Siyasət

  • 6 442

Əli Əhmədov: Seçdiyimiz yol kifayət qədər düzgün və uğurlu bir yoldur

image

“Bu gün biz növbəti dəfə Azərbaycanın gözəl şəhərlərindən olan Yevlaxda olmağımızdan məmnunluğumu bildirirəm. Hər dəfə Yevlaxa gələndə buranın gözəlliyi, buranın simasının dəyişməsi, müasirləşməsi, yeniləşməsi bizi çox sevindirir”. Bu fikirləri bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Yevlax şəhər təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin müşavirəsində çıxışı zamanı deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycanda bizim hər birimizin qürur mənbəyinə çevrilmiş, ölkəmizin böyük templə sürətlənməsinin çox gözəl nümunələrindən biri də Yevlaxdır: “Hesab edirəm ki, burada şəhərimizin yeniləşməsi bütövlükdə ölkəmizin yeniləşməsinin ən bariz ifadəsi kimi qəbul oluna bilər. İnsanlarımız 10-15 il bundan əvvəl Yevlaxdakı vəziyyəti çox gözəl xatırlayır. İnsanlar burada çox ağır vəziyyətdə yaşayırdılar. Hətta qurunt suları da qalxmışdı. Bütün bunlar insanlar üçün əlavə çətinliklər yaradırdı. İndi isə həyat tamamilə dəyişib. Yevlax Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilib. Bu imkanlar, bu şəraitlər insanın həyatını rahat etmək üçün yaradılıb. Vaxtilə insanlarımızı narahat edən çoxlu problemlər indi həllini tapıb. Bu problemlər indi insanlara keçmişdə olan xəyal kimi görünür. Təbii ki, bütün bunların hamısının kökündə duran başlıca amil Heydər Əliyev siyasətidir. Bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və böyük bir məhəbbətlə həyata keçirilməsidir. Yevlax heç zaman belə güclü, gözəl və müasir olmamışdı. Amma biz inanırıq və həqiqət də bundan ibarətdir ki, bundan sonra Azərbaycan daha da gözəl, daha da inkişaf etmiş olacaq, insanlarımız üçün daha gözəl şərait və imkan yaradılacaqdır. Ötən illər bir həqiqəti bizə çox aydın şəkildə qəbul etdirib. Bu da ondan ibarətdir ki, bizim qəbul etdiyimiz, daxil olduğumuz hər yeni il yola saldığımız ildən daha yaxşı olub”.
Baş nazirin müavini deyib ki, 2019-cu il 2018-ci ldən daha yaxşı il olub: “Eləcə də 2018-ci il 2017-ci ildən daha yaxşı il idi. Bu həyatın ortaya qoyduğu gerçəklikdir. Deyə bilərik ki, 2020-ci il 2019-cu ildən daha yaxşı il olacaqdır. İnsanın yaşaması üçün, insanın həyatının rahatlığının artması üçün daha yaxşı il olacaqdır. Bu minvalla nə qədər bu iqtidar hakimiyyətdir, nə qədər İlham Əliyev Azərbaycanın Prezidentidir Azərbaycan daim inkişaf edəcək. Ona görə ki, biz düz yol seçmişik. Bu yolun mahiyyəti də insana xidmətdən ibarətdir. Prezidentimiz dəfələrlə vurğulayıb, bəyan edib və Prezident olaraq bildirib ki, onun əsas məqsədi həyata keçirdiyi siyasətin qayəsi insana xidmət etməkdən ibarətdir. İnsan bizim ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində dayanır. İnsandan ali bir dəyər yoxdur ki, ona xidmət edəsən. Və bizdə ona xidmət edirik. Buna görə də seçdiyimiz yol kifayət qədər düzgün və uğurlu bir yoldur. Bu yolla Azərbaycan nə qədər gedəcəksə, o qədər Azərbaycan uğur qazanacaq, o qədər Azərbaycan inkişaf edəcək. Təbiidir ki, bu inkişafdan ən çox fayda götürən də Azərbaycanın insanı, Azərbaycanın vətəndaşı olacaqdır. Bizim həyatımızın həqiqəti bundan ibarətdir”.
Görüşlərin Yeni Azərbaycan Partiyasının ilk təşkilatları ilə sistem şəklini almış görüşlər çərçivəsində həyata keçirildiyini deyən Əli Əhmədov qeyd edib ki, məqsəd Yeni Azərbaycan Partiyasının ilk təşkilatları ilə bizim təmaslarımız daha da artsın, güclənsin, ilk təşkilatların fəallığı daha da yüksəlmiş olsun: “İlk təşkilatlar Yeni Azərbaycan Partiyasının bütövlükdə qarşısında duran vəzifələrin həyata keçirilməsində və Prezidentin siyasətinin həyata keçirilməsində daha yaxından iştirak etsinlər, partiyanın böyük gücünü səfərbər edə bilsinlər. YAP-ın sıralarında 750-ə minə yaxın Azərbaycan vətəndaşı yerləşib. Bu sadəcə statistika deyil. Bu qədər insanın, bu qədər Azərbaycan vətəndaşının özü də fəal Azərbaycan vətəndaşının Heydər Əliyev siyasətinə inamının ifadəsidir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə inamının, siyasətdə iştirak etmək niyyətinin və istəyinin ifadəsidir. Bu mənada 750 min sadəcə olaraq rəqəm kimi bizim düşüncəmizdə böyük qüdrət mənasını kəsb etmir, bu eyni zamanda bu qədər insanın bir ideya uğrunda birləşməsi mənasında əzəmətli bir güc rolunda çıxış edir”.

yap.org.az

Digər xəbərlər