Siyasət

  • 4 346

Böyük və tarixi Çin sadəliyi – səfər təəssüratlarımdan ştrixlər...

image


“Sadəlik insanın ən gözəl keyfiyyətlərindən biridir”
Çin filosofu, Konfutsi
Fikirlərimi məhz Çinin, həmçinin bəşərin tarixi filosofu – Konfutsinin məhz bu kəlamları ilə ona görə başladım ki, aparacağım səfər qeydlərimi daha anlamlı şəkildə dəyərli oxucularıma çatdıra bilim. Bəli, budəfəki səfər dünyanın ən qədim və tarixi köklərinə bağlı olan Çin Xalq Respublikasına idi və ilk növbədə mən çinlilərin vəzifələrindən, statuslarından asılı olmayaraq, onların nə qədər sadə bir xalq olduğunun növbəti dəfə şahidinə çevrildim.Hələ Bakının Heydər Əliyev adına hava limanından Pekinə uçmağa hazırlaşarkən, düşüncələrimdə 3 il öncəki səfər təəssüratlarım canlanmağa başlamışdı. Düşünürdüm ki, dünyanın sürətlə inkişaf edən, istehsalat texnologiyaları, sənayesi, flora və faunası ilə dünya bazarının ən münbit yerlərinə sahib olan Çin ötən qısa müddət ərzində nə qədər dəyişilə bilər? Bu suallarla, yeniliklər görmək maraqları ilə təyyarədəki yerimizi tutduq və ÇXR-in paytaxtı Pekinə doğru səfərimiz başladı.

Çin səfəri hər birimizin həyat sərlövhəsində yeni, maraqlı səhifə açmış oldu

Digər mövzulara keçməmişdən öncə xatırladım ki, səfərimizin məqsədi Yeni Azərbaycan Partiyasının (YAP) Çin Xalq Respublikası Kommunist Partiyası (ÇKP) ilə əlaqələrinin 20-ci ildönümündə iştirak etməkdən ibarət olub. Nə az, nə çox - düz 20 ildir ki, ölkəmizin hakim partiyası dünyanın bir sıra siyasi partiyaları ilə yanaşı, həm də Çinin Kommunist Partiyası ilə sıx əlaqələrini qurub, münasibətlərini inkişaf etdirib və bu münasibətlər ən yüksək səviyyədə özünü tərənnüm edib. Böyük nümayəndə heyətimizin Çin səfəri hər birimizin həyat sərlövhəsində yeni, maraqlı səhifə açmış oldu.Beləliklə, təyyarəmiz Pekin Beynəlxalq Hava Limanına eniş etdi və hava laynerinin trapından aşağı enərkən, bizi ilk növbədə bu ölkənin yumşaq və qonaqpərvərlik havası qarşıladı.

Görüşlər əlaqələrimizin daha da möhkəmlənməsinə, möhkəm təməllərə söykənməsinə stimul verdi

Qeyd edim ki, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəblinin rəhbərlik etdiyi 19 nəfərdən ibarət nümayəndə heyətimiz səfər çərçivəsində ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departameninin rəis müavini Van Min, ÇKP MK-nın Ali Partiya Məktəbinin beynəlxalq əməkdaşlıq şöbəsinin direktoru xanım Dun Tsin və Məktəbin təhsil şöbəsinin direktoru xanım Lo Mintsi, ÇKP MK-nın Beynəlxalq şöbəsinin nazir səviyyəsində rəhbəri Sun Tao və digər şəxslərlə görüşlər keçirib, YAP və ÇKP, Azərbaycan və Çin xalqları arasındakı dostluq münasibətləri, Çinin “Bir kəmər – bir yol” təşəbbüsünün reallaşmasında Azərbaycanın rolu müzakirə olunub, dövlət idarəçiliyi sahəsində iki ölkə arasında təcrübə mübadiləsi aparılıb. Ümumiyyətlə, bu görüşlər əlaqələrimizin daha da möhkəmlənməsinə, davamlılığına, o cümlədən, möhkəm təməllərə söykənməsinə daha bir stimul vermiş oldu.Qeyd edim ki, Çin Kommunist Partiyası 90 milyona yaxın insanı özündə birləşdirir. Eləcə də, ənənəvi kommunist partiyalarından fərqli olaraq, ÇKP modern kommunuzm ideologiyası əsasında fəaliyyət göstərir. Burada zəka, ciddi nizam-intizam, milli dəyərlər və çeviklik əsas önəm daşımaqdadır. Bu ideoloji yanaşma Çinin dünya ölkələrinin ən aparıcı gücləri ilə rəqabətə girməsinə, hətta zaman-zaman üstələməsinə səbəb olmaqdadır. Ümumiyyətlə, 3 il əvvəl – 2016-cı il səfərimlə haqqında bəhs etdiyim cari səfərim arasında çox böyük irəliləyişləri müşahidə etmiş oldum. Əsasən, Çinin dinamik islahatçı ölkə kimi tərəqqi etdiyinə bir daha əminliklə yanaşdım.

