Siyasət

  • 3 363

Tariximizin ən böyük zirvəsi

image

Hər bir qələm adamı, yazar üçün ən məsuliyyətli və ən şərəfli bir mövzuya müraciət etmək cəsarətini özümdə necə tapa bildim, bilmirəm. Amma tapdım. Bəlkə də bu ölməz düha ilə bir neçə dəfə görüşməyim, həmin görüşlərdəki səmimiyyəti, millətinə, canından çox sevdiyi Azərbaycana bəslədiyi qeyri-adi sevgini şəxsən duymağım məndə belə bir cəsarətə rəvac verdi. Böyük mütəfəkkir Karl Marksın dostu Fridrix Engelsə məktubundan bir cümləni xatırladım: «Dünyada ən böyük tarix yaradan türklərdir ki, yaratdıqları tarixi yazmaqda da ən tənbəl xalq yenə türklərdir!» K.Marksın fikrini bu günə kimi təkzib edən nə bir tarixçi, nə də bir siyasətşünas olmayıb. Nə yazıqlar ki, bu bir gerçəkdir və bizlər yaratdığımız, bəşəriyyətin inkişafında ən böyük rol oynayan tariximizi hələ də doğru-düzgün öyrənə və öyrədə bilmirik. Bu baxımdan, yaxın keçmişimizin gerçəklərini və ümumən, dünyaya yenilik gətirən bu gerçəkliyin müəllifini, memarını və banisini daha dərindən öyrənməyimizə, gələcək nəsillərə də öyrətməyimizə ehtiyac var. Təbii, oxucum söhbətin Azərbaycan tarixinin ən qüdrətli simalarından biri, ötən əsrin sonlarında dünyanın düzəninə yenilik bəxş etmək qədər əzəmətli bir missiyanı fenomen bacarıqla yerinə yetirən Ümummilli Lider HEYDƏR ƏLİYEVDƏN getdiyini anladı. Atilladan başlamış Nadir şaha qədər, zaman-zaman tarixin təkərini mənsub olduğu xalqın arzuları istiqamətinə döndərməyi bacaran böyük sərkərdələr yetişdirən Azərbaycan türkü, ötən minilliyin sonunda yenidən bu missiyanı böyük əzəmətlə həyata keçirən bir dühanı bəxş etdi bəşəriyyətə. Belə bir düha haqqında bir köşə yazısında heç bir qələm adamı qəlbindəki istəklərini tam əks etdirən yazı ortaya qoya bilməz. Fəqət, Ulu Öndərin anım günü ərəfəsində susmağı da hər qələm adamı bacarmaz. Susmayıb yazmaq, istədiklərini kiçik bir köşə yazısına sığışdıra bilmədiyindən qələm adamı az sözlə daha geniş fikirlər səsləndirmək üçün bütün söz ehtiyatını səfərbər etməlidir. Mən də belə etmək istədim. Ancaq bir zamanlar şəxsən görüşmək, saatlarla fikir mübadiləsi aparmaq nəsib olmuş adi bir insan hansı qüdrətli sözlərdən istifadə etməlidir ki, Onun əzəmətini, fenomen fəaliyyətini, sevgilərlə dolu dünyasını əks etdirə bilsin? Bir zamanlar böyük şairimiz Rəsul Rza kommunist ideologiyası rəhbərlərinin təzyiqi ilə “Lenin” poeması yazmışdı. Həmin poemada dünyanın bütün peşələrinin ən ustadı kimi təqdim olunan Lenin haqqında düşünəndə, nədənsə, həmişə mənə elə gəlirdi ki, böyük şair sanki Azərbaycanın böyük düha sahibinin gələcəyinə inanmış və Lenini bəhanə edərək, o düha sahibini bu qədər güclü qələmlə vəsf etmişdi. Əminliklə deyərdim ki, əgər R.Rza bu gün yaşasaydı, həmin misraları, məhz HEYDƏR ƏLİYEVƏ ithaf etdiyini açıq deyərdi. Çünki böyük dühaların qüdrətini özündə əks etdirən həmin misralar Lenin kimi şəxsi intiqamçıya deyil, məhz Ulu Öndər kimi Vətən, Xalq fədaisinə daha çox yaraşardı. Şübhə etmirik ki, zaman gələcək, HEYDƏR ƏLİYEV dühasının millətə qoyub getdiyi irsin nə qədər əzəmətli olduğunu görüb, qələminin gücünə inanan bir söz bahadırı çıxacaq və bu əzəmətə layiq misraları ard-arda düzəcək. İndilikdə isə, bu böyük AZƏRBAYCANLI haqqında hələ də o əzəməti özündə ehtiva edən və hər kəsin ürəyini təlatümə gətirən misraların yolunu gözləməkdəyik. Bəlkə də kimsə buna cəsarət etməkdən çəkinir. Ancaq əminik ki, bir gün xalqımıza belə bir qüdrəti bəxş edən Tanrı, o qüdrətin əzəmətini vəsf edə biləcək bir söz sərrafını da bəxş edəcək...

QƏBRİN NURLA DOLSUN, BÖYÜK AZƏRBAYCANLI!

Təhmasib Novruzov

Digər xəbərlər