Siyasət

  • 3 480

Nazir Luici Di Maio: İtaliya Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda maraqlıdır

image

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə əsaslandığı, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadiyyat, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.
İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər zamanı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio iki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu bildirib və İtaliyanın Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.
Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. O, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik boru kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisinin razılaşdırılmış qrafik üzrə başa çatdırılmasının vacibliyini deyib.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.

yap.org.az

Digər xəbərlər