"Baş verənlər birmənalı olaraq komandamıza qarşı təxribatdır" AÇIQLAMA-ÖZƏL

“Bildiyiniz kimi ötən gün Prezident, Ali Baş Komandan İlham Əliyev Rusiya Federasiyasında keçirilən “Valday” beynəlxalq tədbirdə etdiyi çıxışında ölkəmizin mövqeyini net şəkildə ifadə etdi. Ölkə başçısı birmənalı olaraq Dağlıq Qarabağ və onun ətrafında olan rayonların Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya bəyan etdi”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.O bildirib ki, ATƏT-in Minsk qrupuna daxil olan və digər ölkələrin rəhbərlərinin, dünya ölkələrinin mətbuatının iştirak etdiyi tədbirdə hər kəs Azərbaycanın Dağlıq Qarabağla bağlı qəti mövqeyini bir daha eşitmiş oldu: “Çox güman ki Azərbaycan prezidentinin mesajı Ermənistan tərəfini şillə kimi tutduğu üçün onlar tərəfindən müəyyən təxribatların həyata keçirilməsi düşünülmüşdü. Bunun nəticəsində də ötən gün axşam saatlarında UEFA Avropa Liqasının Lüksemburqda keçirilən “F91 Düdelanj” - “Qarabağ” oyunun 30-cu dəqiqəsində arenaya dron vasitəsilə əski parçası - qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağı dalğalandırılıb”.Baş verənlərə qarşı Azərbaycan idmançısı, futbol komandası, xüsusilə də “Qarabağ” adını daşıyan oyunçular tərəfindən kəskin etiraz edildiyini deyən R. Abbasov söyləyib ki, bunun nəticəsində həmin ölkənin idman nazirinin açıqlaması həmin dövlətdə təşkil olunan təxribata cavab oldu.İdarə rəisi qeyd edib ki, Azərbaycan dövləti bundan sonra da bu cür təxribatların Prezidenti başda olmaqla bütün sahələrdə cavabını verəcək: “Azərbaycan Futbol Federasiyası Assosiasiyası rəsmi şəkildə UEFA-ya etiraz məktub göndərəcək”.R.Abbasov vurğulayıb ki, ötən gün edilən təxribat birmənalı olaraq beynəlxalq müstəvidə pislənilir: “Azərbaycan nümayəndə heyəti “Qarabağ”ın oyununda mövqeyini bildirərək, həmin klubun rəhbərliyi, ölkənin Futbol Federasiyası, İdman Nazirliyinə iradlarını çatdırıb. Qeyd edilib ki, baş verənlər birmənalı olaraq komandamıza qarşı yönələn təxribatdır. Hesab edirik ki, bundan sonra baş verə biləcək hər hansı təxribata təmkinlə, konkret iş, müsbət nəticələrimizlə cavab verərək, məntiqi ali məqsədimizə çatacağıq”.

sia.az