Siyasət

  • 3 843

Hüseynbala Mirələmov: Dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək

image

Cənab Prezident İlham Əliyevin hərtərəfli inkişaf strategiyasının mahiyyətində mövcud imkan və resurslara söykənərək Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olmaq dayanır. Bununla yanaşı Prezidentin müəyyənləşdirdiyi bu kompleks inkişaf xətti səmərəli dövlət idarəetməsini, qanunun aliliyini, insanların hüquq və azadlıqlarının tam təminatını və vətəndaşların respublikamızın ictimai həyatında fəal statusunu da özündə ehtiva edir.

Prezidentin 16 illik fəaliyyəti nəticəsində Azərbaycan hazırda iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətədavamlı ölkəyə çevrilib. Bu gün Azərbaycanın ən ucqar bölgələrində də vətəndaşlarımızın rahat gündəlik həyatı üçün zəruri olan rabitə, internet, bank və kommunal xidmətlər, yollar və digər kommunikasiyalar, səviyyəli səhiyyə və təhsil xidmətləri təmin edilib.
1990-cı illərin yoxsul Azərbaycanı bu gün əhalinin gəlirlərinin yüksək olduğu, işsizlik səviyyəsinin minimum həddə endirildiyi, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə malik və hər bir vətəndaşı üçün geniş imkanlar təqdim edə bilən regionun lider dövlətlərindən birinə çevrilib. Bundan başqa Azərbaycan Prezidenti ölkəmizi beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəltməyi əsas hədəf kimi müəyyənləşdirərək bunun reallaşdırılması istiqamətində çalışır.
Məhz Azərbaycanın bu sadaladığımız çoxşaxəli inkişafı qaçıb xaricdə mühacir adının kölgəsində gizlənib dövlətimizə qarşı çirkin kampaniyalar aparan qaragüruhu dərindən narahat edir. Həmin bu qaragüruh mühacirlər merkantil maraqları ucbatından anti-Azərbaycan dairəyə daxil olan müxtəlif xarici kəşfiyyat orqanlarının, ermənipərəst qüvvələrin və digər bədniyyət çevrələrin əlində alətə çevrilirlər. Zaman-zaman Azərbaycana qarşı təsir rıçaqları kimi istifadə edilən mühacirlərin sırf qrant üçün öz dövlətinə və dövlətçilik ənənələrinə ziyan vurmaq cəhdləri uğursuzluqla nəticələnib və bundan sonra da onların çirkin niyyətləri reallaşmayacaq. Ona görə ki, Azərbaycan yuxarıda sadaladığımız kimi bu gün öz ayaqları üzərində müstəqil siyasət yürüdən qüdrətli dövlətdir, ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, xalqımız seçdiyi və sevdiyi Prezidentinin ətrafında yumruq kimi birləşib. Cənab Prezidentin həyata keçirdiyi siyasi xətt cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir.
Xalqımız həmişə zamanın sınaqlarından üzüağ çıxıb və bundan sonra da anti-Azərbaycan mövqe sərgiləyən bir ovuc qara qüvvənin dövlətimizə qarşı apardığı mənfur planları puça çıxaracaq. Xaricdən idarə olunan bu cür qüvvələrin müdaxilələri heç vaxt hədəfinə çatmayacaq.
Ətrafına yüzminlərlə vətəndaşımızı toplayan Yeni Azərbaycan Partiyası həmişə belə həssas məqamlarda lokomotiv qüvvə olduğunu nümayiş etdirərək cəmiyyəti dövlətimizə qarşı qarayaxma kampaniyası aparanlara qarşı mübarizədə həmrəyliyə çağırır. Çünki YAP-ın Azərbaycanın milli dövlətçilik tarixində, cəmiyyət həyatında kəsb etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından çox-çox üstündür. Partiyamızın fəaliyyətinin ilk günlərindən dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəsin bu partiyada öz yerini görməsi, onun sıralarında, təəssübkeşliyində, Heydər Əliyev ideyaları ətrafında sıx birləşməsi də bir daha sübut edir ki, ölkəmizdəki siyasi proseslərə xarici müdaxilə cəhdləri heç vaxt münbit şərait tapmayacaq və hər zamankı kimi fiaskoya uğrayacaq. Güclü dövlətimiz və xalqımız heç vaxt xarici müdaxilələrə imkan verməyəcək.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov

yap.org.az

Digər xəbərlər