Bakıda "Türk Şurası: Naxçıvan Sazişinin 10 illik yubileyi" mövzusunda konfrans işə başlayıb

Oktyabrın 3-də Bakıda "Türk Şurası: Naxçıvan Sazişinin 10 illik yubileyi" mövzusunda konfrans işə başlayıb.AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv və müşahidəçi ölkələrdən nümayəndələr, rəsmi şəxslər, deputatlar, “beyin mərkəzləri”nin rəhbərləri iştirak ediblər.Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ XIX əsrin sonlarında yaranmışdı. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib.Fərid Şəfiyev qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq Türk Şurası üçün xüsusi əhəmiyyət kəsb edir. Lakin türk dövlətləri arasında ticarətin həcmi istənilən səviyyədə deyil. Turizm təkcə iqtisadi sahə deyil, eyni zamanda, mədəni əlaqələrin inkişafı üçün bir vasitədir və Türk Şurasına üzv dövlətlər bu sahənin inkişafına xüsusi diqqət ayırmalıdırlar.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fərid Şəfiyev bildirib ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar. Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe nümayiş etdirməlidirlər. Çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir.Türk Şurasının Baş katibinin müavini İsmət Gözəlov deyib ki, Türk Şurası müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verir. İndiyədək keçirilən görüşlərin mövzusu fərqli sahələri əhatə edib. Şuranın fəaliyyəti digər beynəlxalq təşkilatların fəaliyyəti ilə uzlaşır. Bu il üzv ölkələrin birgə Ticarət və Sənaye Palatası yaradılıb. Hazırda birgə İnvestisiya Fondunun yaradılması barədə fikir mübadiləsi aparılır.Xarici İşlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, Türk Şurası üzv dövlətlər arasında münasibətlərin genişləndirilməsi baxımında əhəmiyyətli platformadır. Şura türk xalqlarının ortaq mədəniyyətinin və irsinin qorunmasında mühüm rol oynayır. Tarixi İpək Yolunun canlandırılması iqtisadi sahədə əməkdaşlığımızın prioritetlərindən birini təşkil edir. Nazir müavini Naxçıvan Sazişinin türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə bundan sonra da böyük töhfələr verəcəyinə əmin olduğunu bildirib.Sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Türkiyə Xarici İşlər Nazirliyi, Macarıstan Xarici Əlaqələr və Ticarət İnstitutu və Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutu arasında anlaşma memorandumları imzalanıb.Tədbir “Türk Şurasının institutlaşmasının qarşısındakı problemlər və perspektivlər” və “Üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri” mövzularında panel iclaslarla davam edib.Birinci paneldə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi Fondun fəaliyyəti, gördüyü işlər barədə ətraflı danışıb. Bildirib ki, Fond qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini əhatə edən müxtəlif layihələrə imza atıb.Günay Əfəndiyeva vurğulayıb ki, hazırda dünyadakı qeyri-sabitliyə qarşı birgə mübarizə aparılmalıdır. Müasir keşməkeşli dünyada fikir, təcrübə mübadilələrinə ciddi ehtiyac var. Qədim tarixi, böyük mədəni irsi var olan türk xalqları hər zaman sülhün və maariflənmənin tərəfdarı olublar.Konfrans müzakirələrlə davam edir.

AZƏRTAC