"Bizim yolumuz Heydər Əliyev yoludur, siyasətimiz İlham Əliyev siyasətidir" ÖZƏL-MÜNASİBƏT

"1995-ci il 12 noyabr tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqil dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri olmaqla, müasir Azərbaycanımızın inkişafında, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin olunmasında və ölkədə vətəndaş cəmiyyətinin formalaşmasında müstəsna rol oynadı". Bunu SİA-ya millət vəkili Şəmsəddin Hacıyev deyib.Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası uzun illərdir ki, Azərbaycan xalqına, müstəqil dövlətçiliyimizə, Azərbaycan cəmiyyətinə çox uğurla xidmət edir və bundan sonra da xidmət edəcəkdir: "Konstitusiya cəmiyyətin ictimai-siyasi həyatında baş verən bütün prosesləri – siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə yaranan münasibətləri tənzimləyən, dövlətin institusional sistemini və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həmçinin hüquqi dövlət, vətəndaş cəmiyyətinin formalaşmasını, insan hüquqları və azadlıqlarını təmin edən ali qanunvericilik sənədidir. Konstitusiyanın qəbul olunması, ona hər hansı əlavə və dəyişikliklərin edilməsi hər bir ölkənin ictimai-siyasi həyatında çox mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilir.Azərbaycanda 1918-ci ildə müsəlman Şərqinqdə ilk demokratik respublika qurulsa da və onun cəmi 23 ay fəaliyyəti dövründə cəmiyyətin demokratikləşməsi istiqamətində mühüm işlər görülsə də, AXC ölkənin Konstitusiyasını qəbul edə bilmədi. Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci ildə qəbul olundu. 1925-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası SSRİ-nin Konstitusiyasına uyğunlaşdırılaraq yeni redaktədə qəbul edildi. 1978-ci ildə Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul olunmuş yeni Konstitusiya, o dövr üçün çox mütərəqqi sənəd hesab olunmaqla yanaşı, Azərbaycanın müstəqilliyinin təmin olunması istiqamətində ciddi müddəaları əks etdirirdi. Məhz bu dahi siyasətçinin cəsarətli səyləri və uzaqgörənliyi sayəsində SSRİ tərkibində formal müstəqilliyə malik olan bir respublikanın Konstitusiyasında ilk dəfə olaraq çox mühüm məsələlər öz əksini tapdı: Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsdiq edildi; Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında məlumatlar ayrıca bölmədə deyil, inzibati idarə orqanları bölməsində qeyd edildi; Konstitusiyaya ediləcək dəyişikliklərin məhz referendum, ümumxalq səsverməsi yolu ilə həyata keçirilməsi təsbit edildi və s. SSRİ kimi nəhəng bir imperiyanın tərkibində olaraq Azərbaycan SSR-nin belə bir Konstitusiyanın qəbul edilməsi böyük tarixi nailiyyət idi və buna yalnız Heydər Əliyev dühası nail ola bilərdi.1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə totalitar rejimdən, avtoritar təsərrüfatçılıq sistemindən tamamilə yeni bir ictimai-siyasi sistemə – bazar iqtisadiyyatına transformasiya prosesləri başladı. Azərbaycanda cəmiyyət miqyasında ictimai-siyasi münasibətlər sisteminin, o cümlədən dövlət quruculuğunun, idarəetmə sisteminin və s. tamamilə dəyişməsi ilə əlaqədar yeni Konstitusiyanın qəbul olunmasına ciddi zərurət yarandı. Lakin 1993-cü ilin iyun ayınadək ölkədə hökm sürən cəsarətsiz, milli mənafelərə xidmət etməyən, təcrübəsiz, biabırçı hakimiyyətlər bu mühüm sənədi hazırlaya bilmədilər. Həmin dövrdə Azərbaycanın düçar olduğu böhran, tənəzzül, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev bu vəzifəni də böyük məharətlə, müdriklik və uzaqgörənliklə yerinə yetirdi və 12 noyabr 1995-ci il tarixində müstəqil Azərbaycanın bu gün də qüvvədə olan yeni Konstitusiyası qəbul olundu.Müstəqillik əldə olunması ilə inkişafının yeni dövrünə qədəm qoyan Azərbaycanın sosial-iqtisadi inkişafına uyğun olaraq 2002, 2009 və 2016-cı illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə çox əhəmiyyətli dəyişikliklər və əlavələr edilmişdir. Bu dəyişikliklərin mahiyyətində dayanan əsas məqsəd Konstitusiyamızı zənginləşdirmək, dövlətçilik sisteminin əsaslarını möhkəmləndirmək, ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasətini davam etdirmək, cəmiyyət həyatının istisnasız bütün sahələrində əsaslı islahatlar üçün qanunvericilik bazasını yaratmaq, bugünkü Azərbaycan cəmiyyətində mövcud olan ictimai-siyasi və iqtisadi sabitliyi qoruyub saxlamaq, gənclərin ölkədə gedən ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etmək, eləcə də Azərbaycanın dünyadakı mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət etməkdir.12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə hamınızı təbrik edir və müstəqil, azad, demokratik Azərbaycan dövlətinin əbədi olmasını arzu edirəm. Bizim yolumuz Heydər Əliyev yoludur, siyasətimiz İlham Əliyev siyasətidir, bu siyasət bizi çox böyük uğurlara, tərəqqiyə və rifaha aparır!".

sia.az