Əli Əhmədov: Dövlət yaşlı insana qayğının getdikcə daha çox hissəsini böyük məmnuniyyətlə öz üzərinə götürür

Baş nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə özünün rəsmi facebook səhifəsində “Dövlət yaşli insana qayğının getdikcə daha çox hissəsini böyük məmnuniyyətlə öz üzərinə götürür” sərlövhəli məqalə paylaşmışdır.
Baş nazirin müavini Əli Əhmədov qeyd edir: “ 1 oktyabr tarixi dünyada ahıllar günü kimi qeyd olunur. Yaşlılara qayğı bəşəri sivilizasiyaların ən ali dəyərlərindən sayılır. Azərbaycan xalqına xas olan mədəni və əxlaqi dəyərlər bu sırada xüsusi yer tutur. Yaşlı insanlara qayğı və diqqət ailənin və cəmiyyətin təməl prinsipləri kimi əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb. İndi həmin prinsip və dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin sosial siyasətində özünün təcəssümünü tapır. Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edən insana qayğı prinsipi dediklərimizin əyani sübutu hesab edilməlidir”.
Azərbaycanda ahıl insanlara dövlət qayğısından bəhs edən YAP Sədrinin müavini Əli Əhmədov daha sonra bildirir: “Azərbaycanda orta ömür ildən-ilə uzanır, yaşlı və ahıl əhali artır. Eyni zamanda dövlətin əhalinin bu kateqoriyasına diqqəti və qayğısı da daim artmaqdadır. Dayanıqlı pensiya təminatı, pensiyaların məbləğinin mütəmadi olaraq artırılması, ehtiyacı olanlara səhiyyə xidmətlərinin göstərilməsi ahılların həyatının rahatlığına etibarlı zəmanətdir. İndi yaşlı insana qayğı göstərilməsi təkcə onun yaxınlarının vəzifəsi deyil. Bu işin getdikcə daha çox hissəsini böyük məmnuniyyətlə dövlət öz üzərinə götürür. Əlbəttə, bu, övladların valideynləri qarşısında borcunu yerinə yetirməkdən onları azad etmir və etməməlidir. Valideynin qayğısını çəkmək hər kəsin müqəddəs, insani borcu, kamilliyinin ifadəsidir. Sevindirici haldır ki, ölkəmizdə ailələrin və insanlarımızın əksəriyyətinə bu keyfiyyətlər yüksək dərəcədə xasdır.
Hər bir ahıl vətəndaş əmindir ki, o tək deyil, ailəsinin, yaxınlarının və dövlətinin hər cür qayğısı ilə əhatə olunub. Gəlin onlara möhkəm can sağlığı və uzun ömür arzulayaq”.

yap.org.az