Siyasət

  • 3 227

"Respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb" ÖZƏL-MÜNASİBƏT

image

"Son 16 ildə ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasətinin prioritetlərindən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib və hazırda bu proqramın da icrası yüksək səviyyədə təmin edilir". Bunu SİA-ya millət vəkili Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib: "İnkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşmaması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmnunluq hissi yaradır.Bu yaxınlarda Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Dövlət başçısı bu səfəri çərçivəsində hər iki rayonda son vaxtlarda görülən işlərlə tanış olub, bir sıra infrastruktur və istehsal təyinatlı obyektlərin açılışına qatılıb və Özünün dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyevin regionlara səfərləri zamanı diqqəti çəkən əsas məqamlardan biri də dövlət başçısının ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə sıx təmaslar qurmasıdır. Bu kontekstdə dövlət başçısının yuxarıda bəhs olunan rayonlara növbəti səfəri də respublikamızda uğurla reallaşdırılan dövlət siyasətinin identikliyini - bu siyasətin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalaşdığını və onun əsas qayəsinin vətəndaşların arzu və istəklərinin həyata keçirilməsi olduğunu bir daha nümayiş etdirir. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvənir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, bütün məmurların ən ümdə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birliyi formalaşıb.Son 16 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır.Biz dövlət başçımızın fəaliyyəti üçün səciyyəvi olan bu cəhəti həmçinin Onun Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin səmimiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Elə Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışı zamanı da Prezident İlham Əliyev vurğulayıb ki, O, problemlərin həllinə nail olmaq üçün regionlara müntəzəm səfərlər edir, bu barədə məhz vətəndaşların dilindən eşitmək istəyir.Bütövlükdə, Prezident İlham Əliyevin fəaliyyətini məhz milli maraqlar üzərində qurması, daim insanların arzu və istəklərini yerinə yetirməyə çalışması öz növbəsində cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırdığı siyasətə böyük inamı daha da gücləndirir".

sia.az

Digər xəbərlər