Niyə məhz Əli Həsənov? SİYASİ RAKURS

Yaxud qaragüruhun “gülləsi” hədəfə dəymir

Sirr deyil ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da internet resursları, bu resurslar daxilində mövcud olan informasiya texnologiyaları durmadan inkişaf edir, yeni-yeni imkanlar meydana çıxır. Bu baxımdan, sosial şəbəkə reallığı danılmazdır və bu gün hər kəs həmin imkanlardan istifadə edir, sosial şəbəkələr insan həyatının tərkib hissəsinə çevrilir. Lakin o da gizlin deyil ki, sosial şəbəkələrdən yalnız insanlarla virtual təmas qurmaq üçün deyil, ayrı-ayrı maraqlar üçün də istifadə edənlər var. Məhz bu baxımdan, qaragüruhçu qrupların müxtəlif çirkin niyyətli maraqlardan çıxaraq, Azərbaycan dövlətinin rəhbərliyi və rəhbərlikdə təmsil edilən ictimai-siyasi xadimlərə qarşı iyrənc metodlardan istifadələri nəzərə çarpır.

Belələri maddiyyat əldə etmək uğrunda hətta ən yaxın qohumlarını, əqrəbalarını, çörək kəsdiyi insanları - tərəf müqabillərini həqarət hədəflərinə alarlar

Beləliklə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun zaman-zaman, hətta günaşırı şəkildə qaragüruhçu qrupların hədəfinə çevrilməsi əslində onun ölkənin ictimai-siyasi gündəmindəki aktivliyinin, müəyyən məsələlərdə əsaslı və arqumentli çıxışlarının, istər daxildə, istərsə də xaricdə dövlətçilik maraqlarına qarşı çıxan “zümrəyə” öz yerini göstərməsinin, həqiqəti vurğulamasının, küçə müxalifəti təfəkkürünü faktlar və dəlillər kontekstində ifşa etməsinin, xüsusilə isə, təmsil olunduğu düşərgəyə təməlli sədaqətinin nəticəsidir. Ortaya daha bir fakt çıxır ki, hazırda Avropanın küçələrində, tin və bucaqlarında var-gəl edən məlum “siyasi mühacirlər” bəlli davranışlarını heç də Vətən, dövlət, millət və xalq naminə tətbiq etmirlər, onların maraqları yalnız və yalnız şəxsi müstəviyə söykənməkdədir. Onlara verilən sifarişlər və həmin sifarişlərə görə ödənilən məbləğlər həm də nəticəyə gəlməyə zəmin yaradır ki, belələri maddiyyat əldə etmək uğrunda hətta ən yaxın qohumlarını, əqrəbalarını, çörək kəsdiyi insanları - tərəf müqabillərini həqarət hədəflərinə alarlar. Məsələn, biz elə də uzağa getməyərək, 300-500 avroluq qranta görə həmin şəxslərin bir-birlərinə nə dərəcədə ağır ifadələr işlətdiklərini xatırlaya bilərik. Məgər sağlam düşüncəli şəxs bu addımı atarmı? Həyata normal, eləcə də humanizm prinsipi ilə baxan, yəni bu baxış prizmasından yanaşan kəs izafiləşdirilmiş ucuzluğa, rəzilliyə gedərmi? Doğru düşünmək, təhlil aparmaq və nəticəyə gəlmək qabiliyyətinə malik olan insan əlbəttə ki, heç vaxt belə ürəkbulandırıcı məsələlərə imza atmaz təbii ki...
Xolerik statusu, yaxud həmin tipli insanlar psixologiya terminində tərs psixologiyaya mənsub olan fərd kimi də adlandırırlar
Təəssüf ki, virtual aləmdə “canavara”, “şirə”, “pələngə” dönən məlum ünsürlər toplumu onlara tərəf edilən çağırışları, iradları, gerçəklikləri qavramaq yerinə daha da azğınlaşırlar. Tibbi leksionda bu cür tiplərə xolerik statusu verilib. Həmin tipli insanlar psixologiya terminində tərs psixologiyaya mənsub olan fərd kimi də adlandırırlar. Qısacası, onların ciddi müalicəyə ehtiyacları var. Təbii ki, maddiyyatı hər şeydən üstün tutan və haqqında bəhs edilən “zümrə” həm də əqidəsizlikdən ciddi əziyyət çəkirlər. Onlar üçün əqidə ən son yerlərdən birini tutur.
Düzdür, sözdə özlərini “demokratiya mücahidi”, “söz azadlığı carçısı” kimi təqdim etsələr belə, fakt budur ki, beş-on avro müqabilində istənilən cəbhəyə keçər, istənilən səngərdən “atəş püksürməyə” davam edərlər. Artıq bu fakt özünü kifayət qədər təsdiq edib ki, onlar haqlı irad və ittihamları sadəcə həzm edə bilmək gücündə deyillər, həqiqət və doğruluq məfhumuna dözümsüzdürlər.

Atılan “güllələr” rikoşet verərək, özlərinə dəyir

Bu arada, cənab Əli Həsənovun qeyd etdiyi bir mühüm fikri diqqətə çatdırmaq istərdim. O, qeyd edib ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Bəli, məhz hüquqların pozulması faktoru! Əgər kimlərsə sosial şəbəkələrdə insanların şərəf və ləyaqətlərini alçaldaraq, özlərinin “siyasi tələblərini” ortaya qoyursa, demək ki, qarşı tərəflərin hüquqlarını pozur. Həqarət qruplarının dövlət rəsmilərini, xüsusilə Əli Həsənovu hədəfə almaları isə, artıq bu cür qənaətə gəlməyə zəmin yaradır ki, onlar sırf həqiqəti, gerçəklikləri qəbul etmək iqtidarında deyillər. Ona görə də “güllələri” daim hədəfdən yayınır. Hətta deyərdim ki, bu “güllələr” rikoşet verərək, özlərinə dəyir. Ən azından, son vaxtlar Qərbdəki “söyüş maşınlarının” iflasa uğrama proseduru da bu cür nəticəyə gəlməyə imkan verməkdədir.
Əli Həsənovun dövlətə və Prezidentə sədaqəti, dönməz əqidəsi, praqmatik düşüncəsi və iti zəkası
Azərbaycanın ölkə rəhbərliyi hər şeyə rəğmən öz qətiyyətli yolunu əzmlə davam etdirir. Çünki dövlət və xalq vəhdəti mövcudluğu ən möhkəm dauaqlara söykənib və bu dayaqları heç bir ucuz təfəkkürlə tərpətmək mümkün deyildir. Əksinə, hər edilən hər hücum əks tərəfin ağır məğlubiyyətlə üzləşməsini şərtləndirir ki, biz həmin gerçəkliyi də açıq-aydın müşahidə etməkdəyik. Xüsusilə, cənab Əli Həsənovun dövlətə və Prezidentə sədaqəti, dönməz əqidəsi, praqmatik düşüncəsi və iti zəkası, eləcə də şəxsi keyfiyyətlərindəki bütün üstün məqamları baş verən hücumların qarşısını keçilməz sipərtək almaqdadır. Daxildə və xaricdə fəaliyyət göstərən qaragüruhçu qruplar bunu dərk etməli, zəifliklərini, məğlubiyyətlərini isə etiraf edərək, bütövlükdə Azərbaycan xalqı qarşısında diz köçüb-üzr istəməlidirlər. Gec, ya da tez bu da baş verəcək!

Rövşən RƏSULOV