“Onların nekroloqlarını xalq yazıb, özü də illər öncə” BƏHRUZ QULİYEV

"Müxalifətin qaragüruhçu dəstəsinin Müsavat partiyasının qərargahındakı toplantısı ilk görünüşdən belə nəticəyə gəlməyə zəmin yaradır ki, oraya yığışanların hər biri istər ayrı-ayrılıqda, istərsə də bir yerdə olsun - son bir neçə il ərzində aldıqları ağır məğlubiyyətin sindromunu yaşayırlar". SİA xəbər verir ki, bu fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən məsələyə münasibətini açıqlayarkən deyib. Onun sözlərinə görə, həmin görüşdə iştirak edən şəxslərin fərdi olaraq hər birinin xalq qarşısında böyük günahları var: "Xüsusilə, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin, AXCP sədri Əli Kərimlinin, eks səhiyyə naziri Əli İnsanovun, keçmiş baş nazir Pənah Hüseynin, eləcə də, Mehman Əliyevin və başqalarının utanmadan özlərini "lider" kimi təqdim edib, fəaliyyət göstərmələri, guya ki, birlik yaratmaq cəhdləri sadəcə gülünc və istehza xarakteri daşıyır"."Onlar sadəcə izafi isterikadadırlar və bu isterikanın nəticəsi göz önündədir", deyə qeyd edən siyasi ekspert əlavə edib ki, onlar indi də Əli İnsanovu özlərinə "lider" seçməklə, xəstə təfəkkürlü küçə, hətta çayxana müxalifətinin komaya düşdüyünü etiraf edirlər: "Görünür, onlar qaragüruhçu düşərgənin real mənada süni nəfəs aparatına qoşulduğunu dərk etməyə başlayıblar və indi də Əli İnsanov kimi dırnaqrarası həkimə möhtacdırlar. Ancaq onu da unutmamalıyıq ki, zamanında ölkə səhiyyəsini bərbad vəziyyətə qoyan Əli İnsanov onlara "həkimlik" edərsə, onsuz da ölü vəziyyətdə olan düşərgəni birdəfəlik məzarlığa göməcək.Digər tərəfdən, o da sirr deyil ki, bu gün AXCP-Müsavat partiyaları arasındakı qarşıdurmalar hazırda da mövcuddur və nəzərə alarsaq ki, Əli İnsanov bu qarşıdurmaya "barışdırıcılıq" missiyasını daşıyacaqsa, onda ümumiyyətlə həmin siyasi təşkilatların yaxın gələcəkdə daha ağır uçuruma yuvarlanacaqlarını söyləmək olar. Ümumiyyətlə, fakt budur ki, harada bu adam varsa, orada nifaq, hətta deyərdim ki, faşizm ideologiyası var. Yeri gəlmişkən, onu da xatırlatmaq istərdim ki, bu həmin Əli İnsanovdur ki, ölüm hökmünü tələb edən İsa Qəmbərə qarşı ittihamlar irəli sürürdür. İndi görünür, radikal, dağıdcı müxalifətin ölüm hökmünü elə eks-səhiyyə naziri tətbiq edəcək. Yəni gerçəklik ondadır ki, Müsavatın qərargahında toplaşan fərdlərin köməyinə heç siyasi reanimasiya da təsir göstərməyəcək. Çünki onların nekroloqlarını xalq yazıb, özü də illər öncə. Bu baxımdan, hesab edirəm ki, onların istər Əli İnsanova, istərsə də bir-birlərinə elədikləri siyasi biətləri, əlöpmələri sadəcə və sadəcə siyasi məzarlıqdakı çürümə proseslərini daha da sürətləndirəcək".

sia.az