Siyasət

  • 4 350

Dövlət başçısı tərəfindən verilən qərarlar insanların firavanlığını təmin edir

image

Prezident İlham Əliyev: “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir dövrün tələbinə uyğun islahatlar, icra edilən iqtisadi proqram və sərəncamlar ölkəmizin nüfuzunun sərhədlərini genişləndirməklə bərabər, insan amilinin də inkişafına güclü təkan verib. Azərbaycan öz daxili siyasətində insan amilinə prioritet istiqamət verməklə həm iqtisadi, həm sosial və həm də siyasi proseslərdə önəmli mövqe qazanıb.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanda dövlət siyasətinin prioritetini insanların yüksək rifah və firavan yaşaması təşkil edir. Bu, müasir Azərbaycan dövlətinin siyasətinin əsas xəttini təşkil edir. Ölkə başçısı hər bir addımında, verdiyi bütün qərarlarda, ilk olaraq, məhz insanları düşünür. “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyev əməli fəaliyyətində bunu dəfələrlə göstərib. Əlbəttə, Azərbaycan dövləti, Azərbaycan Prezidenti hər zaman öz vətəndaşının yanındadır, onun firavan yaşayışını, təhlükəsiz həyatını təmin etmək iqtidarındadır. Hər bir Azərbaycan vətəndaşı ölkənin sosial-iqtisadi inkişafının dinamik xarakter aldığını, hər yerdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığının şahidi olur. Çoxlu sayda sosial obyektlər istifadəyə verilir, yol infrastrukturu yenilənir, zavodlar, fabriklər tikilir, iş yerləri açılır, maaş və müavinətlər dəfələrlə artıb, ən əsası, əhalinin yaşayış səviyyəsi durmadan yaxşılaşır. Bu, Cənab Prezidentin uğurlu daxili siyasətinin məntiqi nəticəsidir.

İQTİSADİ CƏHƏTDƏN GÜCLÜ AZƏRBAYCAN İSTƏNİLƏN ÇƏTİNLİKLƏRİ ASANLIQLA ARADAN QALDIRMAĞA

QADİR OLAN DÖVLƏTDİR

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələ baş verən zaman dövlətmiz tərəfindən ciddi addımların atılması dövlətin hər bir vətəndaşın yanında istənilən zaman olduğunu bir daha təsdiq etmiş oldu. Zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş, sosial və infrastruktur obyektlərə ziyan dəymişdi. Təbii fəlakətdən dərhal sonra, görülən təxirəsalınmaz tədbirlər nəticəsində, adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edildi, zərər çəkmiş əhaliyə ilkin yardım göstərildi. Cənab Prezident Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılmasını təmin etmək məqsədilə baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, ilkin olaraq, 2 (iki) milyon manat ayrıldı.

Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində, hazırda da zəruri tədbirlər görülür. Dövlət başçısının 12 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə baş vermiş zəlzələ nəticəsində, Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat Şamaxı rayon icra hakimiyyətinə ayrılıb. Dövlət başçısının daha bir - 13 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə baş vermiş zəlzələ nəticəsində, Ağsu rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2 (iki) milyon manat Ağsu rayon icra hakimiyyətinə ayrılıb.

Əlbəttə ki, dövlətin öz vətəndaşının yanında olması bütün çətinliklərin aradan qaldırılmasında önəmlidir. İqtisadi cəhətdən güclü dövlət olan Azərbaycana dəymiş ziyanı asanlıqla aradan qaldırır. Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, “...heç bir təbii fəlakət bizi sarsıda bilməz. Azərbaycan dövləti güclü dövlətdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zəlzələdən əziyyət çəkən sakinlərlə görüşü öz vətəndaşının yanında istənilən zaman olduğunu bir daha təsdiqləmiş oldu. Zəlzələ nəticəsində, zərərçəkən vətəndaşlar dövlətimizin başçısının diqqət və qayğısını bir daha görmüş oldular. Dövlət başçısının hər bir vətəndaşın çətin anında yanında olmasından insanlar şərəf duyur və xalqımızı xoşbəxt gələcəyə aparan Lider ətrafında daha da sıx birləşiblər.

