Əli Əhmədov: Yeni Azərbaycan Partiyası olaraq fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk

“Mətbuat bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycan cəmiyyətində söz, fikir, ideya azadlığının həyata keçirilməsində əhəmiyyətli rol oynayan vasitələrdən biridir”. Bu fikri Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, müasir həyatı mətbuatsız, informasiyasız təsəvvür etmək mümkün deyil. Cəmiyyət inkişaf etdikcə, müasirləşdikcə informasiyanın və informasiyanı insanlara çatdıranların rolu və əhəmiyyəti getdikcə artır. Bu mənada mətbuatın cəmiyyətdə müsbət rolu həmişə qiymətləndirlir. Onun sözlərinə görə, müasir Azərbaycan cəmiyyəti də söz və mətbuat azadlığını daim həyata keçirmək üçün imkan və şərait yaradan cəmiyyət olaraq mətbuatın rolunu yüksək qiymətləndirir.
Azərbaycanda çoxlu sayda KİV-in mövcud olduğunu deyən Əli Əhmədovun sözlərinə görə, onlar cəmiyyətimizin, insanların informasiya ilə təmin olunmasında vacib rol oynayırlar. Eyni zamanda, yeni çağırışların nümunəsi olan sosial şəbəkələr də çox vacib informasiya vasitəsi funkisiyasını yerinə yetirirlər. Beləliklə, söz və mətbuat azadlığı yeni texnologiyaların meydana gəlməsi ilə əlaqədar olaraq daha da genişlənib.
Bu gün hər bir insan sosial şəbəkələr vasitəsilə informasiya ötürücüsü funksiyasını yerinə yetirə bilir. Bütün bunlarla yanaşı sosial şəbəkələrdə qeyri-obyektiv, həqiqətdən uzaq olan, yalan məlumatların da yayıldığını deyən Baş nazirin müavini söyləyib ki, bu tipli informasiyalar insanlarda narahatlıq yaradır. Onun sözlərinə görə, dünya ölkələrində də belə xoşagəlməz hallar var və bunun həlli yolları axtarılır.
Azərbaycanın dinamil inkişaf etdiyini, əhalinin rifahının daha da yüksəldilməsi üçün dövlət tərəfindən lazımi addımların atıldığını deyən Əli Əhmədov bu ilin əvvəlindən sosial sahədə aparılan islahatları xatırladıb.
Əli Əhmədov qeyd edib ki, ölkə mətbuatı bu prosesləri düzgün təhlil edir və milli maraqlarımızın müdafiəsi mövqeyindən çıxış edir. Bu da çox mühüm amildir. Eyni zamanda, mətbuat ölkəmizin nüfuzuna kölgə salmaq istəyən dairələrin ifşası və onların əsl niyyətinin cəmiyyətimizə çatdırılmasında öz işini daha da gücləndirməlidir.
«Biz YAP olaraq öz fəaliyyətimizdə mətbuatla əməkdaşlığa böyük əhəmiyyət veririk. Bizim fəaliyyətimiz mətbuatsız mümkün deyil və mətbuatla əməkdaşlıqdan məmnunuq»-deyən, YAP Sədrinin müavini bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini bildirib.

yap.org.az