"Gənclərimiz Azərbaycanın inkişafında aparıcı rol oynamalıdırlar" RƏY-ÖZƏL

"Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdə çıxışının ana xətti ondan ibarətdir ki, Azərbaycan bundan sonrakı inkişafında da yalnız özünə güvənməlidir və bu prosesdə gənclərimiz aparıcı rol oynamalıdır". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O bildirib ki, ölkə başçısının da qeyd etdiyi kimi gənclərimiz tariximizə sahib çıxmalı, milli adət-ənənələrimizə sadiq olmalıdır: "Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Ölkə başçısı vurğuladı ki, Azərbaycan gəncləri tariximizi dərindən bilməli, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar".Prezident İlham Əliyevin Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan söz açdığını deyən S. Hüseynova söyləıyib ki, dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizin beynəlxalq nüfuzu artıb: "Atılan uğurlu addımlar nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimiz möhkəmlənib. Xüsusilə, dünyada baş verən proseslərə, ikili standartlara toxunan Prezident İlham Əliyev vurğuladı ki, müəyyən xarici dairələr Azərbaycanın inkişafını istəmir. Ona görə də, biz həmrəylik nümayiş etdirməli, yalnız öz birliyimizə, öz gücümüzə güvənməliyik. Azərbaycan vətəndaşları bundan sonra da Prezidentimizin ətrafında sıx birləşməli, milli mənəvi dəyərlərimizi qorumalı, vətəndaşlarımız gələcək inkişafımız naminə bütün imkanlarını səfərbər etməlidir”.Deputat əlavə edib ki, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir: "Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədlərindən biri yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir".

sia.az