“MƏN ÇOX ŞADAM Kİ, YARARSIZ, YƏNİ QƏZALI BİNALARIN DEMƏK OLAR, YARISI ARTIQ YENİDƏN TİKİLƏRƏK İSTİFADƏYƏ VERİLİB”

Bu günlərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarına səfəri və zəlzələdən zərər çəkmiş sakinlərlə görüşü, bir daha, dövlətin öz vətəndaşına olan münasibətinin təzahürüdür. Mehriban Əliyeva Şamaxı rayonunun Muğanlı kənd sakini Zamiq Səfərova məxsus, zəlzələ nəticəsində, qəzalı vəziyyətə düşmüş evin yerində inşa olunan evə baxıb. Səfərovlar ailəsi ən çətin anlarda onların yanında olmalarına və zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün göstərdikləri köməyə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiribdi. Mehriban xanım Əliyeva “Fevralın 5-də zəlzələ oldu, 7-də Şamaxıya Prezident gəldi və vəziyyətlə tanış oldu” deyərək, dövlət başçısının dərhal göstərişlər verdiyini və maliyyə vəsaiti ayrıldığının diqqətə çatdırıb: “Mən çox şadam ki, yararsız, yəni qəzalı binaların demək olar, yarısı artıq yenidən tikilərək istifadəyə verilib”.

Qeyd etdiyimiz kimi, bu ilin fevralında baş verən zəlzələ İsmayıllı rayonuna da ziyan vurmuş oldu və dövlətimizin başçısı rayonda zəlzələnin ziyan vurduğu evlərin bərpası ilə bağlı tapşırıqlarını vermişdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti İsmayıllı rayonuna səfəri zamanı Diyallı kənd sakini Sədiqə Orucovaya məxsus, zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən yeni evə gələrək, burada yaradılan şəraitlə tanış olub. “Mən Cənab Prezidentin tapşırığı ilə Şamaxı və İsmayıllı rayonlarına gəlmişəm. Çox şadam ki, bizim vətəndaşlar belə qısa bir zamanda yeni, tam rahat, hər bir şəraitlə təmin olunmuş evdə yaşayırlar” deyən Mehriban xanım Əliyeva bir çox evlərin, demək olar ki, yenidən tikildiyini vurğulayıb: “2 minə yaxın evdə bərpa işləri aparılır. Mən çox şadam ki, işlərin demək olar, yarısı tamamlanıb. Soydaşlarımız artıq yeni, daha rahat, daha geniş evlərdə yaşayırlar. Bu işlərdə Heydər Əliyev Fondu da çox fəaldır. Heydər Əliyev Fondunun dəstəyi ilə 3 rayonda 87 fərdi ev sakinlər üçün tikilir, hər bir rayonun kəndində yeni məktəb tikilib istifadəyə verilir, tibb məntəqələrində bərpa işləri aparılır, eyni zamanda, Şamaxıda çoxmərtəbəli 170 mənzillik 3 yeni bina inşa olunur. Yəni bu, dövlətin öz vətəndaşına göstərdiyi qayğının təzahürüdür. Azərbaycan dövlətinin siyasəti hər zaman sosialyönümlü olub və bu addımlar davam edəcək. Həm Cənab Prezident, həm də hökumət tərəfindən atılan addımların əsas məqsədi Azərbaycan xalqının, Azərbaycanda yaşayan hər bir vətəndaşın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılmasıdır. Uzun illərdir ki, bu istiqamətdə ardıcıl işlər aparılır”.

“AZƏRBAYCAN DÖVLƏTİNİN SİYASƏTİ HƏR ZAMAN SOSİALYÖNÜMLÜ OLUB VƏ BU ADDIMLAR DAVAM EDƏCƏK”

Birinci vitse-prezident Mehriban Xanım Əliyeva ölkədə görülən işlərdən danışarkən, regionların sosial-iqtisadi inkişafı proqramının əhəmiyyətini vurğulayıb, bu gün bütün rayonlarımızın abadlaşdığını, yeni infrastrukturla təmin edildiyini, yeni iş yerlərinin yaradıldığını diqqətə çatdırıb: “2004-cü ildən regionların sosial-iqtisadi inkişafı proqramı həyata keçirilir. Biz keçmişə nəzər salsaq, görərik ki, bütün ölkə üzrə, bütün rayonlarımız, regionlarımız, qəsəbələrimiz, kəndlərimiz nə qədər abadlaşıb. Yeni infrastruktur yaradılıb, yeni yollar salınıb, 640 yeni müasir xəstəxana tikilib, ölkədə mövcud olan 5 min məktəbdən 4 minə yaxını ya bərpa olunub, ya da yenidən inşa edilib. Yəni bu, bütün istiqamətlərdə aparılan işlərdir. Regionlarda həm sənaye parkları, həm də aqroparklar salınır. Bu, öz növbəsində, yeni iş yerlərinin açılmasıdır, əhalinin məşğulluğudur. Ona görə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən atılan addımlar və proqramlar davam edəcək. Əlbəttə, bu işlər Azərbaycanın gələcək inkişafına, Azərbaycan xalqının yaşayış şəraitinin daha da yaxşılaşmasına xidmət edəcək”.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər