsə Azərbaycan üçün qənaətbəxş həllin Ermənistan üçün yolverilməz olacağını düşünürsə, o, nə Ermənistan xalqını, nə də ümumilikdə erməni xalqını tanımır.

sia.az

Digər xəbərlər