Siyasət

  • 3 249

İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq

image

“Oktyabrın 19-da bəzi müxalifət partiyalarının Bakı şəhərində qanunsuz aksiya keçirməyə cəhd etməsinin məqsədi Azərbaycanda hökm sürən sabitliyi pozmaq, ölkəmizin demokratik imicinə zərbə vurmaq, həyata keçirilən islahatlara xələl gətirməkdən ibarətdir. Ona görə də, cəmiyyətimiz tərəfindən bu qrupların fəaliyyəti qəbul olunmur”. Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru, Əməkdar müəllim İradə Hüseynova deyib.

İradə Hüseynova bildirib ki, destruktiv qrupların birləşdiyi “Milli şura” və AXCP xalqı xaosa, anarxiyaya, iğtişaşlara sürükləmək istəyir. Lakin onların bütün cəhdləri əbəsdir. “Çünki görülən bütün bu işlər möhkəm bünövrəyə əsaslanır. Bu bünövrənin əsasını qoyan isə Ümummilli Lider, xalqımızın böyük oğlu Heydər Əliyevdir. Xatirimizdədir ki, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişləri cəhdləri Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində alındı. Xalqımız Ulu Öndərin çağırışına səs verərək destruktiv qüvvələrə layiqli cavab verdi. Bütün bunlardan sonra ölkəmiz inkişaf və tərəqqi yoluna qədəm qoydu, ölkəmizin bir çox sahələrində ciddi müsbət dəyişikliklər baş verdi, ölkəmiz dünya birliyində özünü etibarlı tərəfdaş kimi təsdiqlədi, beynəlxalq standartlara uyğun qanunlar qəbul olundu, müxtəlif sahələrdə islahatlar həyata keçirildi. Bu gün Heydər Əliyev siyasi kursu Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”-deyən, YAP Siyasi Şurasının üzvü söyləyib ki, bəzi xarici dairələr ölkəmizdə mövcud olan sabitlikdən, əmin-amanlıqdan, inkişafdan narahatdır. Bu destruktiv qruplar sözügedən o xarici dairələr tərəfindən maliyyələşir və onların məqsədi heç də Azərbaycanda demokratiyanı qorumaq deyil. Sadəcə, demokratiya pərdəsi altında ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmaq və son nəticədə isə suverenliyimizə, azadlığımıza, müstəqilliyimizə təhdid yaratmaqdır.
“Xaricdəki müəyyən bu qüvvələr ölkəmizdə xaos yaratmağa, Azərbaycanda əzmlə həyata keçirilən dövlət quruculuğu prosesinə xələl gətirmək istəyirlər. Daxildəki bəzi müxalifət partiyaları isə öz şəxsi ambisiyaları naminə onlara xidmət edirlər, xalqın mənafeyini düşünmürlər. Amma xalqımız tərəfindən onlara dəstək verilmir. Bütövlükdə, hesab edirəm ki, xalqımız müdrik xalqdır, ağı qaradan seçməyi bacaran xalqdır.
Bu gün müstəqil dövlətimizin möhkəm keşiyində duran, Azərbaycana bacarıqla rəhbərlik edən, ölkə başçısı cənab İlham Əliyevdir. Biz liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalı, Azərbaycanda aparılan daxili və xarici siyasəti, görülən uğurlu işləri icimaiyyətə geniş sürətdə təşviq etməliyik. Atalarımızın təbirincə desək, “Görünən dağa nə bələdçi”. Buna görə də, biz ölkəmizin inkişafını istəməyənlərə qarşı qəti mövqeyimizi bildirməliyik. Müstəqil Azərbaycan dövlətinin inkişafı və çiçəklənməsi naminə hər birimiz yorulmadan, usanmadan fəaliyyət göstərməli, vətəndaş mövqeyimizi bildirməli, milli təəsübkeşliyimizi nümayiş etdirməli və bu yolda öz dəyərli tövhələrimizi verməliyik” - deyə, professor İradə Hüseynova vurğulayıb.

yap.org.az

Digər xəbərlər