Dünyanın diqqəti yenidən Bakıdadır

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına start verildi

Avropanın, eləcə də, dünyanın diqqəti yenidən Azərbaycanda - paytaxt Bakıdadır. Mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. Gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədi daşıyan Avropa Gənclər Festivalı 14-18 yaş arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir. Birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. 2019-cu ildə isə, paytaxt Bakının bu yarışlara ev sahibliyi etməsi həvalə olunub.

YARIŞ “ZİRVƏLƏRƏ HAZIRIQ” DEVİZİ ALTINDA KEÇİRİLİR

“Baku Crystal Hall”da keçirilən yarışın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva iştirakı ediblər. “Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının loqosu olduqca maraqlıdır. “Leo Burnett” brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi loqo dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda, gələn il baş tutacaq idman yarışının bundan əvvəlkilərlə müqayisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində “Bax və hiss et!” şüarını nümayiş etdirməkdir. Bakının irs və mədəniyyətini - od və qədim Azərbaycan naxışı olan butanı, birlik və dostluq konsepsiyalarını özündə ehtiva edən loqo, eyni zamanda, Azərbaycan paytaxtının möhtəşəm müasir memarlıq nümunələrini - Alov Qüllələri və Heydər Əliyev Mərkəzini də təsvir edir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir. Bu loqo Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, Avropa Olimpiya Hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idman mübarizəsini əks etdirir.

“Bakı-2019”un rəsmi talismanları isə Cırtdan və Bəbirdir. Maraqlı obraz olan Cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir.

İDMANÇILAR 135 DƏST MEDAL UĞRUNDA GÜCLƏRİNİ SINAYIRLAR

Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü - idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün, ümumilikdə, 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə, voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda, ümumilikdə, 30 oyunçu yer alıb.

İDMAN SAHƏSİNDƏ GERÇƏKLƏŞDİRİLƏN DÖVLƏT SİYASƏTİ

Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb. 1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub. 2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda isə, 1 gümüş və 1 bürünc medal qazanılıb. Əlbəttə ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasətinin nəticəsi olaraq, idmançılarımızın sorağı mötəbər yarışlardan qalib kimi eşidilir. Bu yaxınlarda Minskdə keçirilən İkinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

İDMAN QURĞULARININ PAYTAXTIMIZDA MÖVCUDLUĞU YARIŞLARIN MÖHTƏŞƏM KEÇİRİLMƏSİNƏ ƏSASDIR

Belə yarışların keçirilməsi, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Ölkəmizin mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng, idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Birinci Avropa Oyunlarının təntənəli açılış və bağlanış mərasimləri, eləcə də, atletika yarışları, məhz bu stadionda təşkil olunub. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə zəmin yaradır. Qeyd etdiyimiz festival Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, Atletlər Kəndi və bir sıra idman qurğularında keçiriləcək.

Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar və Olimpiya medalçıları üçün əsl sınaq meydanıdır.

Belə yarışların ölkəmizdə keçirilməsi həm də Odlar Yurdu ilə dünya ölkələrini tanıdır. Elə açılış mərasimində nümayiş olunan “Məşəlin yolu” filmi paytaxtın bütün idman obyektlərinə səyahət öz əksini tapıb. “Qələbə elementləri” səhnə şousunda ekranlarda Bakının fantastik mənzərəsi görünüb. Bu mənzərəni fantastik edən, sadəcə, onun gözəlliyi yox, həm də burada şəhərin bütün tarixi və müasir görməli yerlərinin bir araya gəlməsidir. “Külək haqqında əfsanə” süjeti də Bakının küləklər şəhəri olduğunu göstərir. Bir-birinin ardınca nümayiş olunan süjetlər iştirakçılara ölkəmiz haqqında maraqlı fikirlər aşılayıb. Eyni zamanda, orijinal rəmzlər xalqımız ətrafında mövcud dəyərləri əks etdirib.

Təbii ki, paytaxt Bakı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına uğurla ev sahibliyi edəcək.

Nəzakət Ələddinqızı