Siyasət

  • 3 366

Təsdiqlənən büdcə Azərbaycan tarixinin ən böyük büdcəsidir

image

"Büdcə manat ifadəsində Azərbaycan tarixinin ən böyük büdcəsidir. Eyni zamanda büdcə gəlirlərinin, həm də xərclərinin artımı planlaşdırılır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.Deputat bildirib ki, büdcə gəlirləri 966 milyon, xərcələri isə 1,7 milyard manat artacaq: “Əsas məsələlərdən biri ondan ibarətdir ki, büdcədə neftin qiyməti keçən ildə 60 dollardan fərqli olaraq bu il 55 dollar götürüləcək. Bununla yanaşı bildirmək lazımdır ki, büdcənin neft gəlirləri 170 milyon manat azalıb. Dövlət neft fondundan büdcəyə transferin həcmi 14 milyon manat azalıb. Əvəzində isə qeyri-neft sektorunun büdcəyə köçürmələrin həcmi 1,1 milyard manat artmışdır. Bu o deməkdir ki, ölkədə aparılan sosial-iqtisadi islahatların nəticəsi var. Büdcənin qeyri-neft gəlirləri daha çox artır. Bu dinamika kifayət qədər böyükdür”.Onun sözlərinə görə, 2021-2022-ci illərdə də qeyri-neft sektorundan gələn gəlirlərin büdcədə əsasən artım dinamikasını müşahidə edəcəyik: “Xərclərə baxsaq xərclərin ən böyük hissəsi 38,5 faizi sosial xərclərə yönələcək. Bu da Azərbaycanın büdcəsi tarixində ilk dəfə ən böyük paya sosial xərclərin malik olacağı deməkdir. Keçən il bu rəqəm 32,5 faiz idi. Xərclərin böyük bir hissəsinin sosial xərclərə ayrılması 2019-cu ildə cənab Prezident tərəfindən həyata keçirilən iki mühim böyük sosial paketin, minimum əmək haqqının artırılması, pensiya təminatlarının artırılması, eyni zamanda növbəti ildən etibarən pensiya, əmək haqqı və müavinətlərin artırılması ilə bağlı ümumilikdə bütöv həyat tərzinin yaxşılaşdırılması ilə bağlıdır. Bunlara misal olaraq qaçqınlar və məcburi köçkünlər üçün mənzil tikintisi və s. ilə bağlı xərclərin hamısı birlikdə kifayət qədər böyük bir sosial xərcləri əhatə edir”.T.Mirkişili vurğulayıb ki, həmçinin büdcədə investisiya xərcləri üçün də təxminən 5 milyard manata yaxın vəsait nəzərdə tutulub: “Bu da büdcənin həm sosial, həm də investisiya yönümlü olduğunu deməyə əsas verir. İnvestisiya xərclərinin əsas istiqamətlərinə fikir versək bunlar nəqliyyat layihələri, sosial layihələr, infrastruktur layihələri, kənd təssərrüfatına dəstək layihələri investisiya xərclərinin içində müəyyən istiqamət tutur”.Deputat qeyd edib ki, digər istiqamətlərdən biri ordu quruculuğu prosesini dəstəkləmək, bununla yanaşı hüquq-mühafizə orqanlarında gedən islahatları dəstəkləmək üçün məbləğin artırılması planlaşdırılıb. “Mühim istiqamətlərdən biri də bildiyiniz kimi yanvarın 1-dən etibarən tibbi sığorta fəaliyyətə başlayır. Tibbi sığortanın maliyyələşdirilməsi üçün büdcədən təxminən 1 milyard manata yaxın vəsait ayrılıb ki, bu da Azərbaycan əhalisi üçün kifayət qədər mühim bir yenilikdir. Ümumilikdə götürsək təhsil sahəsinə təxminən 13 milyon manat, səhiyyə sahəsinə təxminən 570 milyon manatdan çox əlavə vəsaitin ayrılması planlaşdırılır. Qeyd etmək lazımdır ki, bütün bunlardan başqa növbəti ildə sosial-iqtisadi islahatların dəstəklənməsi və aparılması üçün büdcədə ehtiyyat kimi 1 milyard manata yaxın vəsait nəzərdə tutulub ki, bu da əslində növbəti ildə islahatların nəticəsi olaraq əhalinin daha çox sosial təminatdan və cənab Prezidentin həyata keçirdiyi iqtisadi islahatlardan yararlanmasına imkan verəcəkdir”.

sia.az

Digər xəbərlər