Siyasət

  • 3 455

""Uşaq pulu" müavinətinin hamıya verilməsini doğru hesab etmirəm" ÖZƏL-MÜNASİBƏT

image

"Son günlər uşaq pulunun bərpa edilməsi barədə səslənən fikirlər cəmiyyətdə ən çox müzakirə edilən və bir mənalı qarşılanmayan bir mövzuya çevrilib. Əslində insanlar arasında deyilən “uşaq pulu” sosial müavinətin bir formasıdır. Bilirik ki, sosial müavinət konkret hədəf qruplarına yönəlir və onun hamıya ünvanlanması düzgün də deyil". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.Sədrin sözlərinə görə, vaxtilə SSRİ dövründə ölkəmizdə verilən uşaq pulu bütün ailələri əhatə edirdi: "O zaman insanların biznesi, fərdi təsərrüfatı yox idi və o zaman üçün bu sosial müavinətin hamını əhatə etməsi başa düşülən idi. Artıq bizim ölkəmizdə 2006-cı ilin yanvar ayının 1-dən aztəminatlı ailələrə dövlət qayğısının daha ədalətli forması tətbiq edilməyə başladı. Amma, məsələ bundadır ki, bu məsələdə şəffaflıq təmin edilmədi. Ona görə də ünvanlı sosial yardım doğru ünvanını tapa bilmədi. Daha çox regionlarda bu işə məsul olan məmurlar acgözlüklə dövlətin bu humanist aksiyasına haram qatdılar və nəticədə dövlətin yardımı bir çox hallarda aztəminatlı ailələrdən yan keçdi. Təəssüflər olsun ki, əlillik dərəcələrinə görə verilən təqaüdlərdə də bu kimi neqativlər hələ də qalmaqdadır. Yenə də vaxtilə məmurların günahı ucbatından nə qədər insanlar saxta əlillik dərəcələri ilə təmin ediliblər və illərdir dövlətin pulunu yeməkdə davam edirlər. İnsanlar var ki, həqiqətən də fiziki qüsurludurlar, onlar halal müavinətlərini ala bilmirlər, amma, sağlam, heç bir xəstəliyi olmayan insan birinci qrup əlil kimi dövlətin pulunu yeyir və bunu özünə rəva bilir. Ona görə də, hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vaxtilə sələflərinin tamahkarlıqla etdikləri qanunsuzluqları aradan qaldırmalıdırlar. Bununla da həm qanunsuz pensiyaların təyin edilməsindəki ədalətsizliyi aradan qaldırmalıdır, həm də ünvanlı sosial yardımın doğru ünvanlanmasını təmin etməlidir.Azərbaycan Respublikasının Prezidenti hər bir vətəndaşının yaxşı və firəvan yaşamasının arzusundadır və bu gün ölkəmizdə sosial müavinətlərin xeyli forması tətbiq olunmaqdadır. Və bu sosial müavinətlər ilbəil artırılır, və yaxud fərqli formalarda tətbiq olunur. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasətin əsasında Azərbaycan insanı, onun rifah halının yaxşılaşdırılması dayanır və həyata keçirilən siyasət sosial yönümlüdür. Bu baxımdan dövlətimiz uşaq pulunun bərpasından daha çox ailələrin yaşayışına təsir göstərə biləcək ünvanlı sosial yardımın doğru-düzgün ünvanlanmasında maraqlıdır.Konkret "uşaq pulu" müavinətinin isə hamıya verilməsini doğru hesab etmirəm. Bilirik ki, yüksək əmək haqqı alan, maddi imkanları yüksək olan təbəqə var və bu kimi ailələrə uşaq pulunun verilməsi doğru deyildir. Həmin insanlar bu dövlətin imkanlarından yararlanaraq yüksək əmək haqqı alırlarsa, mal-mülk yiyəsi olublarsa, yaxud iş adamına çevriliblərsə deməli onların övladlarının qeyd olunan müavinətdən azad edilməsində heç bir ədalətsizlik yoxdur. Həm də, burada bir daxili mədəniyyət məsələsi var. Nədən imkanları olan insan özünü ələbaxan kimi aparmalıdır və dövlətin yardımına göz dikməlidir? İmkanı olan ailə başçısı niyə görə imkansıza çatmalı olan sosial yardımı almağı özünə ayıb bilməməlidir? Və yaxud, sağlam adam necə əlillik təqaüdünü almağı özünə sığışdıra bilməlidir? Ola bilsin hansısa vətəndaş ayıb da bilməsin, qanunsuz olaraq özünə təqaüd də düzəltdirmək və ya ünvanlı sosial yardıma sahib olmaq istəsin, amma, bu işdə dövlət öz ədalətini ortaya qoymalıdır, şəffaflığı təmin etməlidir və onun bu məsələlərə cavabdeh qurumları, aidiyyatı məmurlar qanunla və vicdanla işləməlidirlər. Və bu işdə qanunsuzlğa yol verən hər bir məmur ən sərt şəkildə cəzalanmalıdır. Bu gün Azərbaycanda rəsmi statistikaya görə yoxsulluq 5 faizdir və dövlətin bu ailələri müəyyənləşdirməklə bağlı şəffaflığı təmin etməsi və uşaq pulu müavinətinin yerinə ünvanlı sosial yardımı bu ailələrə verməsi daha doğru olardı".

sia.az

Digər xəbərlər