Şahin İsmayılov: Siyasi partiyalar ümumölkə məsələlərində həmişə əməkdaşlığa yer verməlidirlər

“Tutduğu vəzifədən, çalışdığı yerdən, təhsilindən, dünyagörüşündən və s. asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Azərbaycanı azərbaycanlılardan daha çox heç kəs sevə bilməz”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, Azərbaycan bizim hər birimiz üçün müqəddəsdir. Dünyada kifayət qədər xarici müdaxilələr nəticəsində məhv olmuş dövlətlər vardır. Həmin dövlətlərə isə daha gözəl həyat vəd edilirdi. Nəticə hər birimizin gözü qarşısındadır. Təbii ki, bu cür müdaxilələri ölkəmizə etmək mümkün deyil. Çünki Azərbaycan güclü dövlətdir, onun güclü lideri var və Azərbaycan xalqı kifayət qədər müdrikdir. Ölkəmizin daha da güclənməsi üçün hər bir sağlam qüvvənin cəmiyyətə düzgün mesajlar verməsi vacibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri xarici müdaxilələrə ciddi müqavimət göstərməlidirlər.
“Xüsusilə vətəndaş cəmiyyəti nümayəndələri bu prosesdə vacib rol oyanaya bilərlər. Bildiyiniz kimi ölkələr haqqında müəyyən hesabatlar məhz QHT-lərin rəyləri əsasında formalaşır. Odur ki, QHT-lər Azərbaycan reallıqlarının düzgün çatdırılması və dezinformasiyaya qarşı mübarizədə vacib rol oynayırlar. Onların bu işlərə töhvəsi kifayət qədər vacibdir. Siyasi partiyalar da həmçinin ümumölkə məsələlərində əməkdaşlığa yer verməlidirlər. Xüsusi qeyd etmək istərdim ki, hər zaman belə məqamlarda Yeni Azərbaycan Partiyası öz avanqard mövqeyini nümayiş etdirir və ölkə üçün hər bir sağlam təşkilatı əməkdaşlığa çağırır”-deyə, Ş.İsmayılov qeyd edib.

yap.org.az