Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Azərbaycana diqqəti daha da artırır

Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin müdrikliyinə əsaslanan həyat fəlsəfəsi, xalqa xidmət missiyası, ideyaları bir elm olaraq öyrənilir və təbliğ olunur. Onun irsinin təbliğində adını daşıyan Heydər Əliyev Fondu, böyük missiyanın daşıyıcısı olaraq, bu istiqamətdə ardıcıl layihələr həyata keçirir. Fondun fəaliyyət dairəsi zaman baxımından çox olmasa da, görülən işlərin çoxşaxəliyi və miqyası onilliklərə bərabər tutulur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoqun təmin olunması, zorakılığın bütün təzahürlərinin qarşısının alınması, həmçinin, gender bərabərliyi kimi məsələlərə diqqət yetirir, bu və ya digər məsələlərin həllində layihələr həyata keçirməklə yanaşı, beynəlxalq əhəmiyyətli tədbirlərdə qeyd olunan məsələlərə önəm verir. Mehriban xanım Əliyeva dünyanın olduqca mürəkkəb bir prosesdə yaşadığından, bəşər aləmində yaşayan insanların müxtəlif dinə və irqə mənsubluğu olsalar da, onları birləşdirən dialoqa çağırır. Mehriban xanım Əliyevanın dediyi kimi, dünyanın bir çox ölkələrində on milyonlarla insan irqinə, etnik köklərinə və dininə görə ayrı-seçkilik və təcridolunmanın ağır nəticələri ilə üzləşir: “Günahsız insanların həyatına son qoyan terror aktları, siyasi və dini radikalizm bizim və övladlarımızın təhlükəsizliyini sual altına alır. Müharibə və münaqişələr milyonlarla insanı məhv edərək, dünyanın müxtəlif guşələrində davam edir”.

Mehriban xanım Əliyeva məqsədlərimizə nail olmaq üçün millətlər arasında qarşılıqlı əlaqəni quraraq, daha güclü münasibətləri yaradaraq, ekstremizm və ksenofobiya kimi maneələrin aradan qaldırılmasının vacibliyini çıxışlarının birində diqqətə çatdırıb: “... çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır”.

Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilir. Bir-birindən vacib və əhəmiyyətli layihələri həyata keçirərək siyasətçi, diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın himayəsi altında reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan uşaqlara kömək, diabet və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara yardım, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, Azərbaycanın, əsasən, kənd yerlərində yeni məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi, Mehriban xanımın özünün şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik aksiyalarının keçirilməsi, artıq çoxdandır ki, ənənə halını almışdır. Ölkəmizdə və onun hüdudlarından kənarda insanlar Onu, məhz xeyirxah, humanist və nəcib işlərinə görə sevirlər.

Fondun yaradılması ilə xeyriyyəçilik amalı Mehriban xanım Əliyevanın fəaliyyətinin prioritetinə çevrilmişdir. Başqa sözlə desək, o öz qüvvəsini və fondun əməkdaşlarının səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə yönəltmişdir. Uşaq evlərində tərbiyə alan gənclərin mənzillə təmin olunması kimi daim cəmiyyətimizi narahat edən mühüm problemin həllinə də, məhz Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyası sayəsində nail olunmuşdur. Paytaxtdan başlayan və ilk növbədə, qayğıya daha çox ehtiyacı olan, valideyn himayəsindən məhrum qız uşaqlarının mənzillə təmin olunmasını nəzərdə tutan layihənin icrası ölkəmizdə Mehriban xanım Əliyevanın bu nəcib missiyanın nə qədər ali və müqəddəs olduğunu təsdiq etmişdir.

Fəaliyyətində təhsilə xüsusi önəm verən Heydər Əliyev Fondu “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində ölkənin müxtəlif regionlarında məktəblərin yenidən qurulması, müasir avadanlıqla təmin olunması, kitabxanaların ədəbiyyatla zənginləşdirilməsi istiqamətində mühüm işlər görür. Fondun “Təhsilə dəstək” layihəsi isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi dərs ləvazimatı ilə təmin olunmasına kömək edir.

Bu sırada Fondun beynəlxalq əməkdaşlıq çərçivəsində görülən işlərini də qeyd etməliyik. Belə əməkdaşlıq və müansibətlərin qurulması Azərbaycanın dünyaya nüfuzunun yayılmasına gətirib çıxarıb. Beynəlxalq əlaqələrin nəticəsində bu gün Fondla BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq sazişi, İSESKO ilə əməkdaşlıq haqqında Protokol, “Or-Avner” Beynəlxalq Fondu arasında əməkdaşlıq sazişi, YUNESKO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında birgə layihənin icrasına dair saziş imzalanıb. Bütün bunlar Mehriban xanım Əliyevanın, mütəşəkkil olaraq, həyata keçirdiyi layihələr əsasında həllini tapıb. Bununla yanaşı, ABŞ, Rumıniya, Rusiya və Türkiyə kimi nüfuzlu dövlətlərdə fondun nümayəndəlikləri yaradılıb. Bu, artıq Azərbaycan həqiqətləri ilə bağlı reallıqların ictimayyətə çatdırılması haqqında çox məqamlardan xəbər verir.

Nəzakət ƏLƏDDİNQIZI