Siyasət

  • 4 417

Prezident İlham Əliyev: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir”

image

Sahil Tahirli yazır...

Son 30 ilin qısa təhlili göstərir ki, Naxçıvan Muxtar Respublikası olduqca çətin və mürəkkəb dönəmlərdən keçərək öz tarixinin ən yüksək inkişaf mərhələsinə gəlib çatıb. 90-cı illərdə Ermənistanın işğalçılığı ilə blokadaya düşən qədim diyar və onun sakinləri ən çətin məqamlarda ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşmiş, ölkəmizin müstəqilliyi və inkişafına layiqli töhfələr vermişlər.
“Biz ulu öndərin siyasətinin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük”
Ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də Naxçıvan Muxtar Respubliksının inkişafını daim diqqət mərkəzində saxlamış, son illlər ərzində bu qədim diyarda böyük investisiya proqramları həyata keçirilmiş və bir-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr icra edilmişdir. Dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfər edən dövlətimizin başçısı bir sıra mühüm əhəmiyyətli sosial obyektlərin açılışında şəxsən iştirak etmiş, muxtar respublikada aparılan işləri yüksək qiymətləndirmişdir: “Biz ulu öndərin siyasətinin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin... Bu səfər mənim Prezident kimi Naxçıvana sayca 14-cü səfərimdir. Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Bu 14 il ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa biz onu da edirik”.
Konkret rəqəmlər və faktlar
Təkcə ötən 10 ilin sosial-iqtisadi mənzərəsinə nəzər saldıqda aydın görünür ki, Naxçıvanda görülən işlər gələcəyə, eyni zamanda mühüm strateji hədəflərə hesablanıb. Belə ki, Naxçıvanda ötən 10 ildə 8 milyard 522 milyon 233 min manatdan çox infrastruktur quruculuğu işləri aparılıb. Bu dövr ərzində muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 100 elm və təhsil müəssisəsi, o cümlədən 20 min 114 şagird yerlik 66 ümumtəhsil məktəbi, 187 inzibati bina, 19 nasos stansiyası, 88 subartezian quyusu, 50 körpü, 216 mədəniyyət obyekti, 113 səhiyyə müəssisəsi, 668 istehsal və xidmət sahəsi, 11 idman və bir sıra digər obyektlər tikilib. Bundan əlavə, bu dövrdə 103 elm və təhsil müəssisəsi, o cümlədən 36 min 786 şagird yerlik 77 ümumtəhsil məktəbi, 81 inzibati bina, 17 nasos stansiyası, 19 subartezian quyusu, 17 körpü, 100 mədəniyyət obyekti, 20 səhiyyə müəssisəsi, 15 idman və bir sıra digər obyektlər yenidən qurulub.Yaşayış məntəqələrinin abadlaşdırılması, yaşayış yerlərində səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində 2009-cu ildən 1 oktyabr 2019-cu il tarixinədək muxtar respublikada 4 qəsəbə və 124 kənd mərkəzi istifadəyə verilib. Bir-birindən əhəmiyyətli su, enerji və kənd təsərrüfatı layihələri icra edilib.Təbii ki, sadalanan bu rəqəmlər görülən işlərin bir hissəsidir. Və istər Azərbaycan miqyasında, istərsə də muxtar respublikaya səfər edən böyük rəsmi nümayəndə və qonaqların da etiraf etdiyi kimi, Naxçıvan çətin coğrafi və blokada şəraitində böyük nailiyyətlər əldə edib. İslam Mədəniyyətinin paytaxtı, Azərbaycanın “Gənclər Paytaxtı” ünvanına sahib olub, dünyanın diqqət mərkəzində olan Türkdilli dövlət başçılarının zirvə görüşünə, “Avropa Günləri”nə və Gənc liderlər formuna ev sahibliyi edib, yüzlərlə tarixi abidəyə ikinci həyat verilərək 100 minlərlə turistə qapı açıb...
“Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir”
Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən də Naxçıvanın uğurlu inkişafını bir daha qeyd etdi. Naxçıvan Muxtar Respublikasının inkişafının daim diqqət mərkəzində olduğunu bildirən dövlətimizin başçısı aparılan quruculuq-abadlıq işlərinin məmnunluq doğurduğunu bir daha vurğuladı:
“Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”.
