Xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələr və onların sifarişçiləri güclü Azərbaycan istəmirlər

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov
- Şahin müəllim, bu gün cəmiyyətimizdə əsas müzakirə mövzularından biri xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası ilə bağıdır. Bu barədə nə deyə bilərsiniz?
- Tarixin müxtəlif dövrlərində bu və ya digər dövlətə və ya quruma təsir göstərmək üçün müxtəlif vasitələrdən istifadə olunub. 21-ci əsrdə də təsir vasitələri öz aktuallığını qorumaqdadır. Forma dəyişsə də, məzmun eyni olaraq qalır. Müxtəlif beyin mərkəzləri hər zaman yeni təsir vasitələri hazırlayırlar. Təbii ki, bu təsir vasitələrini həyata keçirmək üçün də alətlər tələb olunur. Şübhəsiz ki, bu gün özlərini mühacir adlandıran şəxslər sadəcə olaraq alətlərdir. Bəs bu alətlərdən istifadə edən sifarişçilər kimlərdir? Bu sualın cavabı isə o qədər də çətin deyil: ənənəvi anti-Azərbaycan quvvələri. Bu qüvvələrin istəyi isə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, ölkədaxili çaxnaşma salmaq, insanları dövlət institutlarına qarşı qaldırmaq, dövlətçiliyi sarsıtmaq və s.-dir. Düzdür, özlərini mühacir adlandıran şəxslər hər cəhdlə iddia edirlər ki, onlar hər hansı bir qurum və ya şəxslərlə əməkdaşlıq etmirlər. Bunları isə sübüt etmək elə də çətin deyil. Sadə suallar verməklə cavablar tapmaq olar. Necə ola bilər ki, heç bir yerdə işləmədən uzun müddət Avropanın müxtəlif şəhərlərində kifayət qədər yaxşı şəraitdə yaşayırlar mühacir düşərgələrində yox? Qaçqın problemindən əziyyət çəkən Avropada necə ola bilər ki, bu şəxslərin miqrasiya problemləri asanlıqla həll olunur? Nəyə görə bu insanlar istənilən anti-Azərbaycan kampaniyasında hər zaman ön cərgələrdə olurlar? Nə üçün müxtəlif donorlar hər zaman ənənəvi simalarla əməkdaşlıq edirlər və s. Düşünürəm ki, kifayət qədər sadə suallardır.
Müxtəlif dövrlərdə Azərbaycana təsir cəhdlərinin şahidi olmuşuq. Hər zaman da bu kampaniyalar uğursuzluqlarla nəticələnmişdir. Çunki Azərbaycan güclü dövlətdir, dövlət institutları peşəkar fəaliyyət göstərir, xalq-iqtidar birliyi yüksək səviyyədədir, ölkə Prezidentinin nüfuzu kifayət qədər yüksəkdir və Onun həyata keçirdiyi siyasət xalq tərəfindən dəstəklənir. Düşünürəm ki, dövrü xarakter daşıyan bu kampaniyanın da sonu sələflərindən fərqli olmayacaq. Çünki onların dediklərinin əksi olaraq, Azərbaycan inkişaf etməkdə davam edir, nəhəng iqtisadi layihələr həyata keçirilir, iqtidar qarşısına qoyduğu hədəflərə çatır. Bax elə burada sizin sualınız cavabı bir daha özünü göstərir, xaricdə mühacir adı ilə fəaliyyət göstərən dairələrin ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası və onun sifarişçiləri güclü Azərbaycan istəmirlər.
- Narahatlıq doğuran bir məqam da mühacir müxalifətin xaricdəki müəyyən dairələrin, xüsusi xidmət orqanlarının maraqlarına xidmət etməsidir. Bu fakt nə dərəcədə təhlükəlidir?
- Qeyd etdiyim kimi, bu insanlar sadəcə olaraq alət rolunda çıxış edirlər və onlar müxtəlif sifarişləri yerinə yetirirlər. Azərbaycan xalqının genetik kodunda xəyanət yoxdur. Vətən bütün anlayışlardan öndə gəlir. Belə insanların bu cür əməlləri isə sadəcə olaraq təəssüf doğurur. Ona görə mən məsələni təhlükəli yox, təəssüfedici aldlandırmaq istərdim. Bir məsələ dəqiqdir ki, Azərbaycan gücləndikcə dostlarının olduğu kimi onu istəməyən qüvvələrin də sayı artır. Buna əsas səbəblərdən biri isə erməni diasporası və onların müttəfiqləridir. Hərbi və siyasi müstəvidə mübarizə apara bilməyən ermənilər vaxtaşarı müxtəlif kampaniyalar təşkil etməklə Azərbaycanı gözdən salmağa çalışırlar.
Təəssüf edirəm ki, özlərini mühacir adlandıran şəxslər birbaşa və ya dolayı olsa da bu kampaniyalara qoşulurlar. Bu isə müstəqil Azərbaycan uğrunda həlak olan insanların ruhlarına hörmətsizlikdir. Əsl vətənpərvərlik nümunəsini gücünü vətəni gözdən salmağa yox, onu gücləndirməyə çalışmaq olardı. Daha güclü Azərbaycanın olması üçün isə hər bir azərbaycanlı öz əlindən gələni etməlidir.
- Azərbaycanda siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyinə qarşı ölkəmizdəki siyasi partiyaların və vətəndaş cəmiyyətinin həmrəyliyi nə dərəcədə zəruridir?
- Tutduğu vəzifədən, çalışdığı yerdən, təhsilindən, dünyagörüşündən və s. asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, Azərbaycanı azərbaycanlılardan daha çox heç kəs sevə bilməz. Azərbaycan bizim hər birimiz üçün müqəddəsdir. Dünyada kifayət qədər xarici müdaxilələr nəticəsində məhv olmuş dövlətlər vardır. Həmin dövlətlərə isə daha gözəl həyat vəd edilirdi. Nəticə hər birimizin gözü qarşısındadır. Təbii ki, bu cür müdaxilələri ölkəmizə etmək mümkün deyil. Çünki Azərbaycan güclü dövlətdir, onun güclü lideri var və Azərbaycan xalqı kifayət qədər müdrikdir. Ölkəmizin daha da güclənməsi üçün hər bir sağlam qüvvənin cəmiyyətə düzgün mesajlar verməsi vacibdir. Siyasi partiyalar, vətəndaş cəmiyyəti nümayəndələri xarici müdaxilələrə ciddi müqavimət göstərməlidirlər.
Xüsusilə vətəndaş cəmiyyəti nümayəndələri bu prosesdə vacib rol oyanaya bilərlər. Bildiyiniz kimi ölkələr haqqında müəyyən hesabatlar məhz QHT-lərin rəyləri əsasında formalaşır. Odur ki, QHT-lər Azərbaycan reallıqlarının düzgün çatdırılması və dezinformasiyaya qarşı mübarizədə vacib rol oynayırlar. Onların bu işlərə töhvəsi kifayət qədər vacibdir. Siyasi partiyalar da həmçinin ümumölkə məsələlərində əməkdaşlığa yer verməlidirlər.
Xüsusi qeyd etmək istərdim ki, hər zaman belə məqamlarda Yeni Azərbaycan Partiyası öz avanqard mövqeyini nümayiş etdirir və ölkə üçün hər bir sağlam təşkilatı əməkdaşlığa çağırır.

yap.org.az