Siyasət

  • 3 595

“Azərbaycanın mötəbər təşkilatlarda yüksək mövqeyə sahib olması bir reallıqdır” Bəhruz Quliyev

image

"Azərbaycan dövləti müasir dünyanın siyasi tarixində özünün mötəbər imzasını qoyur və bu imza gələcək nəsillər üçün də bir örnəkdir". Bu fikirləri Olaylar.az -a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin apardığı uğurlu siyasəti, o cümlədən, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artırılması istiqamətində gördüyü davamlı işlərini şərh edərkən deyib.Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycan özündə 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi qəbul etdi və həmin faktın özü artıq sübut edir ki, belə bir nüfuzlu beynəlxalq təşkilata sədrlik etmək ölkəmizə verilən ən ali qiymətlərdən biridir: "Əlbəttə ki, Hərəkatın prioritet məsələləri daim dünya ictimaiyyətinin diqqəti mərkəzində olur və cənab İlham Əliyev sədrliyi qəbul edərkən bir sıra əhəmiyyətli məqamlara toxunaraq vurğuladı ki, təşkilatın bütün üzvləri, o cümlədən Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərini artırmalıdır. Həmçinin qeyd olunub ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək. Təkcə bu kimi mühüm prinsipin təhlilini apararsaq belə bir nəticə hasil etmək olar ki, artıq Azərbaycan dövləti Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsini çox əhəmiyyətli hesab edir. Əlbəttə ki, bu eyni zamanda Azərbaycanın sabit və tərəqqi edən ölkə olması ilə yanaşı, həm də iqtisadi cəhətdən dinamik inkişaf yolu tutmasının, habelə digər sahələrdə də eyni mövqeni nümayiş etdirməsinin sübutudur.Baxın, ölkə başçımızın da vurğuladığı kimi, Azərbaycan dövləti 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitar və texniki yardımlar göstərib. Ölkəmiz Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarını inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir və s. O cümlədən, Qoşulmama Hərəkatının 2030-cu ilə qədər fəaliyyətində də ölkəmizin sədrliyinin öz töhfələri olacaq. Bakı görüşündə həmin ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində göstərilən səylərin artırılmasının, iqlim dəyişikliyi, miqrasiya, qaçqın və köçkün problemlərinin qarşısının alınmasının, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasının, transmilli cinayətkarlığa qarşı mübarizənin, kütləvi qırğın silahların yayılmasının qarşısının alınmasının, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin önəmi vurğulandı, Qoşulmama Hərəkatına üzv dövlətlərin bu sahədə birgə əməkdaşlığının vacibliyi diqqətə çatdırıldı ki, bu da ölkəmizin beynəlxalq aləmdəki söz sahibliyi funksiyasını təsdiq etmiş oldu. Əbəs deyil ki, çıxış edən xarici qonaqlar və s. Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə cənab İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına minnətdarlıqlarını bildirdilər. Bu, bilavasitə beynəlxalq aləm tərəfindən dövlətimizə göstərilən yüksək inam və ali etimaddır".Bəhruz Quliyev Qoşulmama Hərəkatında Azərbaycanın əldə etdiyi daha bir fakta da toxunaraq bildirdi ki, dövlət başçımız elektrik enerjisinin istehsalı üçün Azərbaycanda ancaq ekoloji təmiz qaz və su elektrik stansiyalarından istifadə olunduğunu vurğulayıb və eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək elektrik enerjisinin əlçatanlıq əmsalına görə ölkəmizin dünyada ikinci yerdə olduğunu xatırladıb: "Söz yox ki, ölkəmizin iqtisadi, enerji və s. sahələri ilə yanaşı, kosmik inkişaf mərhələsini də sürətlə keçməsi təkzibolunmaz faktlara əsaslanır. Bu baxımdan, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi Azərbaycanın mötəbər təşkilatlarda yüksək mövqeyə sahib olması bir reallıqdır. Ümumiyyətlə, əldə edilən nailiyyətlərimizin təməlində dayanan gerçəklik amili həm də budur ki, bu gün Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət həm xalqımız tərəfindən, həm də beynəlxalq qurumlar tərəfindən dəstəklənir, alqışlanır. Qoşulmama Hərəkatının Bakıda keçirilməsi, ölkəmizin bu quruma sədrliyə keçməsi də qeyd edilən bütün fikirlərin danılmaz sübutudur".

sia.az

Digər xəbərlər