"Jurnalistikaya təsadüfi gələn adamların qarşısı alınıb” ÖZƏL-MÜNASİBƏT

"Qabiliyyət imtahanının jurnalistikada tətbiq olunması təsadüfən baş verməyib". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Sədrin sözlərinə görə, Azərbaycanda jurnalistikaya qəbul imtahanları ilk dəfə 2014-cü ildə keçirilib: "Artıq ilk dəfə imtahan verən şəxslər məzun olurlar və redaksiayalara gedərək öz fəaliyyətlərini uğurla davam etdirirlər. Proses başlayanda bir qədər çətin kimi görünürdü. Amma zaman göstərdi ki, burada heç bir çətinlik yoxdur. Bildiyiniz kimi 2014-cü ildə proses başlayanda həmin il cəmi 126 nəfər jurnalistikaya qəbul olunmuşdu. Amma bu rəqəm artaraq və 2018-ci ildə artıq 225 nəfər səviyyəsinə çatdı. Bu il yerlərin sayı daha da artırılıb və hal-hazırda 270 nəfərin jurnalist olması üçün şərait yaradılıb. Təbii ki, müsabiqəyə maraq göstərənlər də çoxalıb. Təqribən 480 nəfərdən artıq şəxs müsabiqəyə qatılıb. Həmçinin burada kəmiyyət dəyişikliyi vardır. Deməli, müraciət edənlərin təqribən yarıdan çoxu 400 və daha artıq bal toplamış şəxslərdir. Təbii ki, bu da yaxşı göstəricidir. Düzdür, minimal keçid balı 200 olsa da burada ərizə ilə müraciət edənlərin sayı 400-dən artıq test imtahanında bal toplamış şəxslərdirlər. Bu da keyfiyyətcə bir yüksəlmə deməkdir. Hətta onların arasında 600-dən artıq bal toplamış kifayət qədər şəxslər var. Bu o deməkdir ki, artıq bizim abituriyentlər düşünmüş şüurlu şəkildə yüksək bal toplayaraq və jurnalistikanı sevərək bu sahəyə gəlirlər. Burada kifayət qədər beynəlxalq jurnalistikada təhsil almaq istəyənlərin də sayları artırılıb. Həm rus, həm də ingilis dilində jurnalist təhsili almaq istəyənlər üçün şərait yaradılıb və qəbul yerləri var. Hesab edirik ki, bu çox yaxşı nəticədir. Artıq jurnalistikaya təsadüfi gələn adamların qarşısı alınıb”.

sia.az