Çin deyilərkən tükənməz potensiallıq faktoru önə çıxmaqdadır

Digər düşüncələrimi və səfər təəssüratlarımı bölüşərkən, diqqətimi növbəti maraqlı məqamlar cəlb etdi. Bu, ilk növbədə çinlilərin punktuallığı və xüsusilə inzibatçılıq məsələlərində ən kiçik detallarına qədər incəliklərə varmalarıdır. Demək olar ki, bütün görüşlərimizdə bizimlə təmasda olan və müşahidə edən ÇKP təmsilçiləri ardıcıllıqları qoruyur, hətta fotoşəkil çəkdirərkən belə, kimin-kimdən daha öncə dayanması kimi amillər nəzərə alınırdı. Demək istəməzdim ki, bu kommunizm ideologiyasının bir göstəricisidir. Əksinə, bu çin xalqının nə qədər diqqətcil, böyüklük-kiçiklik məsələlərində nə qədər həssas olmalarının təzahürüdür. Daha dəqiq desəm, Çin olduqca zəngin və müxtəlif mədəniyyətlərə malik olan bir ölkədir və bu ölkənin ənənəvi mədəniyyəti min illər boyu təcrid olunmuş vəziyyətdə formalaşmışdır.

Tarixə nəzər salarsaq, 1949-cu ildən sonra bu mədəniyyətin kommunizmin ideologi təsiri ilə daha çox zənginləşdiyini deyə bilərik. 1980-ci illərdən bəri isə, Çin hökuməti ənənəvi mədəniyyətin canlanması istiqamətində işlər aparmağa başladı. Belə də demək mümkündür ki, müasir Çin mədəniyyəti qloballaşma prosesləri ilə əlaqəli ənənəvi mədəniyyət, kommunist ideyaları və post-modernist təsirin qarışığıdır.Biz, Çin şəhərlərini gəzərkən, hər bir şəhərin özünəməxsus gözəlliklərinin, memarlıq abidələrinin füsunkarlıqlarının, özəlliklə, şəhərlərdəki təmizliklərin, abadlıqların nə qədər yüksək səviyyədə təmin olduğunu müşahidə etdik. Atdığımız hər bir addım, müşahidə etdiyimiz hər bir məqam bizə bu ölkənin tarixi və mədəni ecazkarlıqlarından xəbər verirdi. Bütövlükdə, Çin deyilərkən, tükənməz potensiallıq faktoru önə çıxmaqdadır.

