Siyasət

  • 3 781

"Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün Azərbaycan xalqı öz Ulu Öndərini şükran və rəhmətlə anır. Ümummilli Liderimizin Azərbaycanda hakimiyyətə gəlməsi əslində Azərbaycanın, Azərbaycan dövlətçiliyinin xilası oldu, Azərbaycanın yeni mərhələdə inkişafının əsaslarını yaratdı". Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, böyük dövlət xadimi Ulu Öndər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gəldi: "Çünki, əslində “91-lər”in müraciəti Azərbaycan xalqının müdrikliyinin ümumiləşmiş bir forması idi ki, bu özündə dövlətçiliyimizi xilas etməyi ehtiva edirdi. Böyük dövlət xadimi Heydər Əliyev məhz belə bir tarixi mərhələdə bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanda xalqın dəvəti ilə hakimiyyətə gəldi və Azərbaycan dövlətçiliyini xilas etdi. Bu Onun Azərbaycan dövlətini xilas etmək missiyası idi. Əlbəttə ki, ilk növbədə Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək lazım idi ki, bu çox mürəkkəb bir məsələ idi. Çünki Azərbaycanda vətəndaş müharibəsi başlamışdı, etnik, regional separatçılıq var idi. Bir tərəfdən də Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilirdi. Belə bir mərhələdə atəşkəsə nail olmaq, Azərbaycanda etnik-separatçılığın qarşısını almaq, ictimai-siyasi həmrəyliyi təmin etmək, çökən bütün dəyərlərin yerinə yeni dəyərlər təqdim etməyi bacarmaq, eyni zamanda Azərbaycanda ictimai harmoniyanı, ictimai rəyi və s. təmin etmək çox mürəkkəb bir məsələ idi. Bunların hər biri ayrılıqda mühüm bir tarixi hadisə idi. Böyük dövlət xadimi öz təcrübəsinə əsaslanaraq, öz siyasi iradəsinə söykənərək bunların hamısını həll etdi və bundan sonra Azərbaycan dövlətinin hüquqi, iqtisadi əsaslarını, siyasi və mənəvi əsaslarını formalaşdırmaqla sonrakı mərhələdə Azərbaycan dövlətinin inkişafını təmin etmiş oldu. Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridir. Bu gün Azərbaycan Prezidenti tərəfindən ölkəmizin beynəlxalq nüfuzunun artırılması ilə bağlı görülən işlər, Azərbaycanın sosial, hüquqi dövlət kimi inkişaf etdirilməsi məhz Ulu Öndərin əsasını qoyduğu iqtisadi, siyasi, mənəvi, hüquqi hadisələr üzərində baş tutmaqdadır ki, bu da Azərbaycan xalqına böyük rifah, onun dövlətçiliyinin rifahı üçün yeni şərtlər yaradır”.

sia.az

Digər xəbərlər