Sahibə Qafarova: Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, əhalinin rifahı – həyat səviyyəsi davamlı olaraq yaxşılaşır. Ölkə iqtisadiyyatının inkişaf tempini əks etdirən rəqəmlər – statistik göstəricilər də onu deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra olunur, Azərbaycanın qarşısında yeni perspektivlər açılır”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə səsləndirilən faktlar və reallıqlar bir sıra məqamların üzərinə yenidən işıq saldı: “Müşavirədə qeyd edildi ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz artıb. Qeyri-neft sənayesində isə artım göstəricisi 15,7 faizdir. Bu rəqəmlər iqtisadi inkişaf strategiyasının son altı ayda da uğurla icra edildiyini, səmərəli nəticələr əldə olunduğunu göstərir. Xüsusilə də, qeyri-neft sektorunda artım tempinin davam etməsi təqdirəlayiq haldır”.
Deputat əlavə edib ki, 2019-cu ilin birinci yarısının sosial-iqtisadi göstəriciləri olduqca müsbətdir. Ayrı-ayrı sahələrə nəzər yetirdikdə bunu aydın müşahidə etmək olur. Bu ilin altı ayında kənd təsərrüfatı 13 faiz, Azərbaycanın ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Bununla yanaşı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycanın valyuta ehtiyatları 49 milyard dollara çatıb, xarici borcu 4 faiz aşağı düşüb. Eyni zamanda, insanların rahatlığına xidmət edən infrastruktur layihələri uğurla icra olunub. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bölgələrdə abadlıq-quruculuq işləri ardıcıl olaraq davam etdirilib, həmçinin paytaxt Bakının abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb.
“Cari ilin altı ayında sosial məsələlərin həlli də xüsusi diqqət mərkəzində olub, atılan addımlar, həyata keçirilən tədbirlər ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının durduğunu bir daha təsdiqləyib. Bu ilin əvvəlində çox böyük sosial paketin təsdiqlənməsi, sosial təşəbbüslərin 4 milyondan çox insanı əhatə etməsi əhalinin rifah halının daha da yaxşılaşmasını təmin edib. Minimum əməkhaqqının təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətlərin isə 50 faiz qaldırılması, eləcə də minimum pensiyanın 116 manatdan 200 manata çatdırılması, ilin əvvəlindən 60 min iş yerinin açılması və digər müsbət reallıqlar məqsədyönlü sosial siyasətin uğurla davam etdirilməsindən xəbər verir”, - deyən S.Qafarova bildirib ki, bütün bu tədbirlər sıravi insanların, o cümlədən fermerlərin, kənd sakinlərinin, təqaüdçülərin, əlillərin, müharibə veteranlarının, aztəminatlı ailələrin və s. həyatında ciddi pozitiv dəyişikliklərə səbəb olub. Bu il reallaşan layihələr, milyardlarla dollar həcmində olan bu təşəbbüslər Azərbaycan dövlətinin niyyətini, siyasətinin məqsədini göstərir. Sözügedən müşavirədə də Prezident İlham Əliyev bir daha vurğuladı ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcəkdir”.
Millət vəkili deyib ki, sadalanan göstəricilər də bir daha ölkəmizin dayanıqlı inkişaf yolu ilə getdiyini təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bir neçə il bundan əvvəl dünyanı sarsıdan iqtisadi-maliyyə böhranından şərəflə çıxa bilib: “Azərbaycan öz valyuta resurslarını qoruyaraq təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplayıb. Əlbəttə ki, bu, dövlətimizin başçısının da vurğuladığı kimi, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır".
Hazırda ölkəmizin yeni iqtisadi model həyata keçirdiyini xatırladan Sahibə Qafarova əlavə edib ki, ölkəmiz innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf edir. Bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır.

yap.org.az