"Erməni əsgəri Azərbaycana keçərək işgəncələrdən canını qurtarıb" ŞƏRH-ÖZƏL

“Erməni əsgərinin ağ bayraqla Azərbaycan tərəfinə keçməsi ilk növbədə Ermənistan siyasi rəhbərliyinin orduya, əsgərə hərbiçiyə olan münasibətindən xəbər verir. Bu fakt bir daha sübut etdi ki, düşmən ölkədə ordu acınacaqlı durumdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.O bildirib ki, düşmən ölkədə separatçılarla hakimiyyət arasında gedən boğuşma orduya da sirayət edir.Deputat söyləyib ki uzun illərdir haqqında miflər yaradılan Ermənistan ordusu kriminal, cinayətkar aləmə çevrilib: “Orduda zəiflərin güclülər tərəfindən əzilməsi,döyülməsi, təhqir olunması, hüquqlarının pozulması, alçaldılması halları baş alıb gedir. Ermənistan ordusunun təminatının hansı səviyyədə olduğu Azərbaycan tərəfində keçən əsgərin libasından açıq şəkildə görünür. Əsgərin bədənindəki müxtəlif yaralar, xəsarətlər ona uzun müddət verilən işgəncənin göstəricisidir”.E. Məmmədov qeyd edib ki, bütün bunlar Ermənistan ordusunun döyüş səviyyəsi və təminatının aşağı və yarıtmaz vəziyyətdə olduğunu deməyə əsas verir: “Bu gün Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Amma buna baxmayaraq düşmən tərəfin əsgəri dözülməz vəziyyətdən bezərək Azərbaycan tərəfinə pənah gətirib. Əsgər özünü Azərbaycan tərəfinin dəfələrlə göstərdiyi humanistliyə etibar edərək qaçıb canını qurtarıb. O tək deyil. İmkan olsa erməni əsgərlərinin çoxu bu hərəkəti edər”.“Paşinyandan fərqli olaraq ağlı yerində olan erməni siyasətçiləri, ziyalıları, cəmiyyətin düzgün nəticə çıxarmağı bacaran üzvləri fikirləşməlidirlər ki, dünyanın 50 güclü ordu sırasında olan Azərbaycan ordusu qarşısında tab gətirmək mümkün deyil. Nə qədər ki gec deyil, onlar bundan nəticə çıxaramalı, torpaqlarımızı işğaldan azad etməlidirlər. Əks halda, yaxın zamanda Azərbaycan ordusunun bir neçə güclü həmləsi nəticəsində onlar darmadağın edilərək torpaqlarımızdan çıxarılacaqlar” - deyə, deputat vurğulayıb.E. Məmmədov əlavə edib ki, gələcəkdə Ermənistan dövlətinin mövcud olması üçün qonşularla düzgün, normal siyasət həyata keçirməsi vacibdir: “Ermənistan işğalçılıq, düşmənçilik siyasətindən əl çəkərək Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışmalıdır”.

sia.az