AŞ-da Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tədbiri keçirilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız yarım-sessiyası çərçivəsində oktyabrın 2-də Avropa Şurasının mənzil-qərargahında Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi mövzusunda tədbir keçirilib.SİA Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinə istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi tərəfindən, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə təşkil edilən bu tədbirdə AŞPA üzvləri, katibliyin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbiri açan AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət quruculuğunda çağdaş dəyərləri əsas götürdüyünü və cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara eyni hüquqlar verdiyini bildirib. O, müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçki hüququnun verilməsini tarixi bir hadisə kimi qiymətləndirib və xüsusilə bir sıra Qərb ölkələrindən əvvəl qadınların bu hüququnun ölkəmizdə tanınmasının əlamətdar bir nailiyyət olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin tərkibində qadınların nisbətinin hər çağırışda artdığını və bunun cəmiyyətdə qadınların rolunun artması ilə bağlı yaxşı göstərici olduğunu qeyd edib.Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova bildirib ki, Azərbaycan qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması baxımından nümunəvi bir ölkədir. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qadın hüquqlarının qorunmasını əsas prioritetləri sırasına daxil etdiyini, bir sıra qanunlar və qərarlar qəbul etdiyini, o cümlədən beynəlxalq sənədlərə qoşulduğunu qeyd edib. Daha sonra

S.Qafarova vurğulayıb ki, Azərbaycan AŞ-yə üzv olduqdan sonra bu təşkilatla fəal əməkdaşlıq edir, AŞPA-da ölkəmiz on iki parlament üzvündən ibarət nümayəndə heyəti ilə təmsil olunur, onlardan altı nəfəri - yarısı qadınlardır.Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri Rövzət Qasımov Azərbarbaycanda qadınlara seçki hüququnun verilməsinin tarixi və qadınların hal-hazırda ölkənin ictimai-siyasi həyatında, xüsusən seçki prosesində rolu ilə bağlı çıxış edib. O, qadınlara seçki hüququ verilməsinin AXC-nin təsis sənədi olan İstiqlal Bəyannaməsində öz əksinin tapdığı və bu hüququn qanunvericilikdə təsbit olunduğu ilə bağlı tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb. MSK Katibliyinin müdiri öz çıxışında həmçinin müasir dövrdə Azərbaycanda qadınların seçki prosesində iştirakı və bununla bağlı statistik məlumatları tədbir iştirakçıları ilə bölüşüb.BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin (CEDAW) üzvü Elgün Səfərov bildirib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi, xüsusilə də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi XX əsrin əvvələrindən başlanılıb. O, qeyd edib ki, müsəlman dünyasında qızlar üçün birinci məktəbin açılması, “İşıq” jurnalının çapı, mətbuatda qadın hüquqlarının qeyd edilməsi Azərbaycan cəmiyyətində qadınların aktiv iştirakını təcəssüm etdirib. Bundan əlavə, o, müasir zamanda Azərbaycanda qadınların cəmiyyətdə aparıcı qüvvə hesab edildiyini və onların sayının bələdiyyə sistemində 35%, sahibkarlıqda 30%, Milli Məclisdə 17% təşkil etməsinə dair maraqlı faktları iştirakçıların diqqətinə çatdırıb.Siyasi Psixologiya Mərkəzinin direktor müavini Ayan İsmayılova öz məruzəsində BMT-nin qadınların cəmiyyətdə rolunun artırılmasını Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) uğurlu həyata keçirilməsi üçün vacib hesab etdiyini xatırladıb. O, gender bərabərliyi ilə bağlı DİM üzrə gənc səfir olduğunu qeyd edərək, qadınların dəstəklənməsi ilə əlaqəli
layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. A.İsmayılova nəhayət gənc xanımların ölkəmizin ictimai həyatında iştirakının artdığını vurğulayıb və bu xüsusda öz nümunəsində bütün yaş qruplarından olan gənclərin iştirakı ilə həyata keçirilən bir sıra layihələr barədə məlumat verib.
Daha sonra auditoriya tərəfindən qaldırılan suallar məruzəçilər tərəfindən
cavablandırılıb.

sia.az