Siyasət

  • 2 908

Azərbaycan dövlətinin diplomatiyasının növbəti təntənəsi

image

Prezident İlham Əliyev Aşqabad görüşü zamanı Ermənistanın faşizm ideologiyasını ifşa etdi

Heç şübhəsiz, hər bir dövlətin aparıcı ideologiyası onun ərazi bütövlüyünə əsaslanır. Məhz bu baxımdan da, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin bir nömrəli problemidir. Eyni zamanda, sözsüz ki, hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Çünki Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini, öz firavan və təhlükəsiz həyatında görür və ona görə də, əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib. Eyni zamanda, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə, bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub.

Azərbaycan dövlətinin növbəti hücum taktikası Ermənistanı iflic halına saldı

Bu bir reallıqdır ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri və Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq üçün daim beynəlxalq tribunalardan öz kəskin və qətiyyətli mövqeyini ifadə edib. Dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm açıqlamalarına, məqamında, daha uyğun məkanda cavab verməyi üstün tutur. Prezident İlham Əliyev hücum taktikasından istifadə edərək, işğalçı Ermənistanın rəhbərliyinə siyasi kürsülərdən bir-birinin ardınca zərbələr vurmaqda davam edir.

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyevin tutarlı və diplomatik çıxışı Ermənistanın baş naziri Nikol Paşinyana növbəti sərt şillə oldu. Azərbaycan Prezidenti öz çıxışında ölkəmizin faşizm üzərində qələbə qazanmasında müstəsna xidmətləri barədə danışaraq, toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, faşizm üzərində qələbəyə Azərbaycan layiqli töhfə verib. Altı yüz mindən çox azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşdüyünü və onların yarısının canlarından keçdiyini vurğulayan Prezident yüksək tribunadan cəbhə üçün çox zəruri olan yanacağın çox hissəsinin Azərbaycanın payına düşdüyünü qeyd etdi. Dövlət başçısı vurğuladı ki, Bakı nefti olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Faktlarla danışan Prezident bunun qarşılığında MDB məkanında, xüsusən, Ermənistanda faşizmin təbliğatının aparıldığını, faşizmə xidmət edən şəxslərin xatirəsinə abidə ucaldılmasının qəbuledilməz olduğunu təəssüflə iclas iştirakçılarının diqqətinə çatdırdı.

Prezident vurğuladı ki, 2016-cı ildə Ermənistan İrəvanın mərkəzində Böyük Vətən Müharibəsində faşistlərə yardım etmiş Qaregin Njdeyə abidə ucaldıb. Dövlət başçısı Qaregin Njdenin birbaşa faşistlərlə əməkdaşlıq etməsini konkret faktlarla sübut edərək, 2011-2015-ci illərdə hazırlanmış ensiklopediyadan sitatlar gətirdi. Ensiklopediyanın Rusiyanın Müdafiə Nazirliyinin Kollegiyası tərəfindən, müdafiə naziri Sergey Şoyqunun birbaşa rəhbərliyi ilə hazırlandığını qeyd edən Azərbaycan Prezidenti, çox uğurlu siyasi gediş etdi. Azərbaycan lideri, bununla da, Paşinyanı susdurdu, onun iddialarını darmadağın etdi. Dövlət başçısının bu çıxışından sonra erməni mətbuatı Paşinyanı çox kəskin tənqid etdi. Vurğulandı ki, Ermənistanın baş naziri həddindən artıq səriştəsiz, savadsız və populist siyasətçidir. Prezident İlham Əliyev isə, lazımi yerdə, lazımi məqamda, Azərbaycan həqiqətlərini ən yüksək tribunadan səsləndirir və bunları tarixi faktlarla təsdiqləyir.

“Valday Nidası”ndan

sonra “Aşqabad şoku”...

Nikol Paşinyan “Valday Nidası”ndan ayılmamış “Aşqabad şoku”nun təsirinə düşdü. Erməni mətbuatının yazdığına görə, “Valday” nokautundan sonra Azərbaycan Prezidenti bu dəfə Türkmənistanda da, MDB-nin sammitində N.Paşinyanı çıxılmaz vəziyyətə salıb: “Məsələ ondadır ki, MDB gələn il faşizm üzərində qələbənin 75 illiyinin keçirilməsinə hazırlıq məsələsinin müzakirə edilərkən, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçmiş rəhbərliyini faşist Njdeyə abidə qoyduğunu, indiki rəhbərliyin isə, bu abidəni demontaj etmədiyini və faşistləri qəhrəmanlaşdırmaqda davam etdiyini sammit iştirakçılarına və dünyaya bəyan etdi”.

Ermənistanın baş naziri, təbii ki, faşizm üzərində qələbənin 75 illiyi mövzusunun müzakirəsi zamanı Prezident İlham Əliyevin bu ittihamına cavab verə bilməzdi. Çünki sadəcə, arqumenti yoxdur!

Azərbaycan Prezidenti bu çıxışı ilə MDB çərçivəsində daha çox inteqrasiyanın tərəfdarı olan Rusiya rəhbərliyinə göstərdi ki, faşizm ideyalarını qəhrəmanlaşdırılması ilə xalqların hər hansı formada inteqrasiyası bir araya sığmır. Ona görə ki, nəzəri olaraq da, faşizm və aqressiv millətçilik İttifaqları dağıdır, əksinə, liberal baxışlar xalqları bir araya gətirir. Bu səbəbdən də, Ermənistanın MDB-də olması inteqrasiya proseslərini tormozlayan amildir. Halbuki N.Paşinyan sammitdə “inteqrasiya ilə bağlı istənilən təşəbbüsü dəstəkləməyə hazır” olduqlarını bəyan edib. Parodoksaldır: bir millətin başqa millətlərdən üstün olması ideyasının daşıyıcısına heykəl qoyacaqsan, qonşunun ərazisinə təcavüz edəcəksən, həm də başqa millətlərlə birlikdə olma haqda danışacaqsan.

