Siyasət

  • 9 727

“Əsrin müqaviləsi”ndən 25 il ötdü

image

Bu müqavilə Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdən birincisidir

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru sayılan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. “Əsrin müqaviləsi” adlandırılan bu saziş müstəqil Azərbaycanın neft salnaməsinə əbədi həkk olundu. 1994-cü il sentyabrın 20-də imzalanan və “Əsrin müqaviləsi” kimi təşəkkül tapan neft müqaviləsi Azərbaycanın müstəqillik tarixində imzalanan ən önəmli və həyati dəyərə malik beynəlxalq müqavilələrdəndir. Bu müqavilə müasir Azərbaycanın inkişaf perspektivləri baxımından, o cümlədən, iqtisadiyyatın dirçəldilməsi və şaxələndirilməsi prosesində olduqca mühüm rola malikdir. Tarixi müqavilə müasir və qüdrətli Azərbaycanın təməlini möhkəmlətdi, ölkənin bu gününün və gələcəyinin uğurlu inkişafına yol açdı. “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. “Əsrin müqaviləsi”nin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli yüksəldi. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirdi.

AZƏRBAYCAN İNVESTİSİYALARA AÇIQ BİR DÖVLƏTƏ ÇEVRİLDİ

Təbii ki, Azərbaycan neftinin xaricə çıxarılması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən siyasəti nəticəsində, “Əsrin müqaviləsi” Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar, bu layihə təsdiqini tapdıqdan sonra, sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. 18 oktyabr 1991-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra beynəlxalq müqavilələr imzalanmışdı, amma “Əsrin müqaviləsi”nin imzalanması, məhz Azərbaycan iqtisadiyyatını irəliyə doğru aparan amillərdən biri oldu. Azərbaycan iqtisadiyyatının dirçəldilməsində bu müqavilənin böyük əhəmiyyəti var.

Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması üçün yol açdı. 1994-cü ildən bu günə qədər ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə, özlüyündə, qeyri-neft sektorunun da inkişafını təmin etdi. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Məhz bu layihədən əldə olunan gəlir sayəsində, Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı və müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da, nəticə etibarı ilə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların və konsepsiyaların reallaşmasına şərait yaratdı.

“ƏSRİN MÜQAVİLƏSİ” YALNIZ AZƏRBAYCAN ÜÇÜN DEYİL, REGİON VƏ AVROPA ÜÇÜN BİR SIRA PROBLEMLƏRİ HƏLL ETMİŞ OLDU

“Əsrin müqaviləsi”nə qədər Azərbaycan kifayət qədər yol gedib. Azərbaycan dövlətinin təbii sərvətlərinə sahib çıxmaq üçün atdığı addımlar əsrin müqaviləsində öz əksini tapıb. Dünyada təbii sərvətlərlə zəngin olan və onu dünya bazarına çıxaran dövlətlər çoxdur. Ancaq onlardan heç də hamısı uğur qazanmayıb. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla, yalnız Azərbaycan üçün deyil, region və Avropa üçün bir sıra problemləri həll etmiş oldu. Bu müqavilənin izalanması güclü Azərbaycanın əsasını qoydu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Nəticədə, enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin, ciddi geosiyasi alətə çevrildi. Azərbaycan, artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Qlobal arenada enerji təzhizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi.

Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində, neft və qazın bir neçə kəmər vasitəsi ilə Azərbaycandan Avropaya çıxarılması təmin edilib. Azərbaycan üçün nə vaxtsa hər hansı bir kəmərdə təhlükə yaransa, hansısa bir hadisə baş verərsə, digər kəmər vasitəsi ilə təbii sərvətini xarici dövlətə çıxara biləcək. “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri dünyada bənzəri olmayan mühəndis qurğusudur. Bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir.

Ötən 25 il ərzində, ölkənin sosial-iqtisadi göstəriciləri kifayət qədər dəyişib. Bu inkişafın təməli isə “Əsrin müqaviləsi” imzalandığı gün qoyulmuşdu. Onu da bildirək ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə sentyabrın 20-si “Neftçilər Günü” kimi elan olunub. Hər il neftçilər öz peşə bayramlarını qeyd edirlər. Həmin gün hər il əməkdə fərqlənən neftçilər Azərbaycan Prezidentinin Sərəncamı ilə fəxri adlarla təltif olunurlar. Neft sənayesində uzun müddət səmərəli əmək fəaliyyətinə görə, onlarla neftçi Prezidentin Fərdi Təqaüdünə layiq görülüb. Bu gün neftçilər üçün ikiqat bayrama çevrilib. Bu günü neftçilər həm “Əsrin müqaviləsi”ni, həm də peşə bayramı günü kimi qeyd edirlər.

AZƏRBAYCAN ÖZ NEFT KAPİTALINI İNSAN KAPİTALINA ÇEVİRİR

Artıq bu gün Azərbaycan regionun lider dövlətidir və iqtisadiyyatının inkişafında neft amilinin böyük rolu var. Neftdən əldə olunan gəlir qeyri-neft sektorunun inkişafına yönəldilir ki, bu da ölkə iqtisadiyyatının, bütünlüklə çiçəklənməsi deməkdir.

Ümummilli Lider Heydər Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti nəticəsində, bu gün neft Azərbaycan xalqının rifahına xidmət edərək, ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Bu müqavilə makroiqtisadi və sosial göstəricilərə öz təsirini göstərib. Tarixi reallıqlara, statistik göstəricilərə əsaslanaraq, deyə bilərik ki, neft gəlirləri nəticəsində, baş vermiş iqtisadi sıçrayış əhalinin gəlirlərinin artımasına, yoxsulluğun azaldılmasına və başqa sahələrdə irəliləyişə səbəb oldu. Ölkədə aztəminatlı ailələrin sosial təminatı gücləndirilib, təhsil və səhiyyə sektorlarında, xüsusilə də, infrastrukturun yenilənməsi, xidmət səviyyəsinin artırılması və bu sahələrdə çalışanların əmək haqlarının artırılmasına diqqət yetirilib. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz neft kapitalını insan kapitalına çevirir.

“AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ” NƏHƏNG NEFT YATAĞININ İŞLƏNİLMƏSİNDƏ YENİ DÖVR BAŞLANDI

2017-ci ildə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edildi və yenidən tərtib olunmuş saziş imzalandı. Bu, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövrün başlanması kimi qiymətləndirilib. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Müqavilənin uzadılması gələcək üçün uzunmüddətli çiçəklənməni və sabitliyi təmin edəcək. Yeni imzalanan müqavilə Azərbaycan üçün daha da əlverişlidir. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, 1994-cü ildə imzalanmış kontraktın bizim maraqlarımızı tam təmin etməsinə baxmayaraq, bu dəfə isə, daha yaxşı şərtlərlə kontrakt imzalanır: “Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir”. Bu şərtlərin isə Azərbaycanın gələcək inkişafında əhəmiyyəti böyükdür.

Həqiqətən də, ölkəmizdə uğurla inkişaf etdirilən neft strategiyası, neftlə bağlı əldə olunan nailiyyətlərimiz, bilavasitə Ulu Öndər Heydər Əliyev qətiyyətinin nəticəsidir və bu gün Onun kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir. İyirmi beş il ərzində Azərbaycan böyük yol keçmişdir. Azərbaycanda enerji sektorunda böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır: “Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə də hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində, biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır”.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər