"İctimaiyyət kəskin və qəti şəkildə öz etirazını bildirməlidir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə sosial şəbəkələr sərhədsiz bir məkandır və qarşısının alınması mümkünsüzdür. Təbii ki, sosial şəbəkələrin kifayət qədər müsbət xüsusiyyətləri var". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.Baş redaktorun sözlərinə görə, sosial şəbəkələrdən yaxşı mənada istifadə edib əlaqələrin qurulması, müsbət, pozitiv informasiyaların paylanılması üçün kifayət qədər münbit şərait olan bir məkandır: "Amma çox təəssüflər olsun ki, Azərbaycanlı adını daşıyan, yarımaz və yarıtmaz olan insanlar var ki, xaricdə oturub sosial şəbəkələr vasitəsilə cəmiyyəti, Azərbaycan dövlətini aşağılamaqla məşğuldurlar. Hesab edirəm ki, sosial şəbəkələrin idarə olunan qurumları tərəfindən lazımi ölçülər götürülməlidir. Ona görə ki, sosial şəbəkələr o demək deyil ki, ölkəni təhdid edəsən, fərdləri, dövlət məmurunu təhqir edəsən. Sosial şəbəkə insanlar arasında ünsiyyətin qurulması üçün müəyyən bir vasitədir. Düşünürəm ki, bunlar cinayət xarakterli əməllərdir. Ümumiyyətlə dövləti təhqir etmək, ölkə başçısını ittiham etmək, qərəz dolu fikirlər səsləndirmək qətiyyən yolverilməzdir. Təbii ki, bununla bağlı ictimaiyyət kəskin və qəti şəkildə sosial şəbəkələrin idarə olunan mərkəzinə öz etirazını bildirməlidir".

sia.az