Siyasət

  • 3 880

Bir illik cəbhə hakimiyyəti fiqurlarının fəaliyyəti beynəlxalq müzakirə müstəvisində - PREZİDENTİN İTTİHAMLARININ BEYNƏLXALQ HƏDƏFLƏRİ...

image

Rasim Quliyev: "Bu amil Azərbaycanın imicinə zərbə vurduğu, qonşularımızla münasibətləri korladığı üçün Cənab Prezident dövlətin nüfuzunu düşünərək bu mövzulara bir daha toxunmağı zəruri bilir"

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından olan bir qrup din xadimindən ibarət nümayəndə heyəti ilə görüşündə bir daha AXC hakimiyyətinin yarıtmaz fəaliyyətindən danışaraq deyib: “Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər”.Prezident daha sonra bildirib ki, onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrıseçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar: “Təsəvvür edin ki, savadsız bir demoqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi...”.Qeyd edək ki, İlham Əliyev son iki ayda biri-birinin ardınca, əvvəlcə Rusiyada “Valday” klubunda, Aşqabadda MDB dövlət başçıları sammitində , Qoşulmayan ölkələrin Bakı sammitində, iki gün əvvəl dünya din xadimlərinin Bakı toplantısında və nəhayət Rusiya Federasiyası Şimali Qafqazı təmsil edən din xadimləri ilə görüşdə bir daha AXC dövründəki səriştəsiz idatəetmə və yerində olmayan kadr problemlərinə toxunub. Ölkə başçısının beynəlxalq miqyaslı tədbirlərdə dəfələrlə bu mövzuya toxunması hansı effekti verir və verə bilər? Həmin tənqidlərdə adları çəkilən partiya və şəxslər hələ də bu məsələyə cavab vermir, niyə?“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə ilk olaraq Prezidentin həmin dövrdəki idarəetməni niyə səriştəsiz adlandırmasına aydınlıq gətirməklə giriş edək: “Birincisi, burada subordinativ münasibətlərin pozulmasından söhbət gedə bilər. Hamımızın yadındadır ki, o qədər də uzaq olmayan keçmişdə AXC hakimiyyəti dönəmində dövlətin idarə olunmasında doğrudan da sistemsizlik mövcud idi. Məsələn, daxili işlər, müdafiə nazirləri əllərində silahlı dəstələr olduqlarına görə özlərini mütləq hakim sayırdılar. Müstəqil qərarlar qəbul edirdilər. Dövlətin özünün Dağlıq Qarabağ üzrə təyin etdiyi səlahiyyətli nümayəndəsi Surət Hüseynov tabeliyində olan silahlı dəstələrlə öz hakimiyyətinə qarşı silahlı qiyam qaldırdı. Səriştəsiz idarəetməyə aid daha bir misal çəkim. Ələkrəm Hümbətov ayrıca “respublika” elan etdi. O da AXC-nin fəallarından olmuşdu. Son nəticədə dövlət yalnız Bakıdan ibarət oldu. Bu cür problemlərlə üz-üzə qalan hakimiyyət həmin dövrün problemlərini həll etmək iqtidarında deyildi. Onun acı nətəcələrini biz yaxşı gördük. Həmin hakimiyyətin dönəmində xarici siyasətdə də ciddi problemlər vardı. Dövlətin xarici siyasətində konseptual yanaşma olmadığı üçün xarici siyasət rəhbər fərdlərin şəxsi təfəkkürünə uyğun formalaşdırılırdı. Həmin bir il ərzində qonşularımızla münasibətlərdə çox ciddi problerlə üzləşdik. Həmin zaman Azərbaycan dövləti üçün utanc sayıla biləcək dönəmdi. Bu amil Azərbaycanın imicinə zərbə vurduğu, qonşularımızla münasibətləri korladığı üçün cənab Prezident dövlətin nüfuzunu düşünərək bu mövzulara bir daha toxunmağı zəruri bilir.Eyni zamanda, bununla Azərbaycanın hansı çətin dönəmlərdən keçərək bu tərəqqiyyə nail olduğuna işarə edilir. Bizim hazırda, Ermənistan istisna olmaqla, dünyadakı bütün dövlətlərlə normal münasibətimiz formalaşıb. Prezidentin konkret olaraq tənqid etdiyi şəxslərin deməyə nə sözü ola bilər? Çünki həmin vaxt doğrudan da vəzifələr sanki kimin hara xoşuna gəlir prinsipi ilə zəbt edilmişdi. Hazırda olan peşəkar dövlət idarəetməçiliyinin fonunda onlar nə deyə bilər? Ortada müqayisə aparmaq üçün alternaiv olmadığından susmağa üstünlük verirlər. Onların buraxdığı səhvlər nəticəsində parçalanan Azərbaycanı qüdrətli bir dövlət halına gətirən məhz bu iqtidar olub, bunu yaxşı bilirlər”.

"Resurs" Analitik İnformasiya Mərkəzi

Digər xəbərlər