Şanxay – müasirliklə qədimliyin sintezi


Nümayəndə heyətimizin Pekin, Şanxay, Fenqjinq şəhərlərindəki gəzintisi, ekskurs etdiyimiz tarixi binalar, qədim mədəblər sanki əsrlər öncəki reallıqları yenidən gözlərimiz önündə canlandırılırdı. Müasirliklə qədim tarixin sintezi sözün əsl mənasında bu ölkəni, şəhərlərini ziyarət edən hər kəsi valeh edir. Paytaxt Pekindən başlayaraq, Böyük Çin səddinə, həmçinin İmperator sarayına qədər nəzərimizə dəyən hər bir incəlik bu ölkənin, bu xalqın nəhəng epoxaya malik olduğunu nümayiş etdirirdi.Əsasən, bizə sual edirlər ki, siz Çində hansı qida növlərindən istifadə edirsiniz? Düzdür, mən qurman olmasam da, Çinin çoxşaxəli mətbəxi ilə də hər zaman maraqlanmışam. Əlbəttə, çinlilərə məxsus özəl mətbəxlər mövcuddur, lakin bu ölkədə müsəlmanların, digər dünyəvi dinlərə məxsus insanların da yaşadıqlarını nəzərə alarsaq, demək olar ki, bütün böyük şəhərlərində beynəlxalq mətbəxlərə əsaslanan iaşə xidmətləri fəaliyyət göstərir. O cümlədən, bizim nümayəndə heyətimizi qonaqlayan otelin restoranında və s. ziyafətlər təşkil edilən müəssisələrdə əsasən, Avropa mətbəxi təqdim olundu. Lakin çinin ənənəvi mətbəxinin də çox dadlı, ləziz yeməkləri vardır.Bizim Şanxay şəhərinə etdiyimiz səfər də özünəməxsusluğu və unudulmazlığı ilə xatirələrimizə yazıldı. Şanxayda keçirilən görüşdən sonra, nümayəndə heyəti şəhərin mərkəzində yerləşən və “Şərqin Mirvarisi” adlandırılan radio -TV qülləsində olduq. Bu qüllədən sanki bütün Çin mavi səmalardan görünməkdədir. Qeyd edim ki, Şanxay şəhəri Çinin ən böyük meqapolisidir. Çinin şərq sahilində Yangtze çayı deltasında məkan qurmuş bu şəhər olduqca sıxdır. Şanxay həmçinin, ən əhəmiyyətli liman şəhəridir. Əbəs deyil ki, şəhər xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq göstərilir. Şanxayın göydələnləri, ən müasir standartlara cavab verən biznes mərkəzləri bir çox nüfuzlu mərkəzlərlə rəqabətə girməkdədir.Daha sonra 1500 yaşı olan Fenqjinq tarixi şəhərinə ekskursiya təşkil edildi və biz daha bir tarixi ecazkarlıqla qarşı-qarşıya qaldıq. Canlı şəhər olan Fenqjinq 15 əsrlik həyatında hansı hadisələrə şahid olubsa, bu öz yerində, ancaq bu şəhərdə hələ də ailələrin yaşaması və müasir həyatla ayaqlaşması həqiqətən də çox maraqlı bir reallığı nümayiş etdirməkdədir. Ümumiyyətlə, çin xalqının öz tarixini qoruyub-saxlamaları həm də bir nümunədir desək, yanılmarıq.

Gördüklərimizin, seyr etdiklərimizin hər bir məqamında məhz sadəlik öz sözünü dedi


Beləliklə, baş tutan Çin səfərindən aldığım bütün təəssüratları bir araya gətirib, onların təhlilini apararsaq, buna nə vaxt, nə də zaman yetişər. Çinin iqtisadiyyatı, kənd təsərrüfatı, heyvandarlıq sahəsi, balıqçılıq, çayçılıq, tütünçülük və s. qida, yeyinti, ağır və yüngül sənayeləri bu ölkənin tükənməyən potensialının aşkar göstəricisidir. Bu baxımdan, nümayəndə heyətimiz qədim Çin diyarından ayrılarkən, yenidən bu ölkəyə qayıtmaq ümidi ilə hava limanına doğru istiqamət aldıq...Təəssüratlarımı yazımın əvvəlində qeyd etdiyim böyük çin filosofu Konfutsinin həmin ifadələri ilə sona çatdırmaq istəyirəm - sadəlik insanın ən gözəl keyfiyyətlərindən biridir. Bəli, bizim gördüklərimizin, seyr etdiklərimizin hər bir məqamında məhz sadəlik öz sözünü dedi – tarixi Çin sadəliyi...

Bəhruz QULİYEV,
Bakı-Pekin-Şanxay-Pekin-Bakı