Beləliklə, Prezident İlham Əliyevin Aşqabaddakı ittihamı və N.Paşinyanın Aşqabad susqunluğu “Valday nidası”nın davamıdır.

Sergey Markov: “Nasizmin qəhrəmanlaşdırılmasının müşahidə olunduğu

ölkələrdən biri də

Ermənistandır”

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələni vaxtında və yerində qaldırdığını vurğulayıb: “Belə ki, MDB dövlət başçılarının Aşqabadda keçirilən sammitində qarşıdan gələn İkinci Dünya müharibəsində qələbənin 75 illiyi, Sovet xalqının qələbəyə verdiyi töhfə və nasizmin qəhrəmanlaşdırılmasına imkan verilməməsi məsələləri müzakirə olunurdu. Ona görə də, bu məsələnin bu iclasda qaldırılması çox vacib idi”.

Onun sözlərinə görə, postsovet məkanında nasizmin qəhrəmanlaşdırılmasının müşahidə olunduğu ölkələrdən biri də Ermənistandır: “Bu ölkə çox çalışır ki, bu barədə heç kəs danışmasın, sussun. Lakin Prezident İlham Əliyev bu çıxışı ilə Ermənistanda nasizmin qəhrəmanlaşdırılması mövzusu ətrafında yaradılan informasiya blokadasını yarmış oldu. Bununla belə, Rusiyada ara-sıra bu məsələ qaldırılıb. Rusiyada faşist Qaregin Njdenin qəhrəmanlaşdırılmasının əleyhinə 30 min imza toplanılıb. Dövlət Dumasında, “Parlamentskaya Qazeta”da bununla bağlı müzakirələr aparılıb. Bütün bunlardan sonra Rusiya hakimiyyəti Njdenin qəhrəmanlaşdırılması ilə bağlı təhqiqatlara başladı. Ermənistan baş naziri bu tarixi faktlar qarşısında heç bir cavab verə bilmədi. Onun cavab vermək cəhdləri uğursuzluqla nəticələndi. Paşinyan, sadəcə, bilmirdi ki, Azərbaycan Prezidentinə nə cavab versin. O, Qaregin Njdenin şəxsiyyətini müdafiə etməyə cəhd göstərdi, lakin nəticədə, öz şəxsi təbliğat tələsinə düşdü. Ona görə ki, Prezident İlham Əliyevin gətirdiyi faktların qarşısında heç bir tutarlı arqument səsləndirə bilmədi”.

S.Markov ölkəsindəki erməni icmasının Krasnodarın Armavir şəhərində Qaregin Njdeyə xatirə lövhəsi qoyduğunu da xatırladıb: “Sözsüz ki, bu lövhə sökülməlidir. Bildiyim qədər, hazırda Rusiyanın dövlət strukturları bu işlə məşğul olur”.

S.Markov Paşinyanın Njde ilə Soljinetsini eyniləşdirməsini isə gülünc adlandırıb: “Soljinetsin cinayətkar təşkilat olan SS-lə, nasist agentlərlə əməkdaşlıq etməyib. Əkinsə, Soljinetsin nasizmlə mübarizə aparıb. O, amerikalılarla əməkdaşlıq edib. Belə çıxır ki, Paşinyan ABŞ hökuməti ilə Hitleri bərabər tutur”.

Rusiyalı politoloq rəsmi Moskvanın nasizmin qəhrəmanlaşdırılması ilə bağlı mübarizədə Azərbaycan Prezidenti İlham Əliyevlə həmrəy olduğunu vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev isə, bu çıxışı ilə Ermənistanda nasizmin qəhrəmanlaşdırılması mövzusu ətrafında yaradılan informasiya blokadasını yarmış oldu”.

Bütün bunlardan sonra, təəssüf doğuran odur ki, Ermənistanın baş naziri Paşinyan populist çıxışları və savadsız siyasi baxışları ilə, elə zənn edir ki, bu yolla nəyəsə nail ola biləcək. Bu isə, bir daha göstərir ki, düşmən ölkə Azərbaycana işğala son qoymaq üçün savaş yolundan başqa bir yol buraxmır. İndiyə qədər Azərbaycan tərəfi gözləyirdi ki, beynəlxalq qurumların təzyiqi ilə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarla bağlı öz “siyasətində” və danışıqlar prosesində daha konstruktiv mövqe tutacaq. Amma bu, baş vermir. Əksinə, yeni rəhbərlik də əvvəlki rəhbərlər kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Məhz ona görə də, Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bütün görüşlərdə, o cümlədən, son görüşlərdə öz qətiyyətini, ciddiliyini ortaya qoymaqla, bir daha növbəti xəbərdarlığını etdi.

Beləliklə, bu faktlar, bir daha göstərir ki, Paşinyanın yürütdüyü siyasət qeyri-adekvatdır. Onun atdığı addımlar da peşəkar siyasətçiyə yaraşmır. O, ümumi siyasi prinsiplərə zidd olan addımlar atmaqda davam edir. Əsas məqam odur ki, Prezident İlham Əliyev çox mühüm yüksək səviyyəli siyasi, peşəkar çıxışı ilə Ermənistanın həm Azərbaycanın ərazi bütövlüyü, həm də MDB məkanına aid olan digər istiqamətlərlə bağlı yürütdüyü siyasətin çox geridə qalmış və heç bir arqumentə söykənmədiyini bir daha əsaslandırdı. Bu, Prezidentin Paşinyan üzərindəki növbəti üstün həlledici zərbəsi və daha dəqiq desək, sərt şillə oldu.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər