Siyasət

  • 3 705

"Bəzi azərbaycanlı “gənclər” narazılıq fonu yaratmağa çalışırlar" ÖZƏL-MÜNASİBƏT

image

“Bu gün Azərbaycan MDB məkanında gənclər siyasətinin miqyasına və effektinə görə ön sırada qərarlaşıb. Respublikamızın hər bir gəncinin istənilən sahədə özünü təsdiq etməsi və potensialını reallaşdırması üçün kifayət qədər əlverişli şərait yaradılıb. Daha dəqiq olsun deyə, burada qruplaşma da apararaq fikrimizin nə qədər doğru olduğunu isbatlaya bilərik”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.YAP GB sədrinin sözlərinə görə, hazırda ölkəmizdə idman, elm-təhsil, mədəniyyət-incəsənət, ictimai-siyasi və sosial-iqtisadi fəaliyyət sahələrində gənclərin malik olduqları bacarıqları nümayiş etdirməsi üçün infrastruktur və maddi-texniki bazanın gücləndirilməsi baxımından bütün lazımi işlər görülüb: “Azərbaycanda idman sahəsinə meyilli olan gənclərin uğurlu çıxışları üçün 20-dən artıq Olimpiya Kompleksləri inşa edilib və müxtəlif güzəştlər tətbiq olunub. Buna görədir ki, yaradılmış şəraitdən bəhrələnən gənclər əldə etdikləri nailiyyətlərlə Azərbaycanın idman ölkəsi kimi tanınmasına səbəb olublar.Elm-təhsil sahəsində də ciddi addımların atılması, elm ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi, gənc alimlərin bu sahədəki fəaliyyətlərini stimullaşdıran güzəştlərin tətbiq olunması, həmçinin, xaricdə təhsil almaq və Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək istəyənlər üçün xüsusi Dövlət Proqramının qəbul edilməsi sözügedən istiqamət üzrə də gənclərin uğurlar əldə etməsinə səbəb olub. Eyni sözləri, mədəniyyət-incəsənət, ictimai-siyasi və sosial-iqtisadi fəaliyyət sahələrinə də aid etmək olar.Bir sözlə, bu gün ölkəmizdə gənclərimizin intellektual və kreativ fəaliyyətinin düzgün istiqamətləndirilməsi və nailiyyətlərin əldə olunması üçün mükəmməl şərait yaradılıb. Bu vəziyyətdən düzgün istiqamətdə bəhrələnən gənclərimiz isə hazırda respublikamızın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar. Malik olduqları potensialı reallaşdırmaqla, ölkəmizin inkişafına öz töhfələrini verirlər.Amma təəssüflər olsun ki, bu gün Azərbaycan gənclərini düzgün olmayan istiqamətə yönəltməyə çalışan bəzi xarici qüvvələr var. Onlar ideoloji-informativ manipulyasiya vasitəsilə cəmiyyətdəki “çatışmazlıqları” gənclərin beyninə yeridərək, onlardan idarə olunan obyekt hazırlamağa cəhd göstərirlər. Ümumiyyətlə, bəşər tarixindən də bəllidir ki, heç bir zaman ideal cəmiyyət olmayıb. Əlbəttə ki, hazırki Azərbaycan cəmiyyətində də müəyyən çatışmazlıqlar olub. Ola bilsin ki, hansısa səbəblər üzündən bir sıra qabiliyyətli gənclər diqqətdən kənarda qalıb. Amma Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi daim bütün gücü ilə çalışıb ki, ölkəmizin bütün kreativ gənclərini üzə çıxarsın və onlara özlərini təsdiq etmək üçün bütün şəraiti olan fəaliyyət platforması versin. Hətta, deyim ki, biz artıq buna nail olmuşuq. Mən düşünürəm ki, artıq bu cür hallar cəmiyyətimizdə mövcud deyil. Lakin çox təəssüflər olsun ki, xaricdə yaşayan və düşmənlərlə əlbir olan bəzi azərbaycanlı “gənclər” müxtəlif vasitələrdən istifadə etməklə, narazılıq fonu yaratmağa çalışırlar. Xüsusilə də, internet üzərindən bu fəaliyyəti həyata keçirərək, blef və manipulyasiyalarla məşğul olurlar. Əlbəttə ki, həmin qüvvələrə dəstək verən və ölkəsinin inkişafının davamlı olmasını istəməyən daxili satellitlər, radikallar da mövcuddur. Onlar ölkəmizdə yaradılmış demokratik şəraitdən sui-istifadə etməklə, dediyiniz aqressiya fonunu yaratmağa cəhd göstərirlər. Əslində isə vəziyyət tamamilə fərqlidir.Biz gənclərlə daim ünsiyyətdə olan və onlarla işləyən təşkilat olduğumuza görə, Azərbaycan gəncliyinin nə düşündüyünü çox yaxşı bilirik. Hətta apardığımız söhbətlərdən, sosial şəbəkələr üzərindən keçirdiyimiz sorğulardan da bəlli olur ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Yəni, düşmən qüvvələr nə qədər çalışsalar da, gənclərdə hansısa aqressiya və ya hakimiyyətə qarşı çıxış hissi oyada bilməzlər”.

sia.az

Digər xəbərlər