Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir

“Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühiti hökm sürür. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın iqtisadi qüdrətinin artmasını, beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının ölkənin davamlı tərəqqisinə xidmət etdiyini deyən millət vəkili əlavə edib ki, ölkəmizdə dövlət siyasətinin çox mühüm tərkib hissəsini sosial siyasət təşkil edir: “Azərbaycanda səmərəli sosial siyasət həyata keçirilir, vətəndaşlar yüksək dövlət qayğısı ilə əhatə olunublar. Bu istiqamətdə mütəmadi olaraq Fərman və sərəncamlar imzalanır, müvafiq qərarlar qəbul olunur. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir”.
“Bununla yanaşı, Azərbaycan dünya siyasi arenasında çox mühüm nailiyyətlərə imza atıb, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirib, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə nail olub. Bütövlükdə, beynəlxalq aləmdə böyük nüfuz qazanan Azərbaycan regionun aparıcı dövlətinə çevrilib”, - deyə S.Qafarova vurğulayıb.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyev daim dövlətin mənafeyini - milli maraqları rəhbər tutur, Öz fəaliyyətində xalqın dəstəyinə arxalanır: “Prezident İlham Əliyevin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir, bu siyasətin inkişafa, firavan gələcəyə xidmət etdiyini əminliklə bildirir”.

yap.org.az