Siyasət

  • 5 179

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib

image

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Zirvə Görüşünü açan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət və hökumət başçılarını salamlayıb:

-Hörmətli Nursultan Abişeviç.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

Mən sizin hamınızı səmimiyyətlə salamlayır və Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

Qırğız Respublikasının Prezidenti Sooronbay Şaripoviç Jeenbekova ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Qazaxıstanın birinci Prezidenti, bizim ağsaqqalımız Nursultan Abişeviç Nazarbayev Türk Şurasının fəxri sədri statusunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Abişeviçə Türk Şurasının fəxri sədri adı verilmişdir. Nursultan Nazarbayevin türk dünyasında əlaqələrin inkişafı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında böyük xidmətləri vardır.

Özbəkistan Respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hörmətli, Şavkat Miromonoviç Mirziyoyevə bu müdrik qərarına görə təşəkkür edirəm. Özbəkistanın bu qərarı türk dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edəcək.

Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın Baş Naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəliyinin ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.

İndi isə sözü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının hazırkı sədri qismində Qırğız Respublikasının Prezidenti Sooronbay Şərifoviç Jeenbekova verirəm.

X X X

Qırğızıstan dövlətinin başçısı görüşdə çıxış edib. Prezident Sooronbay Şaripoviç Jeenbekov öz çıxışında qeyd edib ki, Qırğızıstanın təşkilatda sədrlik dövrü başa çatmaq üzrədir:

“Biz ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi üçün əlimizdən gələni etmişik. Bizim Şuranın yaradıldığı vaxtdan təşkil edilmiş 55 tədbirdən 15-i Qırğızıstanda keçirilib. Qırğızıstanın sədrliyi dövründə Özbəkistan Şuranın tamhüquqlu üzvü olub, Macarıstan isə bizim təşkilatda müşahidəçi statusu əldə edib. İnanırıq ki, bizim Şuranın Budapeştdə açılmış nümayəndəliyi türk dövlətlərinin və Avropa ölkələrinin sivilizasiyaları arasında qarşılıqlı münasibətlərin və əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq. Zənnimcə, Özbəkistanın və Macarıstanın iştirakı ilə bizim bütün qarşılıqlı münasibətlərimiz yeni təkan alacaq. İnanıram ki, biz gələcəkdə ölkələrimizin inteqrasiyasına və yeni mühüm sənədlərin qəbul edilməsinə nail olacağıq. Biz ölkələrimiz arasında investisiya-inteqrasiya fondu yarada bilmişik. Nəqliyyat və sənaye sahələrində çalışırıq, Qırğızıstan həm də İslam Əməkdaşlıq Təşkilatında bizim Şuranın müşahidəçi statusu alması üçün ərəb ölkələri ilə çox səmərəli iş aparır. Katiblik bu istiqamətdə işini davam etdirməlidir. Oş şəhəri türk dünyasının mədəniyyət mərkəzi seçilib. Biz bir sıra mədəni-etnoqrafik tədbirlər, həmçinin “Oş türk sivilizasiyasının paytaxtıdır” adlı tədbir keçirmişik. Bu tədbirlərin təşkilində göstərdiyiniz dəstəyə görə sizin hamınıza təşəkkür edirəm. Ümidvaram ki, bu Zirvə Görüşünün nəticəsi kimi biz bir sıra yeni sənədlər qəbul edəcək və ticari-iqtisadi, investisiya əməkdaşlığının potensialını artıracağıq. Kiçik və orta müəssisələrin dəstəklənməsi xüsusilə vacibdir. Qeyd etdiyim kimi, Qırğızıstan bizim türkdilli ölkələrdən olan tərəfdaşlarımız üçün həmişə açıq olacaq. Hazırda Qırğızıstan ilə Türkiyə, Qazaxıstan və Özbəkistan arasında çoxsaylı müştərək müəssisə var. Biz Azərbaycandan və Macarıstandan olan tərəfdaşlarımızla işgüzar qarşılıqlı münasibətlərin inkişafında da maraqlıyıq. Bu gün mən informasiya-telekommunikasiya texnologiyaları sahəsində və “yaşıl” iqtisadiyyatın inkişaf etdirilməsində ölkələrimiz arasında əməkdaşlığı gücləndirməyi təklif edirəm. İndi isə çıxış üçün mənim qardaşım və dostum - Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının yeni sədri cənab İlham Heydər oğlu Əliyevə söz vermək istəyirəm.”

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış etdi. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında diqqətə çatdırıb ki, Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir:

“Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir.

