Siyasət

  • 3 963

Aydın Mirzəzadə: "Əli Kərimli artıq ağ yalanlar danışmağa başlayıb" Özəl -Münasibət

image

“Mənə elə gəlir ki, Əli Kərimli Azərbaycan ictimaiyyətinin yaddaşının kiçildiyini güman edir. O hesab edir ki, həmin dövrdə yaşayan nəsil artıq yoxdur, gənclərsə onun yalanlarına birbaşa inanacaqlar”. Bunu, SİA-ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə deyib.A.Mirzəzadə qeyd edib ki, mən həmin dövrdə yaşayan bir insanam və həmin dövrün bir fəlakət, həmin dövrün silsilə faciələr olduğunun birbaşa şahidiyəm: “Birincisi, həmin dövrdə Azərbaycanda vahid ordu deyilən bir anlayış yox idi. Ayrı-ayrı siyasi partiyaların, ayrı-ayrı siyasi insanların nəzarətində olan hərbi dəstələr var idi. Onlar da öz istəklərinə uyğun olaraq hərbi dəstələrlə manevr edirdilər. Yəni, bir sözlə istənilən dövlətin müstəqilliyinin mövcudluğunun əsası olan silahlı qüvvələr anlayışı həmin dövrdə yox idi. Bu ola da bilməzdi. Çünki, Əli Kərimlinin də aparıcı şəxslərdən biri olduğu siyasi komandanın nə dövlət idarəçiliyi, nə də silahlı qüvvələr quruculuğu ilə bağlı hərhansı təsəvvürü və anlayışı belə yox idi.Digər tərəfdən, uğursuz və məsuliyyətsiz kadr siyasəti həm yerlərdə, həm mərkəzi aparatda təcrübəsiz insanların təyinatına gətirib çıxarırdı və bu isə ilk növbədə əhalinin sosial vəziyyətində özünü göstərirdi. Həmin dövrlərdə Mingəçevir şəhərində uzun müddət çörək növbəsində duranlardan biri də mənəm. Həmin dövrdə yaşadığım Mingəçevir şəhərində insanların vaxtaşırı qətlə yetirildiyinin və insanların özünün və ailəsinin təhlükəsizliyi üçün böyük həyəcan keçirdiyinin şahidlərindən biri də mənəm.Həmçinin, Əli Kərimli komandasının bir çox qonşu dövlətlərlə, strateji böyük siyasi nüfuza malik ölkələrlə düşmənçilik siyasəti yürütməsi Azərbaycanın Dağlıq Qarabağ probleminin dünya səviyyəsində tanınmasına və müdafiə edilməsinə gətirib çıxarırdı. Sosial vəziyyət həddən artıq ağır idi. Manatın dəyəri hər gün düşürdü və insanlar faktiki olaraq bu gün-sabah yaşamaq uğrunda mübarizə aparırdılar. Heç bir dövlətçilik təcrübəsi olmayan bir şəxsin 27 yaşında əvvəlcə Ərazi İdarəetmə Şöbəsinin müdiri, sonra isə dövlət üçün əhəmiyyətli olan Dövlət Katibi postuna təyinatı Azərbaycan üçün böyük fəlakətlərə yol açırdı. Bu gün Əli Kərimli özünü Azərbaycan cəmiyyətinin tarixinin bir analitiki kimi qələmə verməyə çalışır. Ancaq Azərbaycan xalqı dünənini yaxşı xatırlayır. Məhz Əli Kərimli və komandasının hakimiyyətdən uzaqlaşdırılması ilə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə nicatın, təhlükəsizliyin, inkişafın əsası qoyuldu. Yəni bu baxımdan Kərimlinin görünür son dövrlərdə cəmiyyətə təqdim edəcəyi hərhansı bir ciddi arqumenti olmadığına görə, o artıq ağ yalanlar danışmağa başlayıb"

sia.az

Digər xəbərlər