Rövnəq Abdullayev: Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olub

“Xalqımız Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edir. Bir əsrin dörddə biri qədər zaman kəsiyini geridə qoymuşuq.“Əsrin müqaviləsi”nin icrası prosesi bizim üçün 25 il ərzində alışdığımız adi həyat tərzi və fəaliyyətimizin obyektiv inikasıdırsa, tarixi baxımdan, uzunmüddətli perspektiv və gələcəyə nəzər saldıqda bu hadisə Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi olmuşdur. Ötən 25 ildə qazandığımız uğurların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bariz şəkildə hiss olunur. Bizə nə qədər adi gəlsə də, görülən titanik işlər öz həcminə və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyrətamizdir. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin, dönməz və məqsədyönlü fəaliyyətin, ilk növbədə isə müstəqil dövlətçiliyimizin memarı, Ulu öndər Heydər Əliyevin siyasi dühasının, müdrik uzaqgörənliyinin, yorulmaz səylərinin nəticələridir”. Bu fikirləri yap.org.az saytına müsahibəsində SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev deyib.
R.Abdullayev bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyevin qalibiyyətli enerji strategiyasının təməl daşıolmuş “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qarantına çevrilmiş uzunmüddətli enerji strategiyası bu gün də Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə yol açır, neft-qaz sənayemizi daha yüksək zirvələrə aparır.
“Möhtərəm Prezidentimiz İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən onu “uğurlu inkişafımızın əsas mənbəyi” adlandırır. Son 25 ildə ölkəmizdə neft hasilatı 4 dəfədən çox artmışdır. Bu, olduqca böyük nəticədir və ölkə həyatının bütün sahələrində özünü parlaq şəkildə büruzə vermişdir. Əldə olunan neft gəlirlərinin səmərəli idarə edilməsi nəticəsində ordunun, təhsil, elm və səhiyyə müəssisələrinin müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, urbanizasiya və müasir şəhər infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə əsl sıçrayış baş vermişdir.
Təsadüfi deyil ki, bu 25 il ərzində ölkədə ümumi daxili məhsul 216 dəfə artmış, yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalmışdır. Azərbaycan bu gün iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Ölkədə abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər simasını dəyişir, iritutumlu sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında əks olunur. İqtisadiyyatın, sosial inkişafın müxtəlif seqmentlərində keçirilən layihələr, dövlət və özəl müəssisələr tərəfindən qoyulan sərmayələr həm birbaşa, həm də dolayısı ilə yüz minlərlə, milyonlarla Azərbaycan vətəndaşı üçün iş yerləri, biznes imkanları, müxtəlif sahələrdə dayanıqlı, fəal qazanc mənbələri yaradıb. Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin, ilk növbədə isə, xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə səbəb olub”-deyə, R.Abdullayev vurğulayıb.

yap.org.az