Siyasət

  • 3 451

"Səfər Azərbaycan-Rusiya əməkdaşlığını gücləndirəcək" ŞƏRH-ÖZƏL

image

“Azərbaycan-Rusiya münasibətlərinin hazırda artan dinamika üzrə inkişaf sürəti əldə edərək yeni mərhələyə çıxdığını söyləməyə yetərli əsaslar var. Bu münasibətlərin bütün regionun taleyini həll edən faktora çevrildiyini indi bütün qüvvələr başa düşür”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.O bildirib ki, Azərbaycan-Rusiya münasibətləri regionumuzda əsas sülh, təhlükəsizlik, inkişaf və rifah mənbəyinə çevrilib.A.Quliyev söyləyib ki, bu mənada atılan hər addım, o cümlədən Mehriban xanım Əliyevanın Moskvadakı görüş və müzakirələrinin yekunlarını bütünlükdə regional vəziyyətə necə təsir göstərmək kontekstində nəzərdən keçirmək lazımdır: “Mehriban xanım Əliyevanın səfərinə Rusiyanın özündə də göstərilən böyük maraq sübut edir ki, bu ölkənin elitası da Azərbaycan-Rusiya münasibətlərinin gücünə xüsusi önəm verir”.Ekspert vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı müzakirələr bugünkü Azərbaycan-Rusiya gündəminin bütün mənzərəsini sözsüz ki, əhatə etdi: “Lakin bundan daha artıq qeyd edilməli olan odur ki, ikitərəfli münasibətlərin inkişafının yeni imkan və istiqamətlərinin reallaşmasına daha münbit şərait açıldı. Diqqət etdinizsə, Rusiya mediasının sualları arasında Mehriban xanımın Rusiya-Azərbaycan münasibətlərinin hansı istiqamətlərində daha üstün perspektivlər gördüyünə ayrıca diqqət verilirdi. 2024-cü ilə qədər dövr üçün iki ölkənin əməkdaşlıq planları 5 yol xəritəsini əhatə edir. Bunlar ticarət, birgə müəssisələr, vergi, humanitar və digər mühüm sahələri əhatə edir. Proseslər göstərir ki, Mehriban xanım Əliyevanın səfəri Azərbaycan-Rusiya əməkdaşlığının gündəmini əsaslı şəkildə zənginləşdirmək gücündədir”.Baş redaktorun fikrincə, sözsüz ki, iki ölkənin əməkdaşlığına dair yol xəritələrinin həm məzmunu, həm də sayı zənginləşəcək, yeni yol xəritələrinin yaranma ehtimalı da çox realdır: “Xüsusilə iki ölkənin qeyri-neft sektorunda əməkdaşlığı, aqrar, ticarət, turizm, humanitar və elmi texnologiyalar sahəsində əməkdaşlığda mühüm proseslər başlayacaq”.A.Quliyev qeyd edib ki, Azərbaycanın Rusiyaya aqrar məhsullar ixracında əsl sıçrayışlar gözlənilir: “Hazırkı 600 milyon dollarlıq aqrar ticarətin həcmı xeyli artacaq. Turizm sahəsində əməkdaşlığın ikiqat artım imkanları var. Ən mühüm inkişaf sözsüz ki, humanitar, mədəni sferada gözlənilir. Mehriban xanım Əliyeva indiyə qədər də bu sahədə böyük işlər görüb. Bu o deməkdir ki, Birinci xanım humanitar əməkdaşlığın iki ölkə arasında strateji təsir gücünə malik olduğuna lazımi qiyməti verə bilir. Yaxın tarixdə gördük ki, iki ölkənin əlaqələri bəzən iqtisadi, ticarət, hərbi sahədə nisbətən zəifləyəndə humanitar-mədəni əlaqələr bu münasibətlərin yenidən bərpa olunmasında və inkişafa başlamasında əsl detonator rolunu oynayıb. Sovet İttufaqı dağılanda bu iki ölkənin iqtisadi-ticarət əlaqələri demək olar ki ,tam qırılmışdı. Lakin humanitar sahədə az da olsa mövcudluğunu saxlayan eyni dəyərlərə hörmət başqa sahələrdə qırılmış əlaqələri bərpa etdi. Mehriban xanımın Azərbaycan-Rusiya münasibətlərində humanitar, mədəni əməkdaşlığa böyük önəm verməsi o deməkdir ki, iki ölkənin bütün sahələrdə dinamik inkişafının gələcəyi böyük təminat altındadır. Humanitar əlaqələr dərin deyilsə, xalqlar bir-birini başa düşüb dəyər vermirsə, əslində başqa sahələrdə əməkdaşlıqdan danışmaq mümkün deyil. Mehriban xanımın Rusiya səfərinin mühüm strateji mesajlarından biri budur”.

sia.az

Digər xəbərlər