Siyasət

  • 3 717

YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

image

Noyabr 19-da Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəalları iştirak etdilər. İlk öncə tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olundu.
Video-çarxın nümayişindən sonra çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov partiyanın keçdiyi şərəfli yoldan danışdı. " Ötən dövrə nəzər salsaq əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Təkcə ölkəmizdə deyil, Cənubi Qafqaz regionunda ictimai və siyasi nüfuzuna görə Yeni Azərbaycan Partiyası ilə müqayisə edilə biləcək digər partiya mövcud deyil. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib" - deyə bildirildi.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Əli Kərimov çıxışında qeyd etdi ki, müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla Yeni Azərbaycan Partiyası tərəfindən davam etdirilir, nəticəsi misilsiz nailiyyətləri olan alternativsiz siyasi kursla müşayiət olunur. Son illərin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu həqiqətin əsasını cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin fəallarından olan Aysel Qəribli, Şəbnəm Səfərova, Vilayət Mirzəyev çıxışlarında qeyd etdilər ki, ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib.
Ulu öndərin Gənclər siyasəti bu gün də uğurla davam etdirilir. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzindədir.
Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyi üzvlərinin Fəxri Fərmanlarla təltif olunması və partiya sıralarına yeni qəbul edilmiş gənclərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.

yap.org.az

Digər xəbərlər