Malik Həsənov: 26 il öncə Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb

“Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 26 il ötür. Bu hadisə Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, Ulu Öndərin o zaman hakimiyyətə qayıtmasını zəruri edən ciddi tarixi əsaslar var idi. Belə ki, 1991-ci ildə müstəqilliyini əldə etmiş Azərbaycan ciddi siyasi və iqtisadi problemlərlə qarşı-qarşıya idi. Xüsusilə də, həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı xaos meydanına çevirmiş, ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir acınacaqlı vəziyyətdə Azərbaycanı düşdüyü ağır şəraitdən – faciə və fəlakətlərdən xilas edəcək güclü siyasi liderə ehtiyac var idi. Bu şəxsiyyət məhz böyük dövlət xadimi, dahi siyasətçi Heydər Əliyev idi. Millət vəkilinin sözlərinə görə, xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu: “Həmin il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu”.
“1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən Heydər Əliyev ölkəmizi tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı, respublikamızın qarşısında yeni perspektivlər açıldı. Xalqımızın və dövlətimizin xilaskarı olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli, məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycan güclü, qüdrətli bir dövlətə çevrildi, ölkəmiz beynəlxalq arenada söz və nüfuz sahibi kimi çıxış etməyə başladı, etibarlı tərəfdaş kimi tanındı. Müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında uğurla və inamla inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanaraq inkişaf yolunda əmin addımlarla irəliləyən qüdrətli Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir”-deyə, deputat qeyd edib.

yap.org.az