Siyasət

  • 2 947

Böyük zəfərlərə imza atılacaq qürurverici inkişaf

image

Prezident İlham Əliyevin son islahatları və qərarları tərəqqiyə və vətəndaşların rifahının yüksəlməsinə xidmət edir

Son günlər ölkənin siyasi, sosial-iqtisadi və ictimai həyatında baş verən mühüm hadisələr bunu deməyə əsas verir ki, Azərbaycan 2019-cu ilə uğurlu start verib və uğurla da başa vuracaq. İyulun 31-də Prezident İlham Əliyevin Sədrliyi ilə cari ilin birinci yarısının sosial-iqtisadi yekunları bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə və liberal iqtisadiyyat yolu ilə inkişafdadır.

Dövlətimizin imkanları genişləndikcə, daxili siyasətin əsas istiqamətlərindən olan sosial siyasət, eləcə də, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilin əvvəlindən başlayaraq imzaladığı fərman və sərəncamlar, bu gün onu deməyə əsas verir ki, 2019-cu il də böyük sosial səmərəlilik ili olaraq uğurla başa çatacaq.

Azərbaycan dünyada ən islahatçı ölkədir

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar Azərbaycana, ilk növbədə, “dünyada ən islahatçı” ölkə imicini qazandırıb. Azərbaycan müstəqilliyi dövründə dövlətçiliyin möhkəmləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi üçün daim islahatlar keçirib və günün tələblərinə cavab verən bir sistem yaratmağa çalışıb. Struktur islahatları ilə bağlı atılan addımlar, bir daha göstərir ki, Azərbaycanda çevik idarəetmə sisteminə böyük maraq var və bu siyasət bundan sonra da davam etdiriləcək.

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq və vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Keçirilən müşavirədə də dövlət başçısı Azərbaycanda dövlətin daim öz vətəndaşına qayğı ilə yanaşdığını, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi gördüyünü və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirdiyini vurğulayıb.

Elə dövlət başçısının müvafiq fərmanları ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi də ölkə Prezidentinin növbəti humanist təşəbbüsü kimi qiymətləndirilir. Yanvarın 28-də Prezident İlham Əliyevin və xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşləri də bir daha təsdiqlədi ki, dövlət başçısı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlər də şəhidlik zirvəsinə ucalmış və qazi olmuş şəxslərə hər zaman diqqət və qayğı göstərir.

Bu baxımdan, dövlət başçısının yeni sosial paketi kimi təqdim olunan 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü vətəndaş rifahı naminə atılan mühüm yeni addımlardır. Dəfələrlə Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edən Prezident İlham Əliyev demişdir: “Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı, məhz buna söykənir”. Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə malik olmaqla yanaşı, güclü sosial siyasətə də malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin, ilk növbədə, əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

Dövlət başçısı müşavirədə birinci paketin 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlırinin artırılması, mühüm sosial məsələlərin həllinə 1,6 milyard manatın yönəldildiyinin nəzərdə tutulduğunu və icra olunduğunu vurğulayıb. Eyni zamanda, İkinci paketin icrası ilə bağlı hazırlıq işləri tamamlandığını, sentyabrın 1-dən minimal əmək haqqının 250 manata çatdırılması, əlavə olaraq, 400 min nəfərin maaşının 20-50 faiz artırılması, 750 min pensiyaçıya verilən vəsaitin oktyabrın 1-dən yüksəldilməsinin nəzərdə tutulduğunu bildirimişdir. Eyni zamanda, hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə, daha 3 milyard manat, ümumilikdə, 4,2 milyon vətəndaşın əhatə edilməsini və 5,2 milyard manatın sərf olunmasını nəzərdə tutur.

Göründüyü kimi, sosial sahə üzrə görülən işlər, bir tərəfdən, Azərbaycan dövlətinin gücünü, digər tərəfdən də, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini və reallaşdırılan islahatların yüksək praktiki nəticələr verdiyini göstərir.

Təkcə onu demək kifayətdir ki, Azərbaycanda minimal pensiya 72 faiz artırıldığına görə, ölkəmiz minimal pensiya üzrə alıcılıq qabiliyuətinə görə, MDB-də birinci olacaq. Minimal əmək haqqının 250 manata çatdırılmasından sonra isə, Azərbaycan bu göstərici üzrə MDB-də ikinci sırada qərarlaşmışdır.

Bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub-saxlanacağını bir daha təsdiq edir.

Müasir Azərbaycanın simasını əks etdirən yeni mərkəzlər

Qeyd edilənlərlə yanaşı, Prezident İlham Əliyevin sosial islahatlar proqramı əmək, məşğulluq, sosial müdafiə sahələrində idarəçilik və əhaliyə xidmətlərin təkmilləşdirilməsinə, müasir və innovativ iş prinsiplərinin tətbiqi sahəsində yeni irəliləyişlərə imkan yaradıb. Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST Agentliyinin (“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”) məqsədi məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həll yollarının tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunmasına şərait yaradıb.

Cari il mayın 9-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və ilk “DOST” Mərkəzinin açılış mərasimində çıxışı zamanı dövlət başçısı “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz, məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulmaları ölkəmizin inkişafına xidmət göstərəcək”. Bütün bunlar Azərbaycan Prezidentinin əhalinin rifahının yüksəlməsi məsələsini priotitet sahə kimi diqqətdə saxladığını, artıq bu istiqamət üzrə çox böyük işlər görüldüyünü və qarşıdan gələn illərdə də bu tendensiyanın qorunub-saxlanacağını bir daha təsdiq edir.

Bütövlükdə, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı davamlı xarakter daşıyır və əldə olunan nailiyyətlər də bunu təsdiqləyir.

Bütün bunlar isə xalqımız, dövlətimiz və Vətənimiz üçündür. Yəni görülən bütün işlər bizi qələbəyə - parlaq işıqlı gələcəyə aparır. Əminliklə deyə bilərik ki, bu proqram regionların sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq və Azərbaycan ölkə Prezidenti İlham Əliyevlə hələ çox böyük zəfərlərə imza atacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər