Siyasət

  • 3 917

MDB-dən başlanan yol: Azərbaycan hansı üstünlüklər əldə etdi?

image

Sentyabrın 20-də Azərbaycanın MDB məkanına daxil olmasının 26-cı ili tamam olur və biz ötən zamanın və ümumilikdə ölkəmizin bu məkandakı rolunun analitik təhlilini apararsaq, bir sıra faktorlar və məqamlar diqqətimizi cəlb edə bilər. Belə ki, həmin ərəfələr Azərbaycanla yanaşı, digər post sovet respublikaları da yenicə müstəqillik əldə etmişdilər və istər-istəməz xarici təsirlər həmin respublikalara öz təsirlərini göstərirdi. Bu baxımdan, MDB-nin yaradılması ideyası həm də müəyyən məsələlərdə öz vacibliyini əsaslandırırdı. Bu baxımdan, 8 dekabr 1991-ci ildə Belorusun paytaxtı Minsk şəhərində “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” imzalandı və 20 sentyabr 1993-cü ildə Azərbaycan parlamenti - Milli Məclis MDB-yə qoşulmağa dair sazişi ratifikasiya etdi. Bununla da ölkəmizin siyasi-iqtisadi siyasətində yeni mərhələyə start verildi. Çünki Azərbaycan eyni zamanda yerləşdiyi coğrafi məkanda öz əhəmiyyəti ilə seçilən dövlət kimi mövqeyini möhkəməndirməli və bu istiqamətdə siyasi xəttini təkmilləşdirməli idi. Düzdür, həmin dövrün ictimai-siyasi ab-havası fərqli idi, hətta belə iddialar da var idi ki, MDB-nin yaradılması SSRİ-nin bərpası üçün nəzərdə tutulub və s. Lakin sonrakı proseslər həmin iddiaları tamamilə alt-üst etdi və bu qurumun yeni çağırışlara əsaslandığı reallığı məntiqlə sübuta yetirildi.

Ölkəmizin beynəlxalq münasibətlər sistemində formalaşması üçün ilk addımlar Ulu Öndərin qətiyyəti sayəsində atıldı
Digər tərəfdən, daha bir reallıq onda idi ki, Azərbaycan yeni müstəqillik əldə etsə də, həmin vaxtların iqtidarı istər daxili, istərsə də xarici siyasətində çox ciddi səhvlərə yol verir, hətta ölkəmizin siyasi xəritədə qalıb-qalmaması məsələsi bir sıra dairələrin masaları üzərində mövzuya çevrilmişdi. Milli dövlətçilik faktoru demək olar ki, itirilmək üzrə idi. Bunun isə qarşısını əlbəttə ki, Ulu Öndər Heydər Əliyev aldı. Məhz Onun xalqın tələbi ilə hakimiyyətə qayıdışı sözügedən təhlükələri uzaqlaşdırdı, məhv etdi. Bəs bütün bunları həyata keçirmək üçün hansı addımların atılması zəruriliyi yaranmışdı? Əlbəttə ki, bu sualın cavabı da bilavasitə Heydər Əliyevin xarici siyasət strategiyası əsasında, o cümlədən, həmin strategiyanın bazis prinsipində dayanır. Daha dəqiq desək, ölkəmizin beynəlxalq münasibətlər sistemində formalaşması üçün ilk addımlar Ulu Öndərin qətiyyəti sayəsində atıldı və Qərbə inteqrasiya ilə yanaşı, region ölkələri ilə qonşuluq prinsipi, həmçinin ayrıca olaraq türkdilli və müsəlman ölkələrlə münasibətlərin qurulması prosesinə başlanıldı.
MDB-nin yaradılması ərəfəsində Heydər Əliyevin Moskvaya səfəri ermənipərəst dairələri niyə narahat edirdi?
Təbii ki, ortada iqtisadi maraqların və bu sahədəki münasibətlər fonunda qarşılıqlı addımların atılması, qərarların verilməsi baxımından münbit şərait yaradıldı. Xüsusilə, bütün dövrlərdə Cənubi Qafqaz regionunda kifayət qədər təsir imkanları olan, o cümlədən, MDB məkanında müxtəlif təşəbbüslərlə çıxış edən Rusiya ilə yeni münasibətlərin formalaşdırılması üçün Heydər Əliyev çox müsbət strateji gedişlər həyata keçirdi, o cümlədən, özünün ilk səfərlərindən birini Moskvaya etdi. Məsələ ondadır ki, həmin ərəfələrdə Azərbaycanın MDB-yə daxil olması məsələsi müzakirə olunurdu. Bu baxımdan, ölkəmizin həmin qərarı bilavasitə Rusiya tərəfindən də dəstəkləndi. Xüsusilə, Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasəti qarşılığında Rusiyadakı ermənipərəst dairələr çıxılmaz vəziyyətdə qaldı, o cümlədən, onların Rusiya siyasətindəki təsirləri azaldı. Rusiya isə ölkəmizə qarşı mövcud olan siyasətində korrektələr etməli oldu. Bununla da, rəsmi Bakı MDB çərçivəsində Ermənistanın anti-Azərbaycan siyasətinə qarşı əngəl yaratdı.
Əgər Azərbaycan MDB-yə üzv olmasa idi...
İqtisadi əməkdaşlığa gəlincə, qarşıda yeni layihələrin imzalanması, o cümlədən, Xəzərin enerji yataqlarrının istifadəsi və xarici şirkətlərlə imzalanacaq sazişlər, enerji resurslarının Avropaya və digər ölkələrə quru və dəniz nəqliyyatı vasitəsi ilə daşınması kimi müqavilələrin imzalanması prosedurları və s. dayanırdı. Ümumiyyətlə, əgər biz nəzərə alarsaq ki, Azərbaycan MDB-yə üzv olmasa idi, bu zaman ölkəmizi çox çətin və hətta amansız sınaqlar gözləyə bilərdi. Bütövlükdə isə, yuxarıda da qeyd edildiyi kimi, ölkəmizin çox həssas və mühüm coğrafi mövqedə yerləşməsi həmin geosiyasi proseslərin həyata keçirilməsini şərtləndirirdi və nəinki siyasi-iqtisadi, o cümlədən, sosial, mədəni və başqa siyasətlərin bu məkanda formalaşdırılması, ərsəyə gətirilib inkişafa doğru istiqamətləndirilməsi amilləri bir sifariş kimi qarşıya qoyulmuşdu ki, dahi şəxsiyyət Heydər Əliyev bütün bunları qısa zaman kəsimində tətbiq etdi.
MDB və İlham Əliyev faktoru: Azərbaycan daha nələri əldə etdi?
Artıq bu gün müasir-müstəqil Azərbaycan dövləti həm MDB ölkələri, həm də beynəlxalq siyasi arena sırasında ən önəmli, söz sahibinə çevrilmiş mərkəz rolunu oynayır. Demək olar ki, ölkəmizin perspektivləri bütünlüklə MDB-yə öz ardıcıl töhfələrini verməkdədir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev cənablarının sözügedən məkanda siyasi xətt strategiyasını daha da inkişaf etdirməsi qarşıda dayanan nəhəng layihələrin icrası, reallaşdırılması məsələsində özünü kifayət qədər ifadə etməkdədir. Əgər nəzərə alarsaq ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, yəni ədalətli həlli yönündə beynəlxalq aləmlə yanaşı, MDB məkanı da haqq səsimizə dəstək göstərir bu zaman belə nəticəyə gəlmək olar ki, ölkəmiz işğalçı Ermənistan dövlətindən fərqli olaraq ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələsində də öncül yerlərdən birini tutur. Misal üçün, biz MDB ölkələri başçılarının müxtəlif görüşləri, konfrans və forumları çərçivəsində Azərbaycanın dövlət başçısına verilən yüksək qiyməti hər zaman müşahidə etmişik. Əsasən, Ermənistanın nüfuz baxımından bu məkanda heç bir rola malik olmaması faktı da göz önündədir. Bütün bu reallıqlar isə bir həqiqəti ehtiva etməkdədir: məhz 26 il əvvəl ölkəmizin MDB-yə üzv olması Azərbaycanın inkişaf xəttinin uğurlu nəticələrini kifayət qədər təsdiqləyir.

Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru

Digər xəbərlər