Siyasət

  • 4 289

"Prezidentin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev qarşıya respublikamızda sosial sferanı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Bu hədəfə çatmaq üçün ölkəmizdə bilavasitə insanların həyat şəraitinin daha da yaxşılaşmasına, onların gəlir imkanlarının mütəmadi qaydada artırılmasına, müxtəlif xidmətlərin əlçatanlığının təmin olunmasına hesablanan islahatlar aparılır, hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvidə çoxsaylı tədbirlər reallaşdırılır". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.Deputatın sözlərinə görə, həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, son 16 ildə Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa nail olub və MDB-də lider mövqeyə yüksəlib: "BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan respublikamızda hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlət başçımız respublikamızda reallaşdırılan sosial siyasətin birmənalı olduğunu xüsusi olaraq nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: “Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir”.Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşıdan gələn dövrdə əhalinin sosial durumunun daha da yüksəldilməsi prioritet təşkil edəcək. Praqmatik siyasətçi olan Prezident İlham Əliyevin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Belə ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin arxada qalan dövrü ərzində iki böyük sosial islahat paketi təsdiqləyib.Respublikamızda cari ilin əvvəlindən reallaşdırılan sosial islahatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin effektivliyini, yüksək praktiki nəticələr verdiyini təsdiqləyirsə, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial islahatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bu il ərzində əməkhaqları, pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar isə əhalinin rifah halının yüksəlməsinə xidmət edir".

sia.az

Digər xəbərlər