"Ölkə başçısının vəzifəyə təyin olunanları qəbul etməsi digərləri üçün nümunədir" ŞƏRH - ÖZƏL

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yevlax şəhərinə və Xaçmaz rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərkən söylədiyi fikirlər dövlət başçısının yerli hakimiyyət orqanlarının qarşısında qoyduğu vəzifələr, tələbləri, xəbərdarlıq idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Ölkə başçısının qəbul zamanı kadr islahatları, xüsusilə də gənclərin vəzifələrə təyin edilməsi ilə bağlı fikirlərinə toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti bir daha izah etdi ki, məqsəd yaşlı nəslin vəzifədən uzaqlaşdırılması və ya gənclərin vəzifələrə gətirilməsi deyil: “Əsas məqsəd işinin öhdəsindən gələ bilməyənlərin, vəzifəsini düzgün yerinə yetirməyənlərin işindən uzaqlaşdırmaqdır. Hazırda ölkəmizdə çox təcrübəli, işinin öhdəsindən yüksək səviyyədə gələn yaşlı kadrlarımız var. Gənc nəsil onların təcrübəsindən bəhrələnməli, öyrənməlidir”.E. Məmmədov söyləyib ki, ölkəmizdə hər kəs xüsusilə də vəzifə sahibləri Azərbaycanın inkişafına xidmət etməlidirlər: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vəzifələrdə təmsil olunan bəziləri həyata keçirilən kadr islahatlarını yaşlılara qarşı kampaniyaya çevirmək istəyirlər. Lakin ölkə başçısının da söylədiyi kimi bu, yolverilməzdir”.Deputat qeyd edib ki, ötən gün ölkə başçısının icra başçısı vəzifəsinə təyin olunan iki gəncin qəbul etməsi digər ölkələr üçün də nümunədir: “Dövlət başçısının qəbul zamanı gənclərə verdiyi tövsiyyələr təkcə onlara aid deyildir. Deyilən fikirlər bütün icra başçılarına, digər vəzifələrdə işləyənlərə aid idi. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparmalı, bu bəladan qurtulmalıyıq. Bundan başqa Prezident media işçilərinə də müraciət edərək onları öz köməkçiləri adlandırdı”.E. Məmmədov vurğulayıb ki, ölkə başçısının verdiyi tapşırıqlar qəti şəkildə yerinə yetirilməlidir: “Dövlət başçısı çıxışında da qeyd etdi ki, verilən tapşırıqları yerinə yetirməyənlər cəzalandırılacaq. Mən hesab edirəm ki, ölkə başçısının son dövrdə vəzifələrə təyin etdiyi insanları qəbul etməsi, onlara tövsiyyə, tapşırıqlar verməsi və bunların bütün ictimaiyyətə çatdırılması vacib, ibrətamizdir. Bu addımın müsbət nətcələri var və bundan sonra da olacaq”.

sia.az