Prezident İlham Əliyev ordu quruculuğu və enerji təhlükəsizliyi istiqamətində görülən işləri də yüksək qiymətləndirdi. Bildirdi ki, bu istiqamətdə də böyük işlər görülüb. Hazırda Naxçıvanda generasiya gücü 220 meqavata yaxındır və sevindirici hal ondan ibarətdir ki, bunun əksəriyyəti bərpaolunan enerji növləridir. Su və Günəş elektrik stansiyalarının tikintisi geniş vüsət alıb. Hazırda uzun illər üzərində işlədiyimiz və İran İslam Respublikası ilə imzalanmış anlaşma nəticəsində reallaşan önəmli layihə icra edilir – 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası tikilir.Qeyd olundu ki, əgər 2003-cü ildə muxtar respublikada bir elektrik stansiyası var idisə, hazırda 9 elektrik stansiyası mövcuddur. Bunun da 6-sı bərpaolunan enerji sistemləridir. Əgər 2003-cü ildə muxtar respublika 1 milyard kilovatsaata yaxın enerji idxal etmişdisə, 2018-ci ildə 35 milyon kilovatsaata yaxın ixrac edibdir.
“Bu, doğrudan da tarixi nailiyyətdir”
Prezident İlham Əliyev qazanılan nəticəni tarixi nailiyyət adlandırdı: “Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir. Bir neçə il bundan əvvəl bunu təsəvvür etmək belə mümkün deyildi, bu gün reallıqdır. Şadam ki, bərpaolunan enerjinin ümumi enerji balansındakı payı getdikcə artır və Ordubad Su Elektrik Stansiyasının istifadəyə verilməsi nəticəsində prinsip etibarilə Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına qarşılayacaqdır”.
Görüşdə muxtar respublikada uğurla reallaşdırılan yol tikinti layihələri, o cümlədən kənd yollarının bərpası, bu istiqamətdə ayrılan vəsaitlərdən muxtar respublikada səmərəli və yerində istifadə edilməsi, Şərur Sənaye Məhəlləsinin yaradılması istiqamətində aparılan işlər, yerli büdcənin formalaşdırılmasının perspektivləri, yeni Xalça fabrikinin qurulması məsələlərinə də toxunuldu, bütün bu işlərin muxtar respublikanın inkişafına verəcəyi töhfələr, yeni iş yerlərinin açılmasındakı əhəmiyyəti qeyd olundu.
“Naxçıvan özünü taxılla tam təmin edir”
Bir zamanlar çörəklə imatahana çəkilən, axşam saatlarından çörək növbələrində dayanan naxçıvanlılar müstəqilliyin bəhrələrini öz gündəlik həyatlarında yaxından hiss edirlər.
Qəbul zamanı da vurğulandığı kimi, artıq bir neçə ildir ki, Naxçıvan özünü taxılla tam təmin edir və məhsuldarlıq da yaxşıdır. Kənd təsərrüfatının inkişafı üçün pivot suvarma qurğularının alınması məqsədilə vəsait ayrılıb, eyni zamanda, Süni Mayalanma Mərkəzinin tikintisi aparılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi, bu illər ərzində 4 min hektara yaxın ərazidə yeraltı suvarma şəbəkələri qurulmuş, 160-dan yuxarı artezian quyusu qazılmış və kəhrizlər bərpa olunmuşdur. Bunun hesabına 2003-cü ildə muxtar respublikanın əkinə yararlı torpaqları 39 min hektarı əhatə edirdisə, Heydər Əliyev su anbarı istifadəyə verildikdən və yeraltı suvarma şəbəkələri qurulandan sonra bu gün artıq 62 min hektar əkinəyararlı torpaqlardan istifadə olunur və muxtar respublika özünü ərzaqla tam təmin edə bilir:
Ali Məclisin Sədri, sitat:
“Deyə bilərik ki, Sizin rəhbərliyinizlə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyi məsələləri tam təmin olunubdur”.

Bir məqama da toxunaq ki, aparılan sistemli tədbirlər nəticəsində Naxçıvanın ixrac imkanları da xeyli dərəcədə artıb. Muxtar respublika indi dünyanın onlarla muxtəlif ölkəsinə yerli istehsal məhsullarını ixrac edir. Və təbii ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları getdikcə daha da genişlənir.
“Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək”
“Müdriklərin yolunu müdriklər davam etdirməlidir”,- tezisi ölkəmizin son illərdə uğurlu inkişafında da dolğun əks olunur. İstər Azərbaycanda, istərsə də onun qədim diyarı Naxçıvanda ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsi hər birimizi gələcəyə daha inamla baxmağa sövq edir. Dövlət başçımızın Naxçıvan Muxtar Respublikasına gündəlik diqqət və qayğısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun böyük vətənpərvərlik ruhu və yüksək idarəçiliyi ilə həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatalar hər bir muxtar respublika sakinini sevindirir və bu torpağa daha dərin bağlarla bağlayır. Hər kəs növbəti illərin daha böyük uğurlarla yadda qalacağına əmindir:
Prezident cənab İlham Əliyevin dediyi kimi:
“Çox yaxşı. Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.

Digər xəbərlər