"Mitinq üçün ən yaxşı yer stadiondur" Əli Əhmədov

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, Ə.Əhmədov deyib ki, o şey ki, icazəsizdir, onu etmək olmaz.Ə.Əhmədov vurğulayıb ki, onlara Qaradağ rayonunun Lökbatan qəsəbəsində yer ayrılıb: “Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər. Mitinq üçün ən yaxşı yer stadiondur. Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq vaxtilə həmin stadionda mitinqlər keçirmişik”.

sia.az