Siyasət

  • 3 616

Əli Əhmədov: Qanunsuz aksiyanı təşkil edənlər xaricdən idarə olunur

image

“Oktyabrın 19-da bəzi müxalifət partiyaları ölkəmizdə sabitliyin, əminamanlığın pozulmasına yönəlmiş qanunsuz aksiya keçirməyə cəhd göstərdi. Bütövlükdə Azərbaycan cəmiyyəti destruktiv qrupların bu hərəkətinə münasibət bildirməlidir”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün partiyanın İcra Katibliyində keçirilən toplantıda deyib.

Əli Əhmədov bildirib ki, destruktiv qrupların oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu. Onun sözlərinə görə, Azərbaycanda hər hansı müxalifət partiyası tərəfindən aksiyaların keçirilməsi nə Yeni Azərbaycan Partiyası, nə də ölkə iqtidarı üçün narahatlıq mənbəyi deyil və ola bilməz. Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var.
YAP Sədrinin müavini diqqətə çatdırıb ki, qanunsuz aksiyanın Prezident İlham Əliyevin oktyabr ayının əvvəlində Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və Aşqabadda MDB Dövlət Başçıları Şurasının sammitində səsləndirdiyi qətiyyətli bəyanatlar, eləcə də bu ilin 9 ayının sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş müşavirədə bildirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. “Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu sərbəst toplaşmaq azadlığının təmin olunması üçün yerlərin ayrılmasına baxmayaraq müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər”-deyən Əli Əhmədovun fikrincə, aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər xaricdən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Kütləvi informasiya vasitələrində bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır.
Əli Əhmədov deyib ki, bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir.Onun fikrincə, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: "Bu, AXCP və “Milli şura” deyilən, amalı olmayan təşkilatdır. YAP olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz. Biz bu acı təcrübəni təxminən 30 il əvvəl görmüşük. İndi ölkəmizdə sabitliyi pozmaq istəyən destruktiv qrupların o zamankı əməlləri nəticəsində Azərbayanda xaos hökm sürürdü. Bunun nəticəsi olaraq torpaqlarımız Ermənistan tərəfindən işğal edilirdi".
Qanunsuz aksiyanın qarşısının alınmasında polisin davranışlarını yüksək qiymətləndirən Əli Əhmədov bildirib ki, hüquq-mühafizə orqanları ölkə qanunlarını pozan qruplara qarşı qanun çərçivəsində tədbirlər görməlidir.
Bu gün Azərbaycanın dinamik inkişaf etdiyini deyən Əli Əhmədov carı ildə əhalinin rifah halının daha da yüksəldilməsi istiqamətində əhəmiyyətli addımların atıldığını diqqətə çatdırıb. O qeyd edib ki, belə bir şəraitdə destruktiv qüvvələrin ölkəmizdə sabitliyi pozmaq cəhdləri yolverilməzdir.

yap.org.az

Digər xəbərlər