Siyasət

  • 3 391

ABŞ-ın Santa Fe şəhərində 18 oktyabr Azərbaycanın Müstəqilliyi Günü elan olunub

image

ABŞ-ın Santa Fe şəhərinin Beynəlxalq Əlaqələr Şurasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 28-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
Beynəlxalq Əlaqələr Şurasının prezidenti Çak Keyz tədbiri açaraq qonaqları salamlayıb və mərasimin məqsədi barədə məlumat verib.
Sonra Santa Fe Şəhər Şurasının üzvü Peter İves Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı şəhər meriyasının bəyannaməsini oxuyub.
Bəyannamədə Azərbaycan xalqının müsəlman aləmində ilk demokratik, dünyəvi respublika qurduğu və irqindən, dinindən, cinsindən asılı olmayaraq, hər kəsə bərabər hüquqlar verdiyi, Azərbaycanın dünyaya müsəlmanların, xristianların, yəhudilərin sülh və harmoniyada yaşadığı modeli təqdim etdiyi, habelə strateji əhəmiyyətli bölgədə ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olduğu vurğulanır. Həmçinin 18 oktyabr Santa Fe şəhərində Azərbaycanın Müstəqilliyi Günü elan olunur.
Bəyannamə Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsinə təqdim edilib.
Daha sonra çıxış edən səfirliyin nümayəndəsi Vüqar Qurbanov Nyu-Meksika ştatının qubernatoru və qanunverici orqanına, Santa Fe Şəhər Şurasına və merinə, habelə Beynəlxalq Əlaqələr Şurasına ölkəmizə göstərdikləri dəstəyə, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümünün qeyd edilməsinə görə təşəkkürünü bildirib.
Mərasimdə ölkəmizin Santa Fe şəhərindəki fəxri konsulu Emmit Riçard Art Makkafiyə ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafında verdiyi töhfələrə görə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib.
Xatırladaq ki, 2010-cu ildə fəxri konsul təyin edilən A.Makkafi ölkəmizin ABŞ-da bu vəzifədə işləyən ilk nümayəndəsidir.
A.Makkafi çıxışında ona təqdim edilən medala görə Xarici işlər naziri Elmar Məmmədyarova xüsusi təşəkkürlərini bildirib. O, 1994-1997-ci illərdə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin vitse-prezidenti işlədiyi dövrlə 20 il sonrakı Azərbaycanın müqayisəyə gəlmədiyini, Bakının dünyanın inkişaf etmiş şəhərlərindən birinə çevrildiyini bildirib. Fəxri konsul Azərbaycanda fəaliyyəti dövrdə həmin zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi çalışan Prezident İlham Əliyevlə işlədiyini xatırlayaraq, bu gün dövlətimizin başçısının Azərbaycanı uğurlu inkişaf yolu ilə irəli apardığını söyləyib. A.Makkafi Azərbaycanda işlədiyi vaxtları peşəkar karyerasının ən yaddaqalan dövrü kimi xarakterizə edib.
On üç il ABŞ Prezidentinin qonaq evi “Blair House”un idarəçisi olan xanım Benedikt Valentiner 1997-ci ildə ümummilli lider Heydər Əliyevin ABŞ-a səfərinə toxunub. Xanım Valentiner xüsusi qeyd edib ki, həmin səfər zamanı ABŞ Prezidenti Bill Klintonun ulu öndər Heydər Əliyevə böyük rəğbət bəsləmiş və ona xüsusi iltifat göstərmişdi. Azərbaycan nümayəndə heyətinin “Blair House”da qaldığını söyləyən xanım Valentiner həmin zamandan bəri ölkəmizə xüsusi münasibət bəslədiyini deyib.
Səfirliyin nümayəndəsi V.Qurbanov Azərbaycanın xarici siyasəti, ölkəmizdə aparılan quruculuq işləri və islahatlar barədə məlumat verdikdən sonra müxtəlif mövzular ətrafında geniş müzakirələr aparılıb.

yap.org.az

Digər xəbərlər