Ötən on il ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bir təşkilat kimi əhəmiyyətli inkişaf yolu keçib. Şura ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayır. Türk Şurasının mötəbər beynəlxalq təşkilatlarla əlaqələri genişlənir. Hazırda BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla səmərəli əməkdaşlıq mövcuddur. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası zəngin mədəni irsimizin tədqiqi, maddi və mənəvi dəyərlərimizin dünya səviyyəsində təbliğində əhəmiyyətli rol oynayır. Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bu günlərdə növbəti Nəsimi festivalı təntənəli şəkildə keçirilib. Təqdirəlayiq haldır ki, TÜRKSOY dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan edib.

Türkdilli Ölkələrin Parlament Assambleyası uğurla fəaliyyət göstərir və bir neçə parlamentlərarası təşkilatlarla sıx əməkdaşlıq edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sahələrdə birgə fəaliyyətimiz xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edir.

Zirvə görüşlərimiz ənənəvi olaraq əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən mövzulara həsr olunur. Builki tədbirimizin “Kiçik və orta sahibkarlığın inkişafı” adlanan mövzusu mühüm aktuallıq kəsb edir. 2017-ci ildə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsidir. Ölkə daxilində və xaricində geniş fəaliyyət imkanlarına malik güclü sahibkarlar sinfi formalaşıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 36 min sahibkara 1,4 milyard ABŞ dolları həcmində güzəştli kredit ayrılıb. 2018-ci ildə özəl sektorun ölkəmizin ümumi daxili məhsulunda payı 85 faiz təşkil edir.

Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb. Ölkəyə 270 milyard dollardan çox sərmayə qoyulub ki, bunun yarısı xarici sərmayədir. Azərbaycan xarici borcu az olan dövlətdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik.

İqtisadi sahədə aparılmış islahatlar beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunur. Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Belə ki, Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard ABŞ dolları, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard ABŞ dolları təşkil edir.

Tarixən qədim İpək Yolunun üzərində yerləşən ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq təbii ki, əsas istiqamətlərdən biridir. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. 2017-ci ilin oktyabr ayında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu tarixi İpək Yolunun bərpasına bizim müştərək töhfəmizdir. Bakı Beynəlxalq Dəniz Limanı 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malikdir. Ehtiyac olduğu təqdirdə limanın yükaşırma qabiliyyəti 25 milyon ton yük və 1 milyon konteynerə kimi artırıla bilər. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. 2018-ci ildə türkdilli ölkələrdən 8 milyon ton yük Azərbaycan vasitəsilə daşınıb.

Bildiyiniz kimi, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir. İşğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimiz dağıdılıb və məhv edilib.

Ermənistan çalışır ki, müsəlman ölkələri ilə sıx əməkdaşlıq qursun. Ancaq dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və tam çıxarılması birmənalı olaraq tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul ediblər. Ermənistan bu qətnamə və qərarların tələblərinə məhəl qoymur, beynəlxalq hüquqi öhdəliklərinin icrasından boyun qaçırır.

Dağlıq Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır, Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin yekun bəyanatlarında da dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək davamlı olaraq təsbit edilir. Fürsətdən istifadə edərək, mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllini dəstəkləyən tərəfdaşlarımıza təşəkkür edirəm.

Azərbaycan bu gündən Türk Şurasına sədrliyi öz üzərinə götürür. Sizi əmin edirəm ki, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.”

Prezident İlham Əliyev: Hörmətli həmkarlar. İndi isə Türk Şurasının təsis etdiyi Türk Dünyasının Ali Ordenini Nursultan Abişeviç Nazarbayevə təqdim etmək istərdim.

Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordenini Nursultan Nazarbayevə təqdim edib.

Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev görüşdə çıxış edib. Nursultan Nazarbayev çıxışında bildirib ki, on il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etməklə əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi:

“Məhz bu yanaşma bizə indiki yubiley tədbirinə yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncüsü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.

Hörmətli dostlar, türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. Xüsusilə qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, “Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi - trast, yəni, inamdır, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.

Bizim 160 milyona yaxın sayda qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla yanaşı, hamımız bilirik ki, bu gün dünyada iri dövlətlər arasında qarşıdurma və etimad böhranı nəticəsində mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bəzən bizim Şuranın ölkələri arasında da öz həllini tələb edən məsələlər yaranır. Əlbəttə, belə şəraitdə biz əllərimizi yanımıza salıb oturmuruq. Birlikdə həll yollarını tapmışıq və həll etmişik. Həmişə də belə olmalıdır.”

Daha sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdə çıxış edib. O qeyd edib ki, Türk Şurasının digər çoxtərəfli platformalarla əməkdaşlığına və əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsinə önəm veririk. Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını arzu edirik:

“Beləliklə, türk dünyasında ortaq bir fondun qurulması təklifini dəstəkləyirik. Ancaq əvvəlcə bu fondun maliyyə, hüquqi və inzibati təməlləri sağlam qoyulmalıdır. Bu məsələdə katibliyin əlaqələndirməsi ilə aidiyyəti milli və beynəlxalq qurumların da təcrübəsindən istifadə edilərək genişmiqyaslı iş görülməsinin faydalı olduğunu düşünürük.

Beynəlxalq ticarətin dollar əsaslı olması qeyri-müəyyənlik şəraitində risklər yaradır. Buna görə iqtisadiyyatlarımız üzərindəki valyuta təsirini azaldacaq mexanizmləri tətbiq etməliyik. Yerli valyutalarla ticarətə əhəmiyyət verdiyimizi xüsusilə qeyd etmək istəyirəm.

Hörmətli qardaşlarım, Şərq-Qərb istiqamətində orta dəhliz üzərindən Xəzərdən və Türkiyə ərazisindən keçən nəqliyyat marşrutları böyük potensiala malikdir. Bu marşrutdan tam mənasında istifadə etməyimiz gömrüklərimiz arasında əməkdaşlığın inkişafından asılıdır. Təəssüf ki, kvotalar ticarətimizin qarşısında duran ən böyük maneələrdən biridir. Türk Şurası olaraq, aramızdakı kvotaları ortadan qaldırmalıyıq. Bundan başqa, diasporlarımızın birgə fəaliyyət göstərmələrinə dair layihələrə də önəm verməliyik.

Hazırda Türk Şurasına üzv ölkələrdən təxminən 1300 tələbəyə Türkiyə təqaüdləri ilə universitetlərdə təhsil almaq imkanı təqdim edirik. Türkiyə universitetlərindən məzun olan on minlərlə tələbəmiz, şükür olsun, bu gün həkim, mühəndis, məmur, siyasətçi kimi türk dünyasına qürurla xidmət edir. Başda mədəniyyət və təhsil olmaqla elm, tarix, gənclər, idman, arxiv, kitabxanaçılıq kimi sahələrdəki fəaliyyətimizi genişləndirərək davam etdirməliyik. Beləliklə, mərkəzi Bakıda yerləşən TürkPA-nı, Türk Mədəniyyəti və İrsi Fondunu, Astanadakı Türk Akademiyasını və Ankarada fəaliyyət göstərən TÜRKSOY-u hamımız birlikdə dəstəkləməliyik. Bu təşkilatlarımız arasında əlaqələri genişləndirəcək əlaqələndirmə komitəsinin yaradılmasına dair qərarı Zirvə Görüşündə qəbul etməyi nəzərdə tuturuq.

Müasir dövrdə bölgəmizdə sülhə və əmin-amanlığa ən böyük təhdid mənbəyi terror təşkilatlarıdır. PKK/YPG, İŞİD, FETÖ kimi şər şəbəkələrinin mövcudluğu təhlükəsizlik sahəsindəki əməkdaşlığımızın əhəmiyyətini artırmışdır. Suriyada son səkkiz ildir yaşadıqlarımız isə bir terror təşkilatının əli ilə digərinin məhv edilməsinin mümkün olmadığını göstərmişdir. Ölkə olaraq PKK/YPG-ni ortadan qaldırmaq məqsədilə oktyabrın 9-da çox mühüm bir addım atdıq. “Sülh çeşməsi” əməliyyatımızın iki əsas məqsədi var.

Bunların birincisi, Suriyanın şimalındakı PKK/YPG-dən gələn terror təhdidinin tamamilə aradan qaldırılmasıdır. Əməliyyatımızın ikinci qayəsi isə səkkiz ildir müsafir etdiyimiz 3 milyon 650 min suriyalı ərəbin öz ölkələrinə, vətənlərinə sağ-salamat qayıda bilmələrini təmin etməkdir. Bundan başqa, təxminən 350 min suriyalı kürdü ölkəmizdə qonaq qəbul edirik.

Bu gün əməliyyatın yeddinci günündəyik. Əməliyyatımız BMT Baş Assambleyasının 74-cü toplantısında bütün dünyaya nümayiş etdirdiyimiz təhlükəsiz bölgə xəritəsinə uyğun şəkildə uğurla davam edir. Bu gün səhərədək təxminən min kvadratkilometrlik ərazini separatçı terror təşkilatının işğalından azad etdik. İnşallah, qısa zamanda Münbiçdən İraqla sərhədimizə qədər olan bölgəni təhlükəsiz vəziyyətə gətirib ilk mərhələdə bir milyon, daha sonra iki milyon suriyalı qaçqının öz istəkləri ilə evlərinə qayıtmalarını təmin edəcəyik. Afrin, Cerablus, Azezdə olduğu kimi, burada da beynəlxalq dəstəklə infrastruktur, məktəb, xəstəxana və ev layihələri ilə sabitliyi təmin edəcəyik.

Suriyanın şimalı sülh çeşmələri ilə yenidən cücərənə, hədəflərimizə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Ulu əcdadımız Dədə Qorqudun dediyi kimi, “Yaxşı dost yaxşı gündə çağırılanda, pis gündə isə çağırılmadan gələndir”. Bəli, Türkiyənin terrora qarşı apardığı ölüm-dirim mübarizəsində siz qardaşlarımdan çox güclü həmrəylik gözləyirik. Əməliyyatın başladığı andan etibarən Türkiyəyə dəstək verən bütün liderlərə buradan bir daha təşəkkür edirəm. Üç yüz milyonluq türk dünyasındakı hər bir qardaşımın qəlbinin bizimlə döyündüyünü, ölkəmiz və qəhrəman ordumuz üçün dua etdiyini çox yaxşı bilirəm. Eyni qaydada 15 iyul gecəsi 251 insanımızı şəhid edən, 2193 insanımızı yaralayan FETÖ təşkilatı ilə mübarizədə ölkəmizə verdiyiniz dəstəyi davam etdirməyinizi xahiş edirik. Türkiyə Maarif Fondu vasitəsilə əlimizdən gələn hər cür töhfəni verməyə hazırıq.

Hörmətli qardaşlarım, milli mübarizələrimizdə bir-birimizin yanında durmaq qardaşlığımızın borcudur. Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağın və ətrafının Ermənistanın işğalı altında qalması bir milyon qardaş-bacımızı evlərindən, yurdlarından uzaqda qaçqın və köçkün vəziyyətində yaşamağa məcbur edib. BMT Baş Assambleyasındakı nitqimdə də dediyim kimi, bu, qəbuledilməz bir vəziyyətdir. Dağlıq Qarabağ probleminin ən qısa müddətdə sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməsi üçün əlimizdən gələn səyləri göstərməyə davam edəcəyik. Türk dünyasının əsas hissəsi olan Kipr türkləri problemin həll olunmamasından hələ də əziyyət çəkirlər. Gözləntimiz kiprli türklərin məruz qaldıqları haqsız təcrid və embarqonun aradan qaldırılmasına yardım etməyinizdir.

Bu düşüncələrlə çıxışımı yekunlaşdırarkən Türk Şurasının bu günlərə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. İnşallah, gələn il Türkiyədə keçiriləcək səkkizinci Zirvə görüşümüzdə Türkmənistanı da tamhüquqlu üzv olaraq aramızda görəcəyimizə inanıram.”

Daha sonra Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Prezident Şavkat Mirziyoyev bildirib ki, Özbəkistanın təşkilata daxil olması təbii tarixi proseslərin nəticəsidir:

“Biz şadıq ki, bu gün tamhüquqlu üzv qismində həmin qədim körpüləri möhkəmləndiririk. Qədim Özbəkistan torpağında bizim ortaq tariximizin şərəfli səhifələri yazılıb, o, dünya elm və mədəniyyətinin inkişafına misilsiz töhfə vermiş Musa Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy kimi alimlər və mütəfəkkirlər, müqəddəs dinimizin tarixində parlaq izlər qoymuş böyük ilahiyyatçılar İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Bəhauddin Nəqşbənd, özünün gözəl əsərləri ilə türk dünyasını birləşdirən Əlişir Nəvai kimi dahi şair bəxş edib. Təkcə özbək xalqı deyil, bizim hamımız onlarla fəxr edirik. Bu mənəvi sərvətin gənc nəsillər üçün qorunması və öyrənilməsi hamımızın borcudur. Ən başlıcası - Türk Şurasında iştirakımız bizim xalqın maraqlarına tam uyğundur. Bu gün təkcə mədəni-mənəvi əlaqələr deyil, həm də ticari-iqtisadi münasibətlər də yeni səviyyəyə yüksəlib. Son üç ildə ölkələrimizin qarşılıqlı ticarət həcmi təxminən iki dəfə artıb. Üç mindən çox müştərək müəssisə yaradılıb, nəqliyyat əlaqələri genişlənir, vizasız turist səyahətləri artır, xalqların qardaşlıq telləri möhkəmlənir.

Qeyd etmək lazımdır ki, son üç ildə Şuraya üzv dövlətlərdən Özbəkistana gələn turistlərin sayı təxminən iki dəfə artıb. Biz təşkilat çərçivəsində ötən il hazırlanmış “Müasir İpək Yolu” turizm proqramında da fəal iştirak etməyə hazırıq. Əminəm ki, 2020-ci ildə qədim Xivə şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi qardaş xalqlarımızın dostluğunun daha da möhkəmlənməsinə və onların yaxınlaşmasına kömək edəcək.

Biz Şuranın nəzdində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasına da üzv olmağa hazırıq. Bununla yanaşı, Şuraya üzv ölkələrin müasir ədəbiyyat və incəsənətdə, tarix elmi və memarlıqda böyük uğurlar qazanmış nümayəndələrinin həvəsləndirilməsi məqsədilə TÜRKSOY beynəlxalq mükafatının təsis olunmasını təklif edirik. Əziz dostlar, Türk Şurasında sədrliyin Azərbaycan Respublikasına keçməsi münasibətilə hörmətli İlham Heydər oğlunu təbrik edir, bu məsuliyyətli və şərəfli missiyanın yerinə yetirilməsində ona böyük uğurlar arzulayıram.”

Sonra görüşdə Macarıstanın Baş Naziri Viktor Orban çıxış edib. Baş Nazir çıxışında bildirib ki, onun ölkəsi iqtisadi əməkdaşlığa xüsusi diqqət yetirir. Baş nazir bildirib ki, Macarıstanda ixracın həcmi ölkənin ümumi daxili məhsulunun 85 faizinə bərabərdir:

“Biz xarici ölkələrdə öz kapitallarını sərmayə qoymaq istəyən macar sahibkarlar üçün investisiya proqramı elan etmişik. Biz onları dəstəkləyirik. Bunun sayəsində Macarıstan və Türk Şurasının üzvü olan ölkələr öz əmtəə dövriyyəsini artırır. Mən Baş Nazir olduğum dövrdə bu əmtəə dövriyyəsi 2 dəfə artıb və 4 milyard dollara çatıb. Sizə onu da bildirmək istəyirəm ki, Macarıstanın Eksimbankı Türk Şurasının üzvü olan ölkələr üçün kredit xətti açıb. Bu kredit xəttindən həm sizin, həm də bizim sahibkarlar istifadə edə bilərlər. Macarıstan və Türkiyə sahibkarları üçün 190 milyon, Qazaxıstan və Macarıstan sahibkarları üçün 80 milyon, Özbəkistan-Macarıstan əməkdaşlığı üçün daha 80 milyon, Macarıstan-Azərbaycan əməkdaşlığı üçün 80 milyon və Macarıstan-Qırğızıstan əməkdaşlığı üçün 27 milyon dollarlıq kredit xətti açılıb. Biz Türk Şurasının Sənaye və Ticarət Palatası ilə fəal əməkdaşlıq edirik. Beləliklə, bu mənbələrdən istifadə edilsə, gələcəkdə biz bu məbləğin əvəzini çıxa biləcəyik.”

Daha sonra Türkmənistanın Baş Nazirinin müavini Purli Aqamuradov və

Türk Şurasının Baş katibi Bağdad Amreyev Zirvə Görüşündə çıxış ediblər.

Prezident İlham ƏIiyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə növbəti görüşün Türkiyədə keçiriləcəyini elan edib. Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün sənədləri imzalanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vuran Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Özbəkistanın tamhüquqlu üzv dövlət kimi Türk Şurasına qoşulması çox əlamətdar addımdır, Türk Şurasının coğrafiyasını genişləndirir və gücümüzü artırır:

“Macarıstanda Şuranın nümayəndəliyinin ofisinin açılması Avropa dövlətləri və təsisatları ilə daha sıx əməkdaşlıq üçün yeni imkanlar açır. Bu gün çıxışlarda səslənən dəyərli fikirlər əminəm ki, bizim işimizi zənginləşdirəcək və bu təkliflərin reallaşması əməkdaşlığımızın keyfiyyətcə yeni pilləyə qalxmasına imkan yaradacaqdır.

Azərbaycan bu gündən Şuraya sədrliyi öz üzərinə götürür. Sizi əmin etmək istəyirəm, biz var gücümüzlə çalışacağıq ki, növbəti bir il ərzində təşkilatımız daha da güclənsin və qarşıda duran bütün vəzifələr uğurla icra edilsin.”

Sonra Prezident İlham Əliyevin adından Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə ziyafət verilib.

Digər xəbərlər