YAP-ın təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, partiyanın İcra Katibliyində təşkil olunan aksiyada Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP-ın Bakı şəhəri və Abşeron rayon təşkilatlarının üzvləri iştirak ediblər.YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bu aksiya partiya üzvlərinin vətənpərvərliyindən, onların ölkəmizdə həyata keçirilən bütün xeyirxah işlərdə fəallıq göstərməkdə maraqlı olmasından xəbər verir. Bu aksiyanın məhərrəmlik ayına təsadüf etdiyini deyən S.Novruzovun sözlərinə görə, dini mərasimlər dövründə dindən kənar hərəkət etmək olmaz: “Kimsə aşura günü zəncir vurur, başını yarır, amma bunların heç biri olmaz, çünki Quran qadağan edir. Allah da buyurub ki, heç kəs öz bədəninə ziyan vura bilməz. Ona görə də, ən düzgün yol qan verməkdir. Aşura günü insanlar məscidlərə gedib qan versinlər”.Bu təşəbbüsün əhəmiyyətini vurğulayan S.Novruzov deyib ki, aksiya irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, o cümlədən uşaqlara böyük yardım edəcək. Partiyamızın üzvlərinin aksiyada fəal iştirak etdiyini deyən S.Novruzov söyləyib ki, YAP bu cür təşəbbüslərlə mütəmadi olaraq çıxış edir və belə aksiyalar gələcəkdə də davam edəcək.Qanvermə aksiyasının humanist xarakterli tədbir olduğunu deyən YAP İcra katibinin müavini bildirib ki, partiyamızın üzvləri bu təşəbbüsləri ilə həm də nümunə göstərirlər. Müxalifət nümayəndələrini də bu aksiyaya dəvət edən S.Novruzovun sözlərinə görə, onlar indiyə qədər nə qanvermə, nə ağacəkmə, nə də digər xeyirxah tədbirlər keçirməyib, əksinə görülən müsbət işlərə kölgə salmağa çalışıblar, öz fəaliyyətlərini, söyüş, təhqir, böhtan üzərində qurublar.Aksiyada iştirak edən B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova da Yeni Azərbaycan Partiyasının bu təşəbbüsünü yüksək dəyərləndirib. Onun sözlərinə görə, partiyanın hər il belə aksiya təşkil etməsi çox humanist addımdır. N.Abbasova deyib ki, verilən qanlar talassemiya, hemofeliya, digər qan xəstəliklərindən əziyyət çəkən insanlara veriləcək. Verilən qanlar laboratoriyalarda yoxlanılacaq. Yaşı 18-65 olan sağlam insanlar qan verə bilərlər. “Burada insanlar qan verməmişdən əvvəl həkim müayinəsindən keçirilirlər.İnfeksion xəstəliklər keçirmiş, şəkərli diabet, zob, urək çatışmazlığı olan, əməliyyat keçirmiş insanlar qan verə bilməz. Qan vermənin müsbət cəhətləri də var. Belə ki, təzyiq yüksəkdirsə qan verdikdən sonra bu normallaşır, qan yaradan orqanların fəaliyyəti yüksəlir, ürək fəaliyyətinə müsbət təsir edir. Ən əsası insanlar özləri xoşbəxt hiss edirlər ki, qan verməklə qana ehtiyacı olan insanlar üçün yardım göstərirlər”-deyə, N.Abbasova söyləyib.Qeyd edək ki, qanvermə aksiyasında ümumilikdə 300 nəfər iştirak edib.